Tələbələrin və müəllimlərin taleyi ilə bağlı heç bir sual yoxdur – Rektordan açıqlama
"Naxçıvan Müəllimlər İnstitutunun Naxçıvan Dövlət Universitetinə birləşdirilməsi ilə bağlı hökumət müvafiq qərarı verib. Hazırda Elm və Təhsil Nazirliyində müəyyən prosedurların həyata keçirilməsi üçün müvafiq komissiya yaradılıb".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib.
Rektor bildirib ki, yaxın günlərdə komissiyanın fəaliyyəti ilə bağlı məlumatlar mətbuata açıqlanacaq: "Burada tələbələrin və müəllimlərin taleyi ilə bağlı heç bir sual yoxdur. Oradakı ixtisasların hamısı Naxçıvan Dövlət Universitetinin ixtisaslarına uyğun ixtisaslardır. Tələbələr öz ixtisaslarında, öz arzuları olan və təhsil aldıqları ixtisaslar üzrə təhsillərini davam etdirəcəklər və Naxçıvan Dövlət Universitetinin diplomunu alacaqlar".




