“Təmayül seçimi “ixtisas seçimi” ilə eyniləşdirilməməlidir” – Metodist

28 Avqust, 2026 - 16:01
“Təmayül seçimi “ixtisas seçimi” ilə eyniləşdirilməməlidir”

Təhsil sistemində şagirdlərin fərdi maraq və bacarıqlarına uyğun istiqamətləndirilməsi getdikcə daha çox əhəmiyyət qazanır. Yeni təmayül tədris modelinin tətbiqi də məhz bu baxımdan təhsildə yanaşmaların dəyişməsinə hesablanıb. Modelin şagirdlərin fənn seçiminə, tədris prosesinə və gələcək karyera planlarına necə təsir edəcəyi maraq doğurur. Bu model təhsilin keyfiyyəti, ali təhsilə əlçatanlığı artırmaqla yanaşı, həm də şagirdlərin gələcək peşə seçiminin daha erkən yaşlardan istiqamətləndirilməsinə səbəb olurmu? 

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi və metodisti Bahar Əbülfət bildirib ki, yeni təmayül tədris modelinin əsas məqsədi şagirdləri daha aşağı siniflərdən konkret ixtisas seçiminə yönəltmək deyil:
“Burada əsas hədəf şagirdin yuxarı siniflərdə, xüsusilə də abituriyentlik dövründə qarşılaşdığı böyük akademik və psixoloji yükü daha düzgün təşkil etmək, onun maraq və meyillərinə uyğun istiqamətdə daha səmərəli hazırlaşmasına imkan yaratmaqdır.

Bu modelin tətbiqi ilə şagird bütün fənləri eyni intensivlikdə mənimsəmək məcburiyyətində qalmadan, gələcək təhsil istiqaməti və maraqları ilə əlaqəli olan fənlərə daha çox vaxt və diqqət ayıra biləcək. Bu isə həm tədris prosesinin fərdiləşdirilməsinə, həm də şagirdin vaxt və enerjisindən daha səmərəli istifadəsinə şərait yaradacaq.

Burada bir vacib məqam odur ki, təmayül seçimi “ixtisas seçimi” ilə eyniləşdirilməməlidir. Şagirdin müəyyən istiqamət üzrə daha dərindən çalışması onun gələcəkdə mütləq həmin sahədə ixtisaslaşacağı anlamına gəlmir. Əksinə, bu model şagirdə öz maraqlarını və potensialını daha yaxşı tanımaq, hansı sahədə daha uğurlu ola biləcəyini sınamaq və gələcək ixtisas seçimini daha şüurlu şəkildə etmək üçün imkan yarada bilər.

Müsahibimiz hesab edir ki, bu yanaşma imtahanın həyatın mərkəzinə çevrilməsinin qarşısını almaq baxımından da əhəmiyyətlidir:
“Abituriyentlik dövrü onsuz da kifayət qədər ciddi mənəvi və fiziki yük yaradır. Təmayül modeli həmin yükü azaltmaqla yanaşı, şagirdin öyrənməyə münasibətini də daha sağlam istiqamətə yönəldə bilər. Məqsəd sadəcə daha çox test həll edən abituriyent yetişdirmək deyil, nəyi, niyə və hansı məqsədlə öyrəndiyini anlayan, öz potensialından səmərəli istifadə edə bilən şagird formalaşdırmaqdır.

Ona görə də mən bu modeli şagirdin gələcək ixtisasını erkən yaşda müəyyənləşdirən deyil, gələcək seçimlərini daha şüurlu və əsaslandırılmış etməsinə şərait yaradan bir mexanizm kimi qiymətləndirərdim”.