Təmiz ətraf mühitdə yaşamağın faydasını əyani yollarla təbliğ edirik - Ən yaxşı "yaşıl" sinfin müəllimi
Gəncə şəhərinin N. Rəfibəyli adına 43 nömrəli tam orta məktəbi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirdiyi müsabiqədə “Ən yaxşı yaşıl sinif" nominasiyası üzrə birinci yerə layiq görülüb.
“Azərbaycan müəllimi” regionun ən yaxşı “yaşıl" sinfindən reportaj hazırlayıb.
Sinfin qurucusu, biologiya müəllimi Mehriban Hüseynlinin sözlərinə görə, əsas məqsədi dərsləri əyani nümunələrlə keçmək, şagirdlərin biologiya fənninə marağını artırmaq, onlar arasından gələcəyin həkimlərinin, bioloqlarının yetişdirilməsinə nail olmaqdır. 
Mehriban müəllim uzun illərdir şagirdlərin ixtiyarında olan bu sinfin hər il zənginləşdirildiyini, “yaşıl dünya” naminə bir çox işlər həyata keçirdiklərini deyir: “Ekoloji mühitin yaxşılaşdırılmasını, təmiz ətraf mühitdə yaşamağın sağlamlığa müsbət təsir etdiyini, onun faydasını əyani yollarla təbliğ edirik. Eyni zamanda, şagirdlər “yaşıl dünya” ilə əlaqədar təqdimatlar hazırlayır, onlar arasında rəsm müsabiqələri keçirir, açıq dərslər, maarifləndirici seminarlar, ekoloji ekskursiyalar təşkil edirik”.
Şagirdlərinin bilik və bacarıqlarını inkişaf etdirməyə çalışan biologiya müəllimi onların da “yaşıl" sinfə töhfə verdiklərini bildirir. O deyir ki, sinifdəki bir çox nümunələr - herbarilər, tablolar, dərman bitkiləri və s. şagirdlərin əməyinin nəticəsidir.


