Turan Zəkəriyəyeva: Yazı bacarıqları ilə bağlı standartlar əvvəlkindən daha dərindir - MÜSAHİBƏ 

29 Yanvar, 2026 - 10:18
Turan Zəkəriyəyeva: Yazı bacarıqları ilə bağlı standartlar əvvəlkindən daha dərindir

2021-ci ildən Azərbaycanın ümumtəhsil məktəblərində tədris olunan bütün fənn kurikulumları təkmilləşdirilir. Bu islahatların məqsədi dərs məzmununu müasir tələblərə uyğunlaşdırmaq, şagirdlərin bilik və bacarıqlarını praktik şəkildə inkişaf etdirməkdir. Artıq bir sıra fənlər üzrə yenilənmiş kurikulumlar təsdiqlənib və məktəblərdə tətbiq olunur.

Bu prosesin gedişi, müəllimlərin maarifləndirilməsi və xüsusilə dil fənləri üzrə yeniliklər barədə Təhsil İnstitutunun Dil fənlərinin proqramları şöbəsinin müdiri Turan Zəkəriyəyeva ilə söhbətləşdik.

– Turan xanım, kurikulumların təkmilləşdirilməsi prosesi bu gün hansı mərhələdədir?

– Məlum olduğu kimi, 2021-ci ildən Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, məktəblərdə tədris olunan bütün fənlər üzrə kurikulumların yenilənməsi prosesinə start verilib. Bu istiqamətdə artıq 10 fənn üzrə kurikulumlar yenilənərək təsdiqlənib və tətbiq edilir.

Bunlara təbiət fənni üzrə yeni kurikulum, həmçinin riyaziyyat, informatika, fizika, kimya, biologiya, coğrafiya, Azərbaycan dili, ədəbiyyat və həyat bilgisi fənlərinin təkmilləşdirilmiş kurikulumları daxildir.

– Bu sənədlərin müəllimlərə çatdırılması üçün hansı işlər görülür?

– Kurikulumların təsdiqi ilə iş bitmir. Əsas məsələ onların müəllimlər tərəfindən düzgün başa düşülməsi və praktikada səmərəli tətbiqidir. Ona görə də biz maarifləndirici görüşlər təşkil edirik.
Hazırda Bakı şəhərində 10 ümumtəhsil məktəbində paralel şəkildə müxtəlif fənlər üzrə belə görüşlər keçirilir. Hər fənn üzrə təxminən 100 müəllim olmaqla, ümumilikdə 2000 müəllim bu prosesə cəlb olunub. 

– Bu görüşlərdə kimlər iştirak edir və maarifləndirməni kim aparır?

– Hər bir görüşdə kurikulumların hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmiş işçi qruplarının üzvləri çıxış edirlər. Onlar müəllimlərə həm sənədin məzmununu izah edir, həm də tətbiq mexanizmləri ilə bağlı praktiki nümunələr göstərirlər.
Məsələn, Azərbaycan dili üzrə təqdimatları kurikulumun müəllifləri Rafiq İsmayılov və Günel Hüseynova aparırlar.

– Bütün müəllimlər bütün kurikulumlar üzrə maarifləndirilirmi?

– Xeyr. Görüşlər fənlər üzrə ayrıca təşkil olunur. Yəni bir məktəbdə fizika müəllimləri, digərində kimya, başqa birində Azərbaycan dili müəllimləri ilə görüş keçirilir. Bu daha səmərəli formatdır. Çalışırıq ki, ən azı hər məktəbdən bir müəllim iştirak etsin. 

– Bu proses regionları da əhatə edəcəkmi?

– Bəli. Biz 2023-cü ildən başlayaraq regionlarda da bu görüşləri keçiririk. Budəfəki mərhələ Bakı şəhərindədir, növbəti aylarda isə digər bölgələrdə də davam etdiriləcək.

“Arzu edərdik ki, müəllimlər sənədlə tanış olub müzakirəyə gəlsinlər”

– Müəllimlərin marağı necədir?

– Ümumilikdə maraq yüksəkdir. Amma arzu edərdik ki, müəllimlər sənədlə daha ətraflı tanış olub müzakirəyə gəlsinlər. Kurikulumlar məktəblərə göndərilib və Təhsil İnstitutunun saytında da yerləşdirilib. Müəllim sənədi oxuyub gəldikdə müzakirə daha keyfiyyətli və dərin olur.

– Kurikulumların hazırlanması prosesi necə təşkil olunur?

– Hər bir fənn üzrə işçi qrupları yaradılır. Bunun üçün elan verilir, maraqlı mütəxəssislər cəlb olunur. Zərurət olduqda universitetlərdən, akademiyadan, məktəblərdən də mütəxəssislər dəvət edirik.

İşçi qrupları ilə mütəmadi təlimlər keçirilir, həftədə iki dəfə görüşlər olur. Hazırlanan sənədlər rəy üçün müxtəlif qurumlara – ali məktəblərə, Dövlət İmtahan Mərkəzinə, müvafiq şöbələrə göndərilir. Gələn rəylər əsasında sənəd yenidən redaktə olunur və son variant təsdiq üçün nazirə təqdim edilir.

“Kurikulumların məqsədi şagirdi dili praktik şəkildə istifadə edə bilən şəxs kimi yetişdirməkdir”

– Yeni Azərbaycan dili kurikulumu əvvəlkindən nə ilə fərqlənir?

– Əsas fərq ondadır ki, biz dili daha praktik şəkildə öyrətməyə üstünlük vermişik. Şagirdlər yalnız qaydaları əzbərləməməli, oxumağı, yazmağı, dinləməyi və fikrini düzgün ifadə etməyi bacarmalıdır.

Dil qaydaları ayrıca mövzu kimi deyil, mətnlərin, situasiyaların içində öyrədilir. Yəni şagird yazı yazarkən, oxuduğunu anlayarkən, şifahi fikir bildirərkən qaydanı praktikada tətbiq edir. Kurikulumların məqsədi şagirdi dili praktik şəkildə istifadə edə bilən şəxs kimi yetişdirməkdir.

“Yeni kurikulumda yazı bacarıqları ilə bağlı standartlar əvvəlkindən daha geniş və dərindir”

– “İnşa, imla yoxdur” deyənlər də var…

– Bu, düzgün yanaşma deyil. İnşa da var, imla da var. Sadəcə, biz müəllimə sərbəstlik veririk. O, hansı mövzuda, nə vaxt və necə yazı işi aparacağını özü müəyyənləşdirir. Yeni kurikulumda yazı bacarıqları ilə bağlı standartlar əvvəlkindən daha geniş və dərindir.

– Sosial şəbəkələrdə dərslik mətnləri ilə bağlı tənqidlər də səslənir…

– Azərbaycan dili dərsliyində əsas məqsəd ədəbi təhlil yox, dil bacarığı formalaşdırmaqdır. Burada seçilən mətnlər şagirdin söz ehtiyatını artırmalı, maraq dairəsinə uyğun olmalıdır. Ədəbi-estetik meyarlar isə əsasən ədəbiyyat fənnində ön plandadır.

– Bu kurikulumlar gələcəkdə yenidən dəyişəcəkmi?

– Qanunvericiliyə əsasən, kurikulumlar 5 ildən bir təkmilləşdirilir. 2025-ci ildə təsdiqlənən sənədlərin 2030-cu ildə yenidən işlənməsi planlaşdırılır.