Türkiyə strateji texnologiyalar üzrə 3 min tədqiqatçı hazırlayacaq

21 Avqust, 2026 - 09:43
Türkiyə strateji texnologiyalar üzrə 3 min tədqiqatçı hazırlayacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan süni intellekt, kibertəhlükəsizlik, çip texnologiyaları və qabaqcıl kompüter sistemləri kimi strateji sahələr üzrə ilk mərhələdə 550 doktorantın mərkəzləşdirilmiş imtahanla seçiləcəyini açıqlayıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, Ərdoğan bu barədə sosial media hesabında “Türkiyənin Strateji Texnologiya İnsan Resursları Proqramı” ilə bağlı paylaşımında məlumat verib. O bildirib ki, seçiləcək doktorantlar Türkiyənin 20 tədqiqat universitetində hazırlanacaq.

Prezidentin sözlərinə görə, proqramın 5 il ərzində həyata keçirilməsi nəticəsində təxminən 3 min gənc tədqiqatçının ölkənin elm və texnologiya ekosisteminə cəlb edilməsi nəzərdə tutulur.

Proqramın məqsədi kritik texnologiyalar üzrə ixtisaslı insan resurslarını artırmaq, dövlət və özəl sektorun yüksək ixtisaslı mütəxəssis ehtiyacını qarşılamaq, həmçinin uğurlu gənclərin elmi karyeraya daha erkən başlamasına şərait yaratmaqdır.