Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək

24 Sentyabr, 2026 - 15:27
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək

Türkiyədə 2026-2027-ci tədris ilində müəyyən məktəblərdə 40 dəqiqəlik dərs müddətinin 30 dəqiqəyədək azaldılmasına icazə verilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Türkiyə Milli Təhsil Nazirliyinin 81 vilayətin rəhbərliyinə göndərdiyi bildirişə əsasən, bu qərar söküntü və yenidənqurma işləri səbəbindən başqa məktəb binasına köçürülən, gücləndirmə işləri aparıldığı üçün başqa binada fəaliyyət göstərən və ya şagird sıxlığı səbəbindən ikinövbəli sistem tətbiq edən ibtidai və orta təhsil müəssisələrinə şamil oluna bilər.

Belə məktəblərdə dərs müddətinin 40 dəqiqədən 30 dəqiqəyədək azaldılması vilayət rəhbərliklərinin planlaşdırması əsasında həyata keçiriləcək. Qərar məktəbin mövcud şəraiti və ehtiyacları nəzərə alınmaqla veriləcək və bütün məktəblərdə avtomatik tətbiq olunmayacaq.

Nazirlik bildirir ki, normal halda həm ibtidai, həm də orta təhsil müəssisələrində bir dərs saatı 40 dəqiqədir. İkilinövbəli məktəblərdə isə tənəffüslərin müddəti daha qısa müəyyən edilə bilər. İbtidai təhsil müəssisələrində tənəffüslər üçün ən azı 10 dəqiqə vaxt ayrılmalıdır.

Orta təhsil müəssisələrində dərslər arasındakı tənəffüs normalda ən azı 10 dəqiqə, nahar fasiləsi isə ən azı 45 dəqiqə olmalıdır. İkilinövbəli məktəblərdə bu müddətlər daha qısa müəyyən edilə bilər.

Yeni qaydanın əsas məqsədi ikilinövbəlilik və məktəblərin başqa binalara köçürülməsi ilə əlaqədar yaranan vaxt məhdudiyyətlərinin azaldılmasıdır.