Türkiyədə liseyə silahlı hücum: 16 nəfər yaralandı – YENİLƏNİB
Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən liseydə baş verən silahlı hücumla bağlı yeni təfərrüatlar açıqlanıb.
Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumata görə, hadisə səhər saatlarında baş verib. Hücumu 2007-ci il təvəllüdlü, məktəbin keçmiş şagirdi olduğu müəyyən edilən şəxs törədib.
Son məlumatlara əsasən, hadisə nəticəsində 10 şagird, 4 müəllim, 1 polis əməkdaşı və məktəb bufetinin 1 əməkdaşı olmaqla, ümumilikdə 16 nəfər yaralanıb. Yaralılar Siverek Dövlət Xəstəxanasına yerləşdirilib.
Bildirilib ki, hücumçu hadisəni tüfənglə törədib və daha sonra eyni silahla intihar edib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı araşdırma aparılır, əlavə məlumatların ictimaiyyətə təqdim ediləcəyi qeyd olunur.
12:18
Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən liseydə silahlı hücum baş verib.
"Azərbaycan müəllimi" Türkiyə KİV-ə istinadən xəbər verir ki, baş verən silahlı hücum nəticəsində azı 16 nəfər yaralanıb. Hadisə yerinə dərhal polis, xüsusi təyinatlı qüvvələr və təcili tibbi yardım briqadaları cəlb olunub.
Məlumata görə, hücum Ahmet Koyuncu Məslək ve Texniki Anadolu liseyində baş verib. İlkin ehtimallara əsasən, hücumu məktəbin şagirdlərindən biri törədib.
Təhlükəsizlik qüvvələri tərəfindən məktəbdə olan şagirdlərin böyük hissəsi təxliyə edilib. Hücumçunun zərərsizləşdirilməsi istiqamətində əməliyyatın davam etdiyi qeyd olunur.
Hadisənin şahidlərindən biri bildirib ki, təxminən 17-18 yaşlarında olan şəxs məktəbə daxil olduqdan dərhal sonra uzun lüləli silahla ətrafa atəş açmağa başlayıb, daha sonra isə məktəb binasına daxil olaraq qarşısına çıxanlara atəş açıb.
Faktla bağlı araşdırma aparılır.



