Türkologiya və təhsil tarixinə dəyərli töhfə

21 İyul, 2026 - 14:31
Türkologiya və təhsil tarixinə dəyərli töhfə

Azərbaycan xalqının XX əsr tarix və mədəniyyətinin, elm və təhsil salnaməsinin şərəfli, ancaq kədərli səhifələrindən biri kimi milli yaddaşımıza qızıl hərflərlə həkk olunmuş Birinci Türkoloji Qurultay zəngin keçmişə və qədim mədəni irsə  sahib olan türk xalqlarının mədəni inteqrasiyasında yeni bir dönəmin təməlini qoymuş müstəsna əhəmiyyətli tarixi-mədəni hadisələrdəndir. Çağdaş türkologiya elminin başlanğıcı sayılan beynəlxalq miqyaslı bu unikal elmi Forumda türkologiyanın gələcək inkişaf yollarının konsepsiyasını verən türkoloji problemlər müzakirə olunmuş, türk dünyasının ortaq dəyərlərinin - dil, tarix, ədəbiyyat, etnoqrafiya və mədəniyyətinin taleyüklü məsələlərinə dair məruzələr dinlənilmiş, müvafiq qətnamələr qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdı...

1926-cı ilin 26 fevralından martın 6-na kimi Bakıda çağdaş şəhər memarlığının tacı sayılan İsmailiyyədə gerçəkləşdirilən, 131 nəfər rəsmi nümayəndə və çoxsaylı qonaqların iştirak etdiyi böyük türkoloqlar İsmayıl bəy Qaspıralı və V.V.Radlovun şərəfinə həsr olunan Birinci Türkoloji Qurultayda 17 iclas keçirilmiş, 7 türkoloji problem (əlifba, orfoqrafiya, terminalogiya, tədris metodika, dil əlaqələri, ortaq ədəbi dil, ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi məsələləri) ətrafında 38 məruzə dinlənilmişdi. Ancaq türk dünyasının tarixi yaddaşına əbədi həkk olunmuş bu Forumun 100-dən artıq rəsmi iştirakçısının, seçmə alim və fikir adamının əksəriyyətinin qurultaydan az sonra "qırmızı terrora" məruz qalmaları, onların fiziki məhvi ilə sonuçlanan bu Qurultayın bizə miras qalan materialları həm də yaxın keçmişimizin ən böyük alim-ziyalı soyqırımı sənədi kimi də milli yaddaşımıza daxil olub.
 Bu Beynəlxalq Forumun türk dünyası üçün tarixi-mədəni əhəmiyyətini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2005-ci ildə Qurultayın 80 illiyi haqqında imzalanan və türkologiyaya dair ilk Prezident Fərmanı olaraq bu elmin inkişafına yaşıl işıq yandırdı. Bunun ardınca dövlət başçısının Qurultayın 90 və 100 illiyinin keçirilməsi haqqında Sərəncamları, eləcə də Qurultayın 100 illiyi ilə bağlı Prezidentimizin təşəbbüsü ilə bu günlərdə Azərbaycanda keçirilən “Türk Dünyası Həftəsi” türk dövlətləri və xalqları arasında mədəni inteqrasiyasının inkişafında müstəsna rol oynadı.

Böyük məmnuniyyət və minnətdarlıq duyğuları ilə bildiririk ki, artıq bu gün türkologiyada Birinci Türkoloji Qurultayla bağlı Vətənimizdə və digər qardaş türk dövlətlərində ayrıca elmşünaslıq bölməsi formalaşıb, bu istiqamətdə yüzlərlə monoqrafiya, kitab və broşür, toplular, minlərlə məqalələr çap olunub, irihəcmli biblioqrafik göstəricilər nəşr edilib.

Belə əsərlərdən biri də bugünlərdə çap olunan ADPU-nun professoru, Əməkdar elm xadimi Fərrux Rüstəmovun “Azərbaycan Dövlət Pedaqoji Universiteti və Birinci Ümumittifaq Türkoloji Qurultay” (Bakı: “Elm və təhsil”, 2026, 454 s)  monoqrafiyasıdır. Birinci Türkoloji Qurultayın 100, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 105 illiyinə həsr olunan  monoqrafiyanın ideya müəllifi ADPU-nun rektoru  professor Cəfər Cəfərov, elmi redaktoru ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Əməkdar müəllim, professor Mahirə Hüseynova, elmi məsləhətçisi  Azərbaycanda Atatürk Mərkəzinin direktoru, AMEA-nın həqiqi üzvü, professor   Nizami Cəfərov, “Ön söz”ün müəllifi AMEA Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədlidir.
Zəngin arxiv sənədləri və elmi mənbələr əsasında yazılan monoqrafiya “Giriş”, iki fəsil və “Nəticə”dən ibarətdir. Monoqrafiyada xeyli arxiv sənədləri və şəkillər ilk dəfədir ki, çap olunur, elmi dövriyyəyə daxil edilir.

F.Rüstəmov bu əsərində Birinci Türkoloji Qurultayın tarixinin vacib məqamlarını  ADPU-nun zəngin tarixinin ayrılmaz hissəsi kimi təqdim edir, keçmiş Azərbaycan Dövlət Pedaqoji İnstitutu (hazırki ADPU-nun sələfi) əməkdaşlarının həmin mürəkkəb və taleyüklü tarixi proseslərdəki xidmətlərini zəngin arxiv materialları və elmi faktlar əsasında ön plana çəkir. Müəllif ötən əsrin 20-ci illərində Azərbaycan Dövlət Pedaqoji İnstitutu Vətənimizdə milli elmi və təhsilin əsas intellektual mərkəzlərindən biri kimi təqdim etməyə nail olub ki, bu da əsərin elmi-nəzəri və konseptual dəyərini əhəmiyyətli dərəcədə artırır. Kitabda Birinci Türkoloji Qurultayda baş verənlər  ideologiya - elm - siyasət üçbucağında təhlil edilir, ADPU-nun bu tarixi prosesdə institusional rolu əsaslandırılır, repressiyaya məruz qalmış türkoloqların taleyi sənədləşdirilir və qurultayın əlifba, dil, terminologiya və milli kimlik məsələlərindəki tarixi missiyası elmi-nəzəri müstəvidə təhlil edilir. 

Kitabın “Birinci Türkoloji Qurultay: tarix, ideologiya və mədəniyyət” adlı ilk fəslində qurultayın ideoloji, elmi və mədəni mahiyyəti sistemli şəkildə araşdırılır və XX əsrin ilk rübündə türk dünyasının taleyini müəyyənləşdirən mürəkkəb ictimai-siyasi proseslərin mərkəzində dayanan tarixi hadisə kimi təqdim edilir. Qurultayın çağırılma səbəbləri, dövrün ictimai-siyasi mühiti, sovet hakimiyyətinin türkoloji elmə münasibəti, partiya nəzarət mexanizmləri və ideoloji təzyiq formaları zəngin sənəd və faktoloji materiallar əsasında araşdırılır. Kitabda Pedaqoji İnstitut təmsilçilərinin qurultaydakı məruzələrinin ideya istiqaməti, elmi-nəzəri əsasları və metodoloji mövqeyi sistemli şəkildə təhlil olunur. Dünya miqyaslı türkoloq alimlərin - V.V.Bartoldun Forumda müzakirə olunan məsələlərə tarixi-komparativ yanaşması, A.N.Samoyloviçin türk dillərinin təsnifinə dair konsepsiyası, N.F.Aşmarinin dialektoloji və etnoqrafik araşdırmaları geniş elmi kontekstdə təqdim edilir. Bununla yanaşı, Azərbaycan alimlərinin - Bəkir Çobanzadənin dil quruculuğu və terminologiya məsələlərinə dair baxışları, Hənəfi Zeynallının əlifba islahatı və ədəbi dil problemlərinə münasibəti, Xalid Səid Xocayevin yeni əlifba və dil siyasəti istiqamətində irəli sürdüyü ideyalar - milli elmi fikrin formalaşması prosesində mühüm mərhələ kimi dəyərləndirilir.

Fəslin sonunda Birinci Türkoloji Qurultayın tarixi dərsləri, onun müasir dövr üçün aktuallığı və elmi-mədəni proseslər baxımından əhəmiyyəti əsaslandırılır. Müəllif göstərir ki, elmi fikir siyasi məqsədlərə tabe etdirildikdə elmin təbii inkişaf məntiqi pozulur; bu isə həm elmin öz inkişafına, həm də cəmiyyətin mənəvi həyatına mənfi təsir göstərərək, nəticə etibarilə faciəvi proseslərə yol aça bilir. Eyni zamanda vurğulanır ki, milli özünüdərkin və elmi irsin davamlılığı yalnız azad düşüncə, intellektual məsuliyyət və tarixi milli yaddaşa sədaqət prinsipləri üzərində təmin oluna bilər.

Kitabın ikinci fəsli “Azərbaycan Dövlət Pedaqoji Universitetinin Birinci Ümumittifaq Türkoloji Qurultayda iştirak edən direktorları” adlanır. Bu fəsildə Qurultay iştirakçısı olmuş Pedaqoji İnstitut direktorlarının bioqrafiyası, elmi fəaliyyəti və məruzələri kompleks şəkildə təqdim olunur. Əsərdə Cəlil Məhəmmədzadə, Şərif Manatov, Pənah Qasımov, Hüseyn Musayev kimi şəxsiyyətlər ali pedaqoji təhsil sisteminin təşəkkülündə mühüm rol oynamış, elmi təşəbbüsləri idarəçilik fəaliyyəti ilə üzvi şəkildə əlaqələndirən rəhbərlər kimi səciyyələndirilir. Onların kadr hazırlığı prosesinə verdikləri töhfələr, eləcə də ideoloji məsələlərin elmi əsaslarla istiqamətləndirilməsindəki vətəndaş-alim mövqeləri faktlar əsasında oxucuya çatdırılır.

“Azərbaycan Dövlət Pedaqoji Universitetin Birinci Türkoloji Qurultayda iştirak edən müəllimləri” adlı üçüncü fəsildə dünya miqyaslı türkoloqların (V.V.Bartold, A.N.Samoyloviç, Əli bəy Hüseynzadə, Mehmet Fuad Köprülü, N.F.Aşmarin və b.) və milli elmi simaların (B.Çobanzadə, Ə.Ubaydullin, H.Zeynallı, X.Səid Xocayev və b.) terminologiya, dil siyasəti və əlifba məsələləri ilə bağlı çıxışları elmi təhlil müstəvisində təqdim edilir.

Professor F.Rüstəmovun “Azərbaycan Dövlət Pedaqoji Universiteti və Birinci Ümumittifaq Türkoloji Qurultay” kitabında universitetin elmi-mədəni irsinin mühüm bir dövrü sənədləşdirilir, eyni zamanda ADPU-nun professor-müəllimlərinin türkologiya elminə verdiyi töhfələr müasir türk dünyasının taleyüklü məsələləri ilə inteqrasiyada elmi ictimaiyyətə çatdırılır. Məsələyə bu cür yanaşma elmi əsəri akademik və mədəni-tarixi baxımdan Vətənimizi türklüyün və türkologiyanın mərkəzlərindən biri olduğunu əsaslandıran ümumtürkoloji dəyərə malik etibarlı elmi mənbəyə çevirir, elm və təhsilin inkişafına töhfə verən dəyərli örnək araşdırma missiyası qazandırır. 

Professor F.Rüstəmovun uzunmüddətli gərgin əməyinin və səmərəli axtarışlarının nəticəsi olaraq elmi ictimaiyyətə təqdim olunan “Azərbaycan Dövlət Pedaqoji Universiteti və Birinci Ümumittifaq Türkoloji Qurultay” adlı fundamental monoqrafiyası türkologiya elminə və Azərbaycanın təhsil tarixinə dəyərli töhfə kimi dəyərləndirilməlidir.

Əsgər Quliyev,
ARTİ yanında Tədris Resursları Mərkəzinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim