UFAZ-ın 32 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq
2025-2026-cı tədris ili üçün Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan tələbələrin siyahısı müəyyən olunub. Müsabiqənin nəticələrinə əsasən, 356 nəfər namizəd magistratura səviyyəsi üzrə meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb.
ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, magistratura üzrə xaricdə təhsil almaq imkanı qazanan 356 nəfərdən 32-si UFAZ-ın məzunlarıdır. Onların təhsil alacağı ali təhsil müəssisələri arasında Sürix Texnologiya İnstitutu (ETH Sürix), Con Hopkins Universiteti, London İmperial Kolleci, Lids Universiteti, Mançester Universiteti, Hamburq Universiteti, Şeffild Universiteti, London Kraliça Meri Universiteti, Lozanna Federal Politexnik Məktəbi, Edinburq Universiteti, Milan Universiteti, Karnegi Mellon Universiteti, Kolumbiya Universiteti və London Universitet Kolleci kimi nüfuzlu təhsil ocaqları yer alır.



