Uğur daim çalışan və səbir edənlərlədir – RFO qalibi
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 5 şagirdi Respublika fənn olimpiadasının final turunun nəticələrinə görə tarix fənnindən qalib adını qazanıb. Həmin qaliblərdən biri də Ceyran Musayevadır.
Ceyran Cəbrayıl rayon 8 nömrəli tam orta məktəbin X sinif şagirdidir. Ötən ildə olimpiadadan gümüş medal qazanıb. O, qazandığı medalla adını məktəbin tarixinə ilk medalçı olaraq yazdırıb.
“Azərbaycan müəllimi” RFO-da ilk dəfə iştirakı uğursuz alınsa da növbəti illərdə medalçı olan Ceyranla həmsöhbət olub.
Ceyran deyir ki, əzm, iradə ilə qarşıya qoyulan məqsədə çatmaq olar. Elə bunun nəticəsidir ki, 9-cu sinifdə buraxılış imtahanında maksimal 300 baldan 276 bal toplayıb.
“Əslində, fənn olimpiadasından əvvəl aşağı siniflərdə müxtəlif müsabiqələrdə iştirak edib, uğur qazanmışam. Bu müsabiqələrdən sonra humanitar fənlərə marağımı kəşf etdim. 8-ci sinifdə RFO-da iştirak etməyi qərara aldım, təəssüf ki, 1 sualla finala vəsiqə qazana bilmədim, amma uğursuzluğum məni ruhdan salmadı, əksinə arzularımı reallaşdırmaq üçün daha çox çalışmağıma səbəb oldu. 9-cu sinifdə ilk medal - gümüş medalımı qazandım. Bu mənə gələcəkdə daha böyük uğurlar qazanmağım üçün motivasiya oldu”.
Uğurlu nəticə əldə edən şagird qərara alır ki, növbəti ildə sözügedən olimpiadada yenidən iştirak etsin. Bu dəfə də medalçı olmağı bacarır.
“Ruhdan düşəndə hər zaman qazandığım qalibiyyəti xəyal edərək yenidən dərslərimə başlayırdım.10-cu sinif mənim üçün çətinliklə dolu bir il oldu. Lakin bu çətinlikləri valideynlərim və tarix müəllimlərimin dəstəyi ilə uğurla dəf etməyi bacardım”.
Ceyran növbəti ildə - 11-ci sinifdə onu daha böyük məsuliyyətin gözlədiyini və yüksək balla istədiyi ixtisasa - hüquqşünaslığa daxil olmaq üçün daha çox çalışmalı olduğunu bildirir.
“Məktəbdə sözün yaxşı mənasında nümunə çəkilmək şagird olaraq qazana biləcəyim ən gözəl uğurdur. İstər olimpiada, istər imtahanlara hazırlıq mənim üçün bir filmdir. Bu filmin pərdə arxası məqamları isə evdə yaşanır. İnamsızlıq, ruh düşkünlüyü, yorğunluq yaşadığım vaxtlar olub təbii ki, amma ailəmin motivasiyası mənə bunların öhdəsindən gəlməyə kömək edib. Yenidən çalışmağa, intizamlı olmağa kömək olub. Olimpiada iştirak etmək istəyən, ancaq çəkinən iştirakçılara isə bunu tövsiyə edirəm ki, heç vaxt ruhdan düşməsinlər və xəyallarının ardınca getsinlər. Uğur daima çalışan və səbir edənlərlədir”.



