“Uğur mükəmməllik deyil, hər gün bir addım öndə olmaqdır” - Səidənin "Maarifçi" yolu
“Mənim üçün “Maarifçi”yə qoşulmaq yeni bir təcrübə qazanmaqdan daha çox özümə fərqli tərəfdən baxmaq imkanı idi. Çünki insan ən çox fərqli insanlarla işləyəndə, yeni mühitə uyğunlaşanda və real proseslərin içində olanda özünü tanımaq fürsəti əldə edir və inkişaf edir. “Maarifçi”də məni cəlb edən də məhz bu oldu. Daim inkişaf etməyi sevən biriyəm və düşünürəm ki, belə mühitlər həm peşəkar, həm də şəxsi inkişaf baxımından insana çox şey qazandırır. Buna görə də bu təcrübənin bir parçası olmaq istədim”.
Böyük rəqabət mühitində yarışdı, hər 100 nəfərdən 1-nin seçildiyi müsabiqədə uğur qazanıb 53 “Maarifçi” dən biri oldu
Səidə Allahyarova istəyib və buna nail olub. Yüksək rəqabət mühiti olan müsabiqəyə girib və rəqiblərinin çoxunu arxada qoyub. Müraciət edən hər 100 nəfərdən 1-nin seçildiyi müsabiqədə uğur qazanıb 53 “Maarifçi” dən biri oldu: “İmtahan və müsahibə prosesi kifayət qədər həyəcanlı idi. Sevindiricidir ki, uğurlu oldu. Çünki seçim mərhələləri kifayət qədər rəqabətli idi və bu proqramın qalibləri arasında yer aldığım üçün çox şanslıyam. Hazırda fəaliyyətimi Yüksək Texnologiyalar Parkının Təhsil və tədqiqatda innovasiyalar şöbəsində davam etdirirəm”.
“Maarifçi” proqramının ona daha böyük töhfələri olacağına inanır
Səidə Bakı məktəblisi olub. Sabunçu rayonundakı 69 nömrəli tam orta məktəbin 2021-ci il məzunudur. Sonra “tələbə” adı qazanıb. Azərbaycan Dillər Universitetinin ingilis dili üzrə “Dil və ədəbiyyat müəllimliyi” ixtisasını fərqlənmə diplomu ilə bitirib. Universitet illərində həm pedaqoji təcrübədə iştirak edib, həm də könüllülük fəaliyyətlərinə qoşulub. “COP 29”, ICPC (Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsi) tədbirlərində, “AIESEC Azərbaycan”, “Bilim Azərbaycan”da, DOST Agentliyində könüllülük layihələrində iştirak edib.
“Hər biri mənə fərqli nələrsə öyrədib”, - deyən Səidə Allahyarova “Maarifçi” proqramının daha böyük töhfələri olacağına inanır: “"Maarifçi" proqramı haqqında sosial şəbəkələrdən çox eşitmişdim, amma bu komandanın bir hissəsi olmaq tam başqa hissdir. Proqrama başlayandan bəri hər gün yeni nəsə öyrənirəm. “Maarifçi” sadəcə bir iş mühiti deyil, eyni zamanda böyük bir öyrənmə və bir-birini inkışaf etdirmə platformasıdır. Mənim üçün ən maraqlısı odur ki, hər şey real iş mühitində baş verir. Ümid edirəm ki, 4 aylıq proqram mənim üçün çox faydalı olacaq”.
Təcrübə keçdiyi komanda da ona çox böyük dəstək verir: “Birgə çalışdığım komandanın mənə münasibəti xoş və səmimidir. Gələndən bəri düşünürəm ki, “Maarifçi” proqramının ən böyük gücü onun yaratdığı mühitdir. Eyni dəyərləri, təhsilə və inkişafa olan eyni həvəsi paylaşan gənclərlə və bu sahənin peşəkarları ilə bir arada olmaq insana davamlı motivasiya verir. Peşəsində kifayət qədər uğurlu olan əməkdaşlarla eyni iş mühitini bölüşmək gələcək karyeram üçün böyük töhfədir”.
“Maarifçi”də qazandığımız təcrübə, təkcə texniki bacarıqlarla mahdudlaşmır. Səidənin fikrincə, yumşaq bacarıqlar da bu mühitdə inkişaf edir: “Komandada işləyir, təhsil layihələrinin icrasında yaxından iştirak edir, problemlərə kritik həllər tapmağa çalışırıq. Bu prosesdə yumşaq bacarıqlar çox inkişaf edir. Bu da bizi gələcək karyeramızda hərtərəfli hazır mütəxəssisə çevirir”.
"Biz də “Maarifçi”yə töhfə qatacağıq"
“Məqsədim sadəcə təcrübə qazanmaq deyil, həm də mənimsədiyim yeni bacarıqlarla proqrama real dəyər qatmaqdır və düşünürəm ki, beləcə, hər məzun öz töhfəsini verəcək”, - deyir. Bu arada təhsilini magistratura səviyyəsində, yenə Azərbaycan Dillər Universitetində davam etdirəcək, bu dəfə “Təhsil Menecmenti” ixtisası üzrə: “Bu sahəyə marağım hər zaman böyük olub. Elə “Maarifçi” tələbə-məzun proqramına müraciətim də bu sahəyə marağımla bağlıdır”.
Marağı onu başqa haralara aparacaq, onu zaman göstərəcək. Əsas odur ki, o özünə inanır: “Məncə, insan özünə şans verməlidir. Məqsədə ilk cəhddə çatmaya bilərsən. Əsas odur ki, ilk addımı atasan. Çünki uğur mükəmməl olmaq deyil, hər gün dünənkindən bir addım öndə olmaqdır”.




