Uğurlu məzun olmaq üçün hansı universitetdə oxumaq önəmlidir?
Universitet seçimi zamanı Bakı ilə regionlar arasında tərəddüd edən abituriyentlərin sayı az deyil. Lakin son illərdə ali təhsil imkanlarının ölkə üzrə genişlənməsi bu seçimin yalnız paytaxtla məhdudlaşmadığını göstərir. Müasir infrastruktur, ixtisaslaşmış müəllim heyəti, tələbələr üçün yaradılan imkanlar və müxtəlif inkişaf proqramları region universitetlərini də ali təhsil üçün real və perspektivli seçimə çevirir. Əslində, universitetin hansı şəhərdə yerləşməsindən daha çox tələbənin orada qazandığı bilik, bacarıq, təcrübə və özünüinkişaf imkanları əhəmiyyət daşıyır.
“Azərbaycan müəllimi” mövzu ilə bağlı ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri, AGMA-nın İdarə Heyətinin üzvü, doktorant Turan Kərimli ilə həmsöhbət olub.
Onun sözlərinə görə, “Bakı universitetlərinin məzunu daha güclü, region universitetlərinin məzunu daha zəifdir” kimi fikirlər düzgün deyil:
“Məzunun əmək bazarındakı uğurunu universitetin hansı şəhərdə yerləşməsindən daha çox onun hansı ixtisasa yiyələndiyi, təhsil müddətində nə öyrəndiyi, hansı praktik təcrübəni qazandığı, xarici dil və rəqəmsal bacarıqlarının səviyyəsi, universitetin işəgötürənlərlə əlaqələri və tələbənin öz fəallığı müəyyən edir. Mövcud göstəricilər də bunu müəyyən qədər təsdiqləyir. Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi” platforması dövlət və özəl ali təhsil müəssisələrinin məzunlarının əmək bazarına çıxışını müqayisə etməyə imkan verir. Son açıqlanan məlumatlarda Lənkəran Dövlət Universitetinin məzunlarının orta məşğulluq göstəricisinin 47,5 faiz olması və universitetin ölkə üzrə ilk beşlikdə yer alması maraqlı nümunədir. Burada bir detalı da unutmayaq: həmin statistika 2018–2023-cü illəri əhatə edir.
Paytaxtda dövlət qurumlarının, iri şirkətlərin, bank və maliyyə sektorunun, informasiya texnologiyaları şirkətlərinin, media və kommunikasiya qurumlarının, beynəlxalq təşkilatların və digər peşəkar xidmət sahələrinin böyük hissəsi cəmlənib. Dövlət Statistika Komitəsinin 2025-ci il oktyabr ayının məlumatına əsasən, ölkədəki iri sahibkarlıq subyektlərinin 76 faizə qədəri Bakı şəhərində yerləşirdi. Bu göstərici bütün əmək bazarını əks etdirmir, amma iri işəgötürənlərin müəyyən ərazilərdə nə qədər sıx cəmləşdiyini göstərir. Tələbə üçün bunun praktik üstünlüyü aydındır”.
Müsahibimiz qeyd edib ki, region universiteti yerləşdiyi ərazinin iqtisadiyyatına və sosial mühitinə çox yaxın ola bilər:
“Məsələn, kənd təsərrüfatının inkişaf etdiyi bölgədə aqronomluq, baytarlıq, qida mühəndisliyi, iqtisadiyyat və idarəetmə ixtisaslarını yerli təsərrüfatlar və müəssisələrlə əlaqələndirmək mümkündür. Turizm potensialı yüksək olan bölgələrdə turizm, menecment, marketinq və xidmət ixtisaslarının yerli hotellər, turizm şirkətləri və mədəni irs obyektləri ilə birbaşa işləməsi daha məntiqlidir. Müəllim hazırlığında da bu üstünlük aydın görünür. Regionda pedaqoji təhsil alan tələbə kənd məktəbini də, rayon mərkəzindəki məktəbi də yaxından görə bilir. Təcrübə düzgün təşkil olunanda o, məzun olana qədər işləyə biləcəyi sosial və təhsil mühitini tanımış olur. Naxçıvan Dövlət Universitetinin təcrübəsi də bu baxımdan maraqlıdır. Son tədris ilində pedaqoji və istehsalat təcrübəsi zamanı universitetin 20-dən çox tələbəsi ilə müxtəlif müəssisələr tərəfindən əmək müqaviləsi bağlanıb. Bu, tələbənin hələ təhsil aldığı müddətdə işəgötürənlə tanış olmasının və təcrübənin birbaşa məşğulluğa çevrilə bilməsinin yaxşı nümunəsidir. Mən region universitetinin missiyasını yalnız diplom verməklə məhdudlaşdırmıram. Güclü universitet yerləşdiyi ərazinin insan kapitalı, tədqiqat və inkişaf mərkəzinə çevrilməlidir”.
Qarabağ Universitetinin yaradılması regionda ali təhsil və əmək bazarı baxımından nə vəd edir? "
T.Kərimli qeyd edib ki, Qarabağ Universiteti bu mövzuda həqiqətən fərqli nümunədir, kifayət qədər geniş imkanlar vəd edir:
“Çünki burada söhbət sadəcə Bakının xaricində yerləşən bir universitetdən getmir. Universitet özü də sürətlə yenidən qurulan, yeni iqtisadi və sosial münasibətlərin formalaşdığı regionda inkişaf edir. Qarabağ Universiteti həm Azərbaycan, həm də ingilis dilində proqramlar təqdim edilir. İstanbul Texniki Universiteti ilə əməkdaşlıq çərçivəsində bir neçə mühəndislik ixtisası üzrə ikili diplom proqramlarına başlanılır. Əlbəttə, Qarabağ Universiteti yeni universitetdir və onun məzunlarının uzunmüddətli əmək bazarı nəticələrini digər ali məktəblərlə müqayisə etmək üçün hələ tezdir. Amma mən müsbət nəticələrin olacağına əminəm. Hazırda qiymətləndirə biləcəyimiz məsələ onun yaratdığı potensial və tətbiq etdiyi yanaşmalardır. Bu potensial kifayət qədər böyükdür”.
Region məzunlarının Bakıya köçməsi problem kimi qiymətləndirilməlidirmi?
Müsahibimiz qeyd edib ki, insanların ölkə daxilində sərbəst hərəkət etməsini problem adlandırmaq düzgün deyil:
“Gənc harada daha yaxşı peşəkar imkan görürsə, orada işləyə bilər. Problem o zaman yaranır ki, regionda təhsil alan bütün güclü gənclər öz gələcəyini yalnız Bakıda görür və geri qayıtmaq üçün real peşəkar perspektiv tapa bilmirlər. Məqsəd gənci inzibati üsulla regionda saxlamaq deyil. Regionda qalmağı və ya geri qayıtmağı cəlbedici etməkdir. Əməkhaqqı burada vacibdir, amma tək amil deyil. Gənc mütəxəssis görməlidir ki, regionda da inkişaf edə, yeni bilik qazana, karyera qura və peşəkar mühitdən təcrid olunmadan işləyə bilər. Rəqəmsal iş modelləri, hibrid əmək, onlayn təlimlər, beynəlxalq layihələr və peşəkar şəbəkələr Bakı ilə region arasındakı məsafəni bu baxımdan xeyli azalda bilər.
Region universitetlərinin güclənməsi ölkəyə ümumilikdə nə verə bilər?
T.Kərimli qeyd edib ki, bu, yalnız ali təhsil məsələsi deyil, regional inkişaf məsələsidir:
“Güclü universitet region üçün müəllim, mühəndis, iqtisadçı və digər mütəxəssislər yetişdirir. Yerli problemləri araşdırır, sahibkarlıq ideyaları yaradır, məktəblərlə və müəssisələrlə əməkdaşlıq edir, regionun mədəni və ictimai həyatına da təsir göstərir.
Universitetin ətrafında tələbə həyatı, kitabxana, xidmət sektoru, innovasiya, startaplar, sosial layihələr və yeni peşəkar şəbəkələr formalaşa bilər. Qarabağ Universitetinə də, Lənkəran, Gəncə, Mingəçevir və digər region universitetlərinə də, müxtəlif universitetlərin filiallarına da bu geniş çərçivədən baxmaq lazımdır. Universitet sadəcə dərs keçirilən bina olaraq qalırsa, regional təsiri məhdud olacaq. Amma məktəblə, şirkətlə, bələdiyyə ilə, dövlət qurumu ilə, qeyri-hökumət təşkilatı və yerli icma ilə işləyirsə, artıq regionun inkişaf institutlarından birinə çevrilir.
Məzunlar arasındakı fərqi çox vaxt diplomun verildiyi şəhər deyil, tələbənin dörd-beş il ərzində çıxış əldə etdiyi imkanların keyfiyyəti və həmin imkanlardan necə istifadə etməsi yaradır. Bakı tələbəyə daha sıx işəgötürən, tədbir, təcrübə və peşəkar şəbəkə mühiti təqdim edə bilər. Bu, real üstünlükdür. Region universitetinin isə başqa üstünlüyü var: tələbəni konkret ərazinin sosial-iqtisadi problemlərinə, yerli əmək bazarına və icmaya daha yaxın edə bilər. Qarabağ Universiteti kimi yeni model universitetlər üçün bu, böyük fürsətdir. Regionlarda fəaliyyət göstərən filial və mərkəzlər isə baş universitetlərin akademik potensialını ölkənin müxtəlif ərazilərinə daşımaqla yanaşı, öz regionlarının spesifik ehtiyaclarına uyğun inkişaf edə bilərlər. Ona görə Bakı və region universitetlərini qarşı-qarşıya qoymağın tərəfdarı deyiləm. Məncə, əsas sual budur: universitet tələbəsinə məzun olana qədər nə verib”.




