"Uğurlu olmaq uçün telefondan o qədər də uzaq olmağa gərək yoxdur" - Yüksək nəticə göstərən abituriyent
Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyulun 12-də keçirilən qəbul imtahanının nəticələrini elan edib.
IV ixtisas qrupu üzrə hər iki mərhələnin nəticələrinin cəminə əsasən, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Mursaquliyeva İnci Rəsul qızı 690,2 bal nəticə göstərib.
"Azərbaycan müəllimi" yüksək nəticə əldə edən abituriyentin təəssüratlarını öyrənib.
"Nüfuzlu həkimlərdən biri olmağı düşünürəm"
İnci Mursaquliyeva vurğulayır ki, imtahana hazırlaşarkən az yatmağa, daha çox çalışmağa üstünlük verib: "Düzdür, nəzəri biliklər təməldir, amma tətbiq yaxşı bal toplamaq üçün çox önəmlidir. Uğurlu olmaq uçün telefondan o qədər də uzaq olmağa gərək yoxdur".
İncinin sözlərinə görə, uğur qazanmaqda ona ən çox müəllimləri və anası dəstək olub: "7-ci sinifdə Respublika fənn müsabiqəsində biologiya fənni üzrə bürünc medala layiq görülmüşəm. Builki buraxılış imtahanında 290.2 bal toplamışdım və həmin an balımdan heç razı deyildim, istədiyim nəticəni göstərməmişdim. Daha sonra blok imtahanına daha çox üstünlük verməyə başladım və istədiyim nəticəni əldə etdim. İmtahan mənim üçün asan keçdi".
İnci həmçinin musiqi məktəbində fortepiano təhsili alıb və bu, onun ən sevdiyi məşğuliyyətdir:
"Gələcəkdə tibb sahəsində böyük nailiyyətlər qazanıb nüfuzlu həkimlərdən biri olmağı düşünürəm".




