Ülkər Səttarova: Gənc incəsənət nümayəndələrinin öz işlərini təqdim etməsi üçün platformalar yaradırıq
SABAH İncəsənət Festivalı ənənəvi olaraq hər il keçirilir. Bu festivalda cari ildə məzun olan tələbələr iştirak edir, öz işlərini təqdim edirlər. Əsasən yaradıcılıq ixtisasları üzrə təhsil alan tələbələr festivalda yer alırlar.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova söyləyib. Agentliyin direktoru qeyd edib ki, müxtəlif ali təhsil müəssisələrinin tələbələri bu festivalda bir araya gəlirlər. Yaradıcılıq ixtisasları olan bir neçə universitet festivalda təmsil olunur və bu platforma gənclər üçün öz bacarıqlarını nümayiş etdirmək baxımından çox yaxşı imkandır. Tələbələr əl işlərini təqdim edir, müxtəlif təqdimatlar və performanslar nümayiş etdirirlər.
“Bu gün də bunun şahidi olduq. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin rəqs və musiqi çıxışları oldu. Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri öz işlərini təqdim etdilər. Burada həm sənaye dizaynı, həm də moda dizaynı ixtisasları üzrə hazırlanmış işlər nümayiş etdirildi.
Çalışırıq ki, bu kimi platformalar yaradaq və artıq universiteti bitirmiş gənc mütəxəssislərin, gənc incəsənət xadimlərinin öz işlərini təqdim etmələri üçün imkan olsun”, - deyə Ülkər Səttarova bildirib.
Müsahibimiz diqqətə çatdırıb ki, tədbirin Müasir İncəsənət Muzeyində keçirilməsi təsadüfi seçilməyib: “Çalışırıq ki, bu cür tədbirlər muzeylərdə təşkil olunsun. Beləliklə, insanlar həm festivala və sərgiyə gəlir, həm də muzeyin ekspozisiyası ilə tanış olmaq imkanı qazanırlar.
Keçən il festival Milli Xalça Muzeyində keçirilib. Bu il isə Müasir İncəsənət Muzeyində təşkil olunur. Eyni zamanda çalışırıq ki, məzun günlərində də həmin məkanların zallarından istifadə edərək tələbələrin işlərini geniş auditoriyaya təqdim edək”.




