Ümumi təhsil üzrə yeni dövlət standartlarında hansı yeniliklər olacaq?

28 Oktyabr, 2026 - 12:17
Ümumi təhsil üzrə yeni dövlət standartlarında hansı yeniliklər olacaq?

“Hazırda ümumi təhsil üzrə yeni dövlət standartları sənədi hazırlanır. Bu işin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır. Yeni sənəddə vətəndaşlıq səriştəsi ayrıca istiqamət kimi nəzərdə tutulur. Mədəniyyətlərarası dialoq və rəqəmsal vətəndaşlıqla bağlı bacarıqların inkişafına da xüsusi diqqət yetiriləcək”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumunda Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev bildirib.

Onun sözlərinə görə, yeni standartlar layihəsində əsas yeniliklərdən biri səriştələrin fənlərarası yanaşma əsasında formalaşdırılmasının nəzərdə tutulmasıdır:

“Yeni yanaşmada mədəniyyətlərarası dialoq və rəqəmsal vətəndaşlıq bacarıqlarının inkişafı yalnız bir fənnin üzərinə düşməyəcək. Müxtəlif fənlər bu səriştələrin formalaşdırılmasına xidmət edəcək. Bilik, bacarıq, münasibət və dəyərlər ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində, hər bir fənnin məzmununda nəzərə alınacaq”.

E.Əliyev qeyd edib ki, bu yanaşma şagirdlərin müvafiq bacarıqlarının siniflər və təhsil səviyyələri üzrə inkişafını izləməyə imkan verəcək.

O həmçinin bildirib ki, 2024-cü ildə tamamlanan yeni kurikulumda rəqəmsal vətəndaşlıqla bağlı bir sıra mövzulara yer verilib. Bununla belə, həmin məzmunda rəqəmsal mühitdə şüurlu davranışdan daha çox texniki bacarıqlara diqqət yetirilib.

“2020-2025-ci illər ərzində bu istiqamətdə müxtəlif addımlar atılıb. Hazırlanmaqda olan yeni standartlar isə rəqəmsal vətəndaşlıq və mədəniyyətlərarası dialoq bacarıqlarının daha geniş şəkildə təhsil məzmununa inteqrasiyasını nəzərdə tutur”, - deyə o qeyd edib.