Universitet dərsləri üçün ideal müddət : 50, 80, ya 90 dəqiqə? — Araşdırma
Dünyanın ali təhsil sistemlərində dərs müddətləri müxtəlifdir və bu fərqlər ölkələrin tədris ənənələri, akademik strukturundan qaynaqlanır. ABŞ-də dərs müddətləri “Karnegi vahidi və tələbə saatı” (Carnegie Unit və Student Hour) sisteminə əsaslanır. Bu sistemə görə, bir akademik saat 50 dəqiqə hesab olunur və bu model ölkənin əksər universitetlərində tətbiq edilir. Avropada isə vəziyyət fərqlidir. Almaniyada ali təhsil sistemində “akademik saat = 45 dəqiqə” prinsipi mövcuddur və universitetlərdə dərslər adətən iki akademik saatın birləşməsi ilə 90 dəqiqəlik blok şəklində keçirilir.
Böyük Britaniyada dərs müddəti universitetdən asılı olaraq dəyişsə də, bir çox ali məktəblərdə mühazirələr 50-60, seminarlar isə 90-120 dəqiqə davam edir.
Dünya təcrübəsində dərs müddətlərinin müxtəlif modelləri tətbiq olunsa da, Azərbaycanın ali təhsil müəssisələrinin mövqeyi daha çox Avropa sisteminə uyğunlaşır. Bu baxımdan universitetlərindən əldə etdiyimiz rəsmi cavablar da göstərir ki, hazırda 80 və ya 90 dəqiqəlik dərs modeli həm normativ tələblərə, həm də tədris prosesinin mahiyyətinə görə daha münasib hesab olunur.
Bu model tədrisi daha sistemli edir
“Azərbaycan müəllimi”nə Bakı Dövlət Universitetindən bildirilib ki, tədris prosesi tam şəkildə mövcud normativ-hüquqi çərçivəyə, xüsusilə də Nazirlər Kabinetinin təsdiq etdiyi “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na uyğun qurulur. Bu sənədə əsasən, akademik saat 45 dəqiqədir və bütün növ dərslər iki akademik saatdan ibarət olmalıdır. Vurğulanıb ki, 90 dəqiqəlik dərs formatı həm mövzunun bölünmədən daha məntiqli şəkildə çatdırılmasına, həm də interaktiv və müzakirə yönümlü fəaliyyətlərin effektiv həyata keçirilməsinə imkan verir: “Bu model tələbələrin gün ərzində çoxsaylı auditoriya dəyişikliyi etməsinin qarşısını alır və tədrisi daha sistemli edir. Digər tərəfdən, dərs müddətinin dəyişdirilməsi yalnız normativlərin yenilənməsi halında mümkündür”.
Azərbaycan Texniki Universitetindən (AzTU) isə bildirilib ki, burada dərs müddəti 80 dəqiqədir və hazırda bu modelin dəyişdirilməsi ilə bağlı müzakirə aparılmır. Bu yanaşma göstərir ki, AzTU da Avropa tipli uzun dərs blokunu daha səmərəli hesab edir və sistemin sabitliyi ön planda saxlanılır.
”Humanitar və şifahi yönümlü fənlər üçün 60 dəqiqə daha effektiv ola bilər”
Eyni zamanda, tələbə baxışları da universitetlərin rəsmi mövqeyi ilə müqayisədə maraqlı nüanslar ortaya qoyur. Bakı Slavyan Universitetinin 4-cü kurs tələbəsi Jalə Rəhimli bildirib ki, 80 dəqiqəlik dərs ümumilikdə uyğundur, lakin ilk 50-60 dəqiqədə diqqəti daha yaxşı cəmləmək olar, sonraki dəqiqələrdə isə yorğunluq hiss olunur: “ 10 dəqiqəlik tənəffüs mərtəbələrarası auditoriya dəyişiklikləri üçün kifayət deyil. Texniki fənlər üçün 80-90 dəqiqə uyğundur, lakin humanitar və şifahi yönümlü fənlər üçün 60 dəqiqə daha effektiv ola bilər”.
“90 dəqiqə həm izah, həm sual-cavab, həm də müzakirələr üçün optimal şərait yaradır”
Azərbaycan Dövlət Pedaqoji Universitetin (Quba filialı) tələbəsi Aytən Rəhimova isə tam əks mövqedədir. O, 90 dəqiqəlik dərs müddətinin adekvat olduğunu və interaktiv metodlar tətbiq olunduqda yorucu olmadığını qeyd edir: “Müəllimin dərsi necə keçməsi müddətin təsirini müəyyənləşdirən əsas faktordur və 90 dəqiqə həm izah, həm sual-cavab, həm də müzakirələr üçün optimal şərait yaradır”.
”50 dəqiqəlik dərs modeli pedaqoji baxımdan o qədər də effektiv deyil”
Məsələ ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlamasında təhsil mütəxəssisi Vüsal Kərimli bildirib ki, 50 dəqiqəlik dərs modeli Türkiyə və ABŞ-də tətbiq edilir: “Bu model adətən ardıcıl olaraq hər biri 50 dəqiqə olmaqla 3 dərsi əhatə edir, arada 10 dəqiqəlik tənəffüslər olur.
Lakin açıq şəkildə deməliyəm ki, bu model pedaqoji baxımdan, yəni tələbələrin öyrənmə prosesi nöqteyi-nəzərindən o qədər də effektiv deyil. Düşünürəm ki, Azərbaycan ali təhsil müəssisələrində tətbiq edilən 80 və ya 90 dəqiqəlik dərs modeli daha səmərəlidir”.
”90 dəqiqəlik dərs tələbəyə mövzuya dərindən fokuslanmaq üçün geniş imkan yaradır”
Bunun səbəbini izah edən təhsil mütəxəssisi vurğulayıb ki, təkcə mühazirələr deyil, seminar dərsləri də keçirilir və bəzi fənlər üzrə dərslər daha çox müzakirə üzərində qurulur: “90 dəqiqəlik dərs tələbəyə mövzuya dərindən fokuslanmaq və onu mənimsəmək üçün daha geniş imkan yaradır.
Əgər cəmi 30 dəqiqəlik tənəffüslə 3 dərs ard-arda 150 dəqiqə davam edərsə, bu, həm tələbə, həm də müəllim üçün diqqət dağınıqlığına, zehni yorğunluğa və öyrənmə keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Eyni zamanda, tələbənin laboratoriya, kitabxana və ya digər əlavə resurslardan istifadə etməsi, öyrəndiyi məlumatı dərinləşdirməsi və onu seminarlarda tətbiq etməsi baxımından da 90 dəqiqəlik model daha münasibdir. Avropa ölkələrinin əksəriyyətində də dərs müddətləri 80-90 dəqiqə arasındadır. 50 dəqiqəlik dərs modeli əsasən ABŞ və Türkiyədə tətbiq olunur və bu modelin effektivliyi bəzi hallarda sual altına düşür, xüsusilə də mövzunun dərindən mənimsənilməsi baxımından”.
Onun fikrincə, hazırda mövcud olan dərs müddəti, yəni 80 və ya 90 dəqiqə həm pedaqoji baxımdan, həm də öyrənmə keyfiyyəti baxımından daha məqsədəuyğundur.



