“Uşağa nə dediyinə diqqət et” – Ziya Səlcuqdan valideyn və müəllimlərə mesaj
Heydər Əliyev Mərkəzində professor, Türkiyənin “Maya” məktəblər şəbəkəsinin yaradıcısı Ziya Səlcuqun ustad dərsi və "Qırx dəfə demişəm" kitabının təqdimatı olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, “Sürətdən dərinliyə: özünə qayıdış” adlı ustad dərsi Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyinin və “Network” Azərbaycanda təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə baş tutub.
800-ə yaxın müəllimin iştirak etdiyi tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli çıxış edib. O, iştirakçıları salamlayaraq tədbirə yüksək marağın olmasını xüsusi vurğulayıb.
İş gününün sonunun olmasına baxmayaraq, “Qırx dəfə demişəm” kitabının Azərbaycan dilində nəşrinin təqdimatında və ustad dərsində öyrənməyə həvəsli müəllimlərin iştirak etməsinin sevindirici olduğunu bildirib: “Bu, qonağımızın şəxsiyyətinə olan hörmətin və ustad dərsinin mövzusuna olan marağın göstəricisidir”.
“Öyrənən və öyrədənlər arasındakı sağlam münasibət təhsil sisteminin əsas dayaqlarındandır”
Mətin Kərimli Ziya Səlcuqun kitabının mövzusuna diqqət çəkib: “Təhsil və elm sadəcə məktəblə məhdudlaşmır. Təhsil həm də maariflənən cəmiyyət, öyrənən valideyn deməkdir. Uşağın öyrənməyə münasibəti, davranışları və sosial bacarıqları məktəb, ailə və cəmiyyətin birgə təsiri ilə formalaşır. Buna görə də öyrənən və öyrədənlər arasındakı sağlam münasibət təhsil sisteminin əsas dayaqlarından biridir. Bu baxımdan təqdim edilən kitab və ustad dərsinin mövzusu xüsusi maraq kəsb edir”.
“Yalnız pedaqoqlar deyil, biz valideynlər də daim öyrənməliyik”
M.Kərimli deyib ki, hər kəs bu kitabda özünü, uşaqlığını, hətta yetkin çağlarını görür: “Yəqin ki, hər birimiz uşaq vaxtı valideynlərimizdən hirslənəndə bu sözü eşidib: “Sənə qırx dəfə demişəm”. Lap qəzəblənəndə “100 dəfə demişəm”, hətta “Sənə min dəfə demişəm” də deyirdilər. İllər keçib, biz böyümüşük, yetkin və təcrübəli insanlar olmuşuq, amma davranış qəliblərimiz eyni qalıb. İndi biz deyirik: “Qırx dəfə demişəm”. Bəli, qırx dəfə deyirik, bəs neçə dəfə və necə dinləyirik? Hansı dildə deyirik, yəni üslubumuzu və sözlərimizi uşaqların yaşına və ehtiyaclarına uyğunlaşdırırqmı? 5 yaşlı uşağa dediyimizi 15 yaşlı yeniyetməyə də eyni şəkildə deyirik. Halbuki uşaqlar bizi sadəcə dinləmir, həm də müşahidə edirlər. Məsələn, uşağa “sakit danış” deyirik, amma əsəbiləşəndə özümüz yüksək səslə danışırıq, uşağa deyirik “kitab oxu”, amma onlar görürlər ki, özümüz telefona baxırıq. Bütün bunlar göstərir ki, yalnız pedaqoqlar deyil, biz valideynlər də daim öyrənməliyik. Çünki ilk dəfə ata-ana olanda heç kim bizə valideyn diplomu vermir. Biz uşaqlarla birlikdə böyüyürük. Təqdim olunan kitab müəllimlə şagird, valideynlə uşaq arasında yaranan psixoloji dinamika və kommunikasiya maneələrini sadə, ancaq elmi yanaşmalarla təhlil edir. Bu yanaşmalar təhsil siyasətinin də əsasında dayanan insan kapitalının inkişafını və şagirdyönümlü təhsil prinsipləri ilə uzlaşır. İnanıram ki, Ziya Səlcuqun uzun illər ərzində uşaq inkişafı və təhsil sahəsində formalaşdırdığı peşəkar təcrübəyə əsaslanan bu kitab Azərbaycanda da öz oxucusunu tapacaq, təhsil işçilərini və valideynləri düşündürəcək”.
Sürətdən dərinliyə: özünə dönüş
Ziya Səlcuq isə valideynlərə, uşaqlara xidmət edən istənilən fəaliyyətin faydalı olduğuna diqqət çəkərək “Qırx dəfə demişəm” kitabını yazmaq səbəbindən danışıb: “Amerika yazarlarından tərcümə edilən o qədər çox kitab var ki! Fəqət bizim uşaqlar amerikan deyil, ana-ataları amerikalı deyil. Amerikada hazırlanmış bir kitabı oxuyub orada deyilənlərə əsaslanmaq Amerikada yetişən bir çiçəyi Ankarada, Bakıda yetişdirməyə bənzər. Həmin çiçək Bakıda yaşamayacağı kimi ordan gələn bilgilər də burada işə yaramır. Bu kitabı hazırlayarkən dedim ki, biz valideynlərə, uşaqlara yönəlik bir iş görəcəyiksə, bizim coğrafiyamızda, evlərimizdə nə deyildiyini, nə söyləndiyini, bizim uşaqlarımızla necə danışıldığını öyrənməliyik. Dilimizdə nə var, kəndlərimizdə, şəhərlərimizdə ata-analar uşaqlarla necə danışırlar? Bütün bunları ədəbiyyatlardan, universitetlərdəki araşdırmalardan yox, elə sahələrdə öyrənək, orada söylənənləri diqqətə alaq, deyə düşündüm. Kitabın əsas çıxış nöqtəsi budur”.
Ziya Səlcuq ustad dərsində həm də valideyn olan təhsil işçilərinə ailədə uşaqlar, sinifdə şagirdlərlə münasibətləri əks etdirən nümunələr əsasında öz təhlilinin nəticələrindən danışıb.
“Uşaqlara dediyimiz cümlə bizim öz xəritəmizdir. Onlara dediklərinizi bir yerə yazsanız, onları oxuyub xəstəliyinizi, hansı müalicəyə ehtiyacınız olduğunu, durumunuzu söyləyə bilərəm”, - deyən Ziya Səlcuqun sözlərinə görə, kitabın ana mesajı bundan ibarətdir ki, uşağa nə dediyinə diqqət et. Dediyimiz kəlmələrlə uşağa yanlış mesajlar da ötürə bilərik.
Professor təhsil işçilərinə sinifdə onları əsəbiləşdirən şagirdlərinə təşəkkür etməli olduqlarını da vurğulayıb: “Təşəkkür edin ki, onlar sizin zəif yerinizi, inkişf etdirməli olduğunuz yönünüzü göstərirlər”.
Ziya Səlcuq valideynlərə uşaqlarla uzun illərə dayanan planlar qurmamağı tövsiyə edir: “Uşaq ucun ən uzaq gələcək yay tətilidir, ana-atanın gələcək planları onlar üçün çox uzaqdır”.
“Qırx dəfə demişəm”
Xatırladaq ki, uzun illərini uşaq inkişafı və təhsillə bağlı fəaliyyətlərə həsr etmiş professor Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabında gündəlik həyatda tez-tez istifadə etdiyimiz ifadələr, deyimlər və qəlibləşmiş sözlər valideynlik prizmasından yenidən təhlil edilir. Bu təhlil insanların uşağa və uşaqlığa baxışını dəyişdirməyi hədəfləyən səmimi söhbət üslubunda təqdim olunub.
Məlumat üçün bildirək ki, Ziya Səlcuq 2018–2021-ci illərdə Türkiyənin milli təhsil naziri vəzifəsində çalışıb. Peşəkar fəaliyyəti boyu diqqətini yalnız uşaqlara və “uşaqlıq” anlayışına yönəldən professor Ziya Səlcuq hazırda “Öndə müəllim” Fondunun sədri olaraq fəaliyyətini davam etdirir, elmi araşdırmalar aparır və sosial məsuliyyət üzrə müxtəlif layihələr həyata keçirir.




