Uşağın bioloji saatı: valideynlər nələri bilməlidirlər?

16 Oktyabr, 2026 - 10:03
Uşağın bioloji saatı: valideynlər nələri bilməlidirlər?

Məktəbyaşlı uşaqların sağlamlığı deyəndə, ilk növbədə, düzgün qidalanma, fiziki aktivlik və xəstəliklərdən qorunma yada düşür. Halbuki orqanizmin daha bir mühüm tənzimləyicisi var: “bioloji saat”. İnsan orqanizmində gün ərzində çoxsaylı fizioloji funksiyalar ritmik şəkildə dəyişir. Uşaqlarda isə bu ritmlər yaşa uyğun olaraq tədricən formalaşır və onların yuxusuna, idrak fəallığına, diqqətinə, qidalanmasına və hətta məktəbdəki fəaliyyətinə təsir göstərir. 

Uşağın gündəlik rejiminin pozulması yorğunluq, diqqət dağınıqlığı, iştahasızlıq, baş ağrısı və digər problemlərlə müşayiət oluna bilər. Buna görə də valideynlər üçün əsas sual yalnız “Uşaq nə qədər oxumalıdır?” deyil, həm də “Uşaq nə vaxt oxumalı, nə vaxt yatmalı, nə vaxt istirahət etməlidir?” sualıdır. Digər tərəfdən, yuxu, dərs, qidalanma və istirahət rejimi uşağın sağlamlığına və öyrənmə qabiliyyətinə necə təsir edir? 

Bu mövzuda suallarımızı Sabunçu Tibb Mərkəzinin I dərəcəli həkim-pediatrı Ramis İsmayılov cavablandırır. 

- Uşağın “bioloji saatı” nədir və valideynlər bunu necə başa düşməlidir? Bu ritmlər necə formalaşır və uşağın yaşından asılı olaraq necə dəyişir?

- Ümumiyyətlə, bioloji saatdan danışarkən gündəlik həyatın ritmini nəzərdə tuturuq. Bu ritm uşaqlar üçün də mövcuddur. Buraya uşağın yuxusu, qidalanması, nəfəs alması, zehni fəaliyyəti və bir çox bioloji proseslər daxildir. Bu ritmlərdən bəziləri fizioloji ritmlərdir, bəziləri uşağın həyatı boyu qazanılır. Bioloji ritm uşağın yaşından asılı olaraq dəyişir. Yeni doğulmuş körpələrdə südəmər dövrdə bu ritm çox dəyişkən olur. Məsələn, körpə uşaq gecə-gündüz rejimini dəyişdirir. Müəyyən bir yaş dövrünə qədər bəzi fizioloji aktlar qeyri-iradi olur. Yaş artdıqca uşaq cəmiyyətin bir üzvünə çevrilir, vərdişlər yaranır. Məktəb yaşında isə ritm daha dəyişkəndir. Yeniyetməlik dövründə artıq həyat ritmi bəzən öz inkişafının zirvəsinə çatır. 

- Bu gün valideynlərin ən çox qarşılaşdığı problemlərdən biri uşağın gec yatmasıdır. Uşağın yuxu saatının davamlı olaraq gecikməsi onun sağlamlığına və gündəlik fəaliyyətinə necə təsir edir? Uşağın gec yatması sadəcə bir vərdişdir, yoxsa sağlamlıq problemi?

- Bir gün, yəni 24 saat iki fazadan ibarətdir. Birinci faza səhər saat 6-dan axşam saat 6-ya kimidir. Bu, günəş fazasıdır, buna oyanıqlıq fazası da deyilir. İkinci faza axşam saat 6-dan səhər saat 6-ya qədər olan vaxtdır. Bu, ay fazasıdır. Bu uşaqlarda, eləcə də bütün insanlarda yuxuya hazırlıq fazası adlanır və bu fazada artıq insanlarda həyat fəaliyyəti zəifləyir və yuxuya hazırlıq dövrü başlayır. Uşaqlarda bir çox anadangəlmə və qazanılmış xəstəliklərlə yanaşı yuxu problemi ola bilər. Belə uşaqlarda biz artıq sağlamlıq problemi ilə üzləşirik. 

Belə ki, yuxuya getmənin gecikməsi artıq uzunmüddətli olur və bu, uşağın gələcək inkişafında, ilk növbədə, sinir sistemində müəyyən dəyişikliklər yaradır. Uşaqda həyat fəaliyyəti zəifləyir, dərslərdə geri qalır, fiziki, psixi inkişafında ləngimələr olur. Bu, hərtərəfli müayinə, eyni zamanda müalicə tələb edir və bu uşaqlar uzun müddət həkim nəzarətində olurlar. 

Ancaq uşaqlar arasında yuxuya getmənin gecikməsinin vərdiş variantlarına az da olsa rast gəlinir. Məsələn, praktikamızda yuxuya gec gedən, ancaq fiziki, psixi inkişafında heç bir qüsur olmayan uşaqlara az da olsa rast gəlirik. Belə uşaqlar başqa uşaqlardan heç bir xüsusiyyətləri ilə fərqlənmirlər, aktiv və həyat fəaliyyətləri yüksək olur.

- Həftə ərzində erkən oyanan uşaq şənbə-bazar günləri günortaya qədər yatmaq istəyir. Həftəsonu “qoy uşaq istədiyi qədər yatsın” yanaşması doğrudurmu?

- Uşaqlarda bioloji saat ritmi çox dəyişkən olduğu üçün erkən oyanma ritmini bəzən qanuniləşdirmək olmur. Uşaqlardan fərqli olaraq, böyüklərdə bəzən bu ritm həyat tərzinə çevrilir. Belə ki, onlar istirahət günlərində də eyni saatda oyanırlar və yuxudan oyanma əvvəlki rejimdə olur. 

Uşaqlarda isə ritm dəyişməyə meyillidir. Ona görə, “bazar günü gəlsin, istirahət günü olsun, tətil olsun, doyunca yatacam” sözü məhz uşaqlara aiddir. Hətta bəzən ailədə uşaq məktəbə getmir ki, “qoy doyunca yatsın” cümləsini də işlədirik. 
 
Hətta türk folklorunda rast gəlinən “uşaq o qədər yatıb ki, sidiyinin rəngi sifətinə çıxıb” cümləsi də bəzən həyatda öz yerini tapır. Yəni, uşaqlarda yuxuya meyillik daha artıq olur. Yuxunun ikinci bir fizioloji əhəmiyyəti odur ki, belə bir deyim də var: “uşaq yuxuda böyüyür”.  

Yəni, boy hormonu olan somatotrop hormonu gecə yuxusunun pik saatlarında artır. Ona görə, uşağın sağlam yuxusu onun boy artmasında böyük rol oynayır. Hətta məktəbə yay tətilindən qayıdan uşaqların necə boy artdığını, necə böyüdüyünü görüb, bəzən təəccübləndiyimiz vaxtımız az olmayıb. 

 Həmişə yay tətilindən qayıdanda uşaqların bəzilərini tanımaq olmur. Yəni, artıq yuxu, aktivlik, oyun - bütün bunların hamısı uşağın inkişafına öz müsbət təsirini göstərir. Ona görə də bu ritmə valideynlərin müsbət yanaşması bəzən həkimlər tərəfindən müsbət qiymətləndirilir.

- Uşaq səhər çətin oyanırsa, bunu necə qiymətləndirmək lazımdır? Bu, sadəcə yuxusevərlikdir, yoxsa yuxu çatışmazlığı və ya başqa problemin göstəricisi ola bilər?

- Uşaqlarda yuxudan çətin oyanmanın bəzən səbəbləri o uşağın anatomik quruluşundan da asılı olur. Arıq, astenik uşaqlarda, yəni sinir-arteritik-diatezli uşaqlarda yuxu çox zaman səthi olur. Bəzən bu uşaqlar barədə “qış yuxusu yatır” deyirlər, yəni onların səhər oyanması çətin olmur, onları vaxtında oyatmaq o qədər çətinlik təşkil etmir. 

 Ancaq ikinci qrup olan timikolimfatik, diatezli, kök - pastoz uşaqlarda yuxu dərin olur, səhər onları oyatmaq çətindir. Bəzən bu uşaqlar gecələr o qədər dərin yatırlar ki, hətta gecə enurezi də baş verir, hətta özlərinin də bundan xəbərləri olmur. Bu, konstitusional quruluşdan asılı ola bilər. Ancaq, bəzən gec yatmaq, yuxu çatışmazlığı da səhər oyanmaya təsir edə bilər. 

Əgər hər hansı bir xəstəliklə əlaqədar olaraq uşaq gec yatırsa, yuxusu kifayət qədər olmursa, bəli, o uşaqlar səhər gec oyana bilərlər. Ancaq, bu, müvəqqəti olur. Həmin xəstəlik aradan qaldırılanda uşaq yenə əvvəlki vərdişinə qayıdır, yenə əvvəlki formada səhər oyanır və yuxu rejimini qaydaya salır, bərpa edir. Ümumiyyətlə, səhər gec oyanmanın özü bəzən uşağın fizioloji quruluşundan çox asılı olur.

- Uşağın ən məhsuldar saatları hansılardır? Ev tapşırıqları hansı saatlarda yerinə yetirilsə, uşaq daha az yorularaq daha səmərəli işləyə bilər?

- Oyanıqlıq, aktivlik hormonu olan kortizol insanlarda səhər saat 6-dan axşam saat 6-ya qədər olur. Axşam saat 6-dan yuxu hormonu olan melatonin hormonu ifrazı və yuxuya hazırlıq fazası başlayır. 

Onu görə uşaqların aktivlik fəaliyyəti üçün ən yaxşı vaxt səhər saat 10-dan, təxminən gündüz saat 5-ə qədər olan müddətdir. Bu müddət ərzində, əgər uşaq aktiv gəzirsə, oynayırsa, bu, onun gələcək sağlamlığı üçün əsasdır. Eyni zamanda zehni fəaliyyətlə məşğul olursa, bu onun zehni fəaliyyətini artırar, uşağı az yorar və onun sağlamlığı, bir növ, qorunmuş, alınan nəticə daha yaxşı olar. Ona görə günün birinci yarısı uşağın oxuması, məşğul olması üçün ən yaxşı, məhsuldar dövr sayılır.

- Çox dərs oxumaq, yoxsa düzgün vaxtda dərs oxumaq? Uşağın gecə saatlarına qədər dərs oxuması onun akademik nəticəsini yaxşılaşdırırmı, yoxsa müəyyən saatdan sonra uzunmüddətli zehni fəaliyyət əksinə, səmərəsiz və zərərli olur?

- Uşaqların oyunlarının, gəzintisinin, qidalanmasının, dərs oxumasının düzgün təşkili tibbi nöqteyi-nəzərdən çox əhəmiyyətlidir. Bunun üçün biz həkimlər adətən günün səhər və günorta saatlarını daha məqsədəuyğun sayırıq. Çünki bu zaman uşaqlar daha aktiv olurlar. Bu qidalanma, dərs oxumağa da aiddir. Biz hətta “uşaq yatanqarına çox yeməz”, “yatanqarına çox su içməz” kimi ifadələr də işlədirik. Eyni zamanda axşam saatlarına qədər dərs oxumaq çox vaxt uşaqlarda nəinki zehni fəaliyyəti yüksəldə, onun dərs göstəricilərini artıra, hətta bir müddətdən sonra onda fiziki yorğunluğa səbəb ola bilər. Yuxarı sinif şagirdlərində, hazırlığa gedən, gecə saatlarına qədər dərs oxuyan uşaqlarda bəzən fiziki yorğunluq əmələ gəlir. 

Onlar dərs oxumaqdan bezikirlər və bu şikayətlərlə bəzən bizə müraciət edirlər və bir müddət onlar dərs fəaliyyətindən kənarlaşdırılırlar. Ona görə çox dərs oxumaq, çox çalışmaq, gecə saatlarına qədər dərs oxumaq önəmli deyil. Əsas önəm dərsin nə vaxt, hansı saatlara qədər və bədənin aktiv vaxtlarında oxunması daha məsləhətdir. 

- Uşağın yorulduğunu valideyn hansı əlamətlərdən anlamalıdır? Diqqətsizlik, əsəbilik, ağlağanlıq, dərsə marağın azalması, ünsiyyətdən qaçma – bunlar sadəcə “uşağın xasiyyəti” kimi qəbul edilməlidir, yoxsa yorğunluğun əlamətləri ola bilər?

- Sağlamlıq qruplarını qiymətləndirən zaman biz diqqət, fikir dağınıqlığı, ünsiyyətdən qaçma, özünə qapılma kimi xarakterli uşaqlara rast gəlirik. İndiki dövrdə bu autizmin müxtəlif spektrləri kimi qiymətləndirilir. Bu uşaqları dərsə, oyuna, ünsiyyətə cəlb etmək çox çətin olur. Bu uşaqlarla uzun müddət psixoloqlar məşğul olurlar və onların nəzarətində qalırlar. Artıq bu uşağın xasiyyəti fizioloji vəziyyət kimi qiymətləndirilir. Hətta bəzən bu əlamətlərdən, dərindən müayinə etdikdə, eyni əlamətləri valideynlərdə də aşkar etmək mümkün olur. Ancaq praktiki sağlam uşaqların birdən zəifləməsi, dərsdən geri qalması, pis qidalanması, rənglərinin avazıması, qarında səbəbsiz, hərdən tutma şəkilli ağrıların olması artıq patologiya sayılır və zəifləmə kimi qiymətləndirilir. Bu, bəzi hallarda uşağın həddən artıq yüklənməsi ilə izah oluna, bəzi hallarda isə kəskin xəstəliklərlə əlaqədar ola bilər.

- Telefon və planşet uşağın “bioloji saat”ını dəyişdirə bilərmi? Valideynlər ekran istifadəsinə hansı sərhədləri qoymalıdırlar?

- Bəli, hazırda uşaqların telefon və planşetlərə, kompüter oyunlarına həvəsi həddən artıq çoxdur. Hətta bəzən kiçikyaşlı uşaqları müayinəyə gətirən zaman telefon, oyunlar olmasa, onları müayinə etmək belə həddən artıq çətin olur. Və əslində müayinəyə imkan vermirlər.  Telefon və planşetlərdən istifadə uşaqlarda təbiətə  adaptasiyanı pozur, öz yaşıdları ilə ünsiyyətə mane olur. Görmə qabiliyyətinə mənfi təsir edir. Uşaqlarda təkliyə şərait yaradır və gələcəkdə uşaq eqoizminin yaranmasına səbəb olur. Axşam saatlarında telefonlardan istifadənin nəticəsi daha mənfi olur. Burada əsas yuxu sisteminə, sinir sisteminə təsir daha böyükdür. Yuxu pozulur, uşaqlar yuxuya gec gedirlər. Bəzən oyunda baxdıqları filmdəki qəhrəmanlar, körpə yaşlı uşaqların gecə yuxusuna da girə bilər. Mən bu halı “qorxulu yuxular” sindromu adlandırmışam. Həmin film qəhrəmanları bu uşaqlarda “qorxulu yuxular” sindrom yaradır. Uşaq qəflətən, kəskin qorxu içində yuxudan ayılır, bərkdən ağlayır, hətta bəzən ətrafdakıları tanımır və çox aqressiv olur. Profilaktik tədbirlər görülərsə, yəni uşaqlar gecə saatlarında bu filmlərə baxmırsa, bu problem müəyyən vaxtdan sonra aradan qaldırıla bilər. 

Bu xəstəlik sayılmır, lakin uzun müddət davam etsə, xəstəliyə çevrilə bilər. Ancaq kompüter əsr olduğu üçün müəyyən yaş qrupundan sonra uşaqların, məktəbyaşlı uşaqların kompüterdən istifadəsinə valideynlərin nəzarəti ilə 30-40 dəqiqə müddətində icazə vermək olar. Bu, gələcəkdə onlarda elm və texniki yeniliklərə yiyələnmək vərdişləri qazanmaq üçün də əsas ola bilər.

- Qidalanma saatlarının da “bioloji saatı” varmı? Uşağın səhər yeməyini buraxması, naharı gecikdirməsi və gecə ağır yemək yeməsi onun sağlamlığına necə təsir edir?

- Bəli, uşaqlarda qidalanmanın “bioloji saat”ı mövcuddur. Adətən uşaqlarda mədə şirəsi, mədə turşuluğu az olur. Mədəaltı vəzin, öd kisəsinin, bağırsaqların fəaliyyəti zəif olur. Bu da çox vaxt özünü onlarda iştahanın az olması ilə göstərir.

Pediatra olan müraciətlərin çox vaxt əsasını “uşaq çox pis yeyir” şikayəti tutur. Uşaqlarda mədə şirəsinin ifrazı çox vaxt səhər 10-dan sonra başlayır. Günün orta saatlarında artır və gecə saatlarına, axşam saatlarına qədər davam edir. Bəzən gecə, axşam, yataqdan qabaq yeməyə meyilli olan uşaqların olması da bununla izah olunur. Səhər məktəbə gedən zaman, bu, adətən kiçikyaşlı şagirdlərə aiddir, az yemək yeyən, yemək yeməyən uşaqlarda bir neçə dərsdən sonra mədə şirəsi ifrazı başlayır. Uşaqlarda qanda şəkər düşür, arterial təzyiq enir, kəskin halsızlıq başlayır. Çox vaxt bu şikayətlərlə klinikaya gətirilən uşaqlar heç də az olmur. 

Yaxın keçmişə qədər adətən kiçik məktəbyaşlı uşaqlar məktəbə ikinci növbə gedərdilər və eyni zamanda yaş fərqi indikindən bir-iki yaş daha artıq idi. Ona görə uşaqların səhər məktəbə ac getməsi, kifayət qədər yeməməsi səhər yeməyinin, naharın vaxtında olmaması, axşam saatlarında isə çox yemək, gecə saatlarında yemək yemək artıq həzmin, qidalanmanın, “bioloji saat”ın pozulması sayılır və gələcəkdə uşaqların fizioloji inkişafına öz mənfi təsirini göstərir və göstərə bilər.

- Uşağın gündəlik rejimi pozulanda ilk hansı siqnallara diqqət yetirmək lazımdır? İştahasızlıq, baş ağrısı, qəbizlik, solğunluq, tez yorulma və tez-tez xəstələnmə. Valideyn hansı hallarda bunları rejim pozuntusu ilə əlaqələndirməli, hansı hallarda isə mütləq həkimə müraciət etməlidir?

- Kiçik və orta yaş qrupu uşaqlarda vərdiş etdikləri gündəlik rejimin qismən və uzunmüddətli pozulmaları bir sıra əlamətlərlə özünü göstərir. Bu rejimi pozan səbəblərə çox dərs yükü, həddən artıq idman, yuxunun kifayət qədər olmaması, təmiz havada az olmaq kimi əlamətləri göstərmək olar. Valideynlər bu zaman uşaqda rəngin avazıması, tez yorulma, iştahsızlıq, baş ağrıları kimi şikayətlərə fikir verməlidirlər.

Bəzən bu səbəblər aradan qaldırıldıqdan sonra əlamətlər itir və çox vaxt tibbi yardıma ehtiyac olmur. Ancaq sakitlik və hərəkət zamanı, tənginəfəslik, səbəbsiz gecə və gündüz öskürəkləri, qarında tutma şəkilli ağrılar, sidik, nəcis ifrazında olan dəyişikliklər artıq patologiyadan, xəstəlikdən xəbər verir və bu halda mütləq həkimə müraciət olunmalıdır və xəstəlik aradan qaldırılmalıdır.

- Məktəb, valideyn və uşağın bioloji ritmi arasında necə balans yaratmaq olar? Məktəbin dərs cədvəli, ev tapşırıqları, əlavə məşğələlər, idman və uşağın yuxu ehtiyacı bir-birinə uyğun gəlməyəndə valideyn hansı prioriteti seçməlidir?

- Çoxillik həkimlik təcrübəmdə qənaətə gəldiyim həqiqətlərdən biri odur ki, bütün valideynlər üçün uşağın sağlamlığı daha önəmlidir, vacibdir. Qəbula gələn valideynlərin çoxu “onun oxuması bizə o qədər vacib deyil, tək canı sağ olsun” cümləsini işlədirlər. Mənim bir şüarım var: orta savadlı sağlam övlad, ali savadlı xəstə övladdan yaxşıdır. Müəyyən mənada bu yanaşma özünü doğruldur. Əgər dərs cədvəli, əlavə məşğələlər, idman, yuxu rejiminin qismən, qısamüddətli pozulmaları olursa, onların məktəbin, həkimlərin, valideynlərin köməyi ilə bir müddətdən sonra aradan qaldırmaq mümkün olur.

Bu əlamətlər davamlı olmur və müəyyən vaxtdan sonra keçib gedə bilər. Ancaq bəzi hallarda anadangəlmə, müəyyən xəstəliklər, fiziki qüsurlar, sonra həyatda müəyyən qazanılmış xəstəliklər kimi hallarda artıq uşaqların bioloji ritmində müəyyən düzəlişlər etmək lazım gəlir. Belə ki, həkimlərin rəyi əsasında həmin uşaqlara yüngülləşdirilmiş dərs rejimi seçilə bilər.

Hətta bəzi uşaqlara həmin rəy əsasında evdə dərs rejimi də tətbiq olunur və bu, bizim praktikamızda da çox rast gəlinir. Ancaq istənilən halda həm cəmiyyət, həm valideynlər, həm tibb işçiləri üçün uşağın sağlamlığı daha önəmlidir.

- Valideynlər üçün bir “qızıl qayda” olaraq, yalnız üç tövsiyə verə bilsəydiniz, bunlar hansılar olardı?

- Uşağın sağlam, uğurlu böyüməsi üçün valideynlər, ilk növbədə, onun istirahət, təhsil və qidalanmasının düzgün təşkil edilməsinə, eyni zamanda xəstəliklərə qarşı müqavimətinin artırılmasına daha çox fikir verməlidir. Yaz-payız aylarında uşaqlar arasında mövsümi xəstəliklər çox yayılır.

Ona görə bu xəstəliklərə qarşı immunitetin artırılması üçün valideyn daim həkimlərdən tövsiyələr almalıdır. Bir çox yoluxucu, uşaq həyatı üçün təhlükəli olan xəstəliklərə qarşı hazırda çox uğurla profilaktik peyvəndlər olunur. Bu peyvəndlərin vaxtında, hamısı olmasa da müəyyən, çox faizinin olunmasına çalışmaq lazımdır.

Əgər uşağın təhsil yükü çoxdursa, onda əlavə məşğələlərdən, idman məşqlərindən azad olunmalıdır. Uşaq daim təmiz havada olmalıdır, sağlam qida ilə təmin olunmalıdır. Eyni zamanda sağlam yuxu prinsipinin çox böyük faydası var.

Beləliklə, bu tövsiyələr valideynlər üçün ilk növbədə təklif olunan tövsiyələrdir. Və bu tövsiyələr, bu təkliflər bizim uşaqlar üçün seçdiyimiz o “qızıl qayda”nı əvəz edə, elə həmin o “qızıl qayda” ola bilər.