Uşağın öyrənməyə marağı haradan başlayır: ailədən, yoxsa məktəbdən?
Uşağın təhsil uğurunu nə müəyyənləşdirir: yüksək qiymətlər, müəllimin peşəkarlığı, yoxsa ailənin dəstəyi? Müasir pedaqoji yanaşmalar göstərir ki, öyrənməyə maraq yalnız sinif otağında formalaşmır. Şagirdin özünəinamı, ailədə gördüyü münasibət, müəllimin yanaşması və sosial mühit onun təhsilə münasibətində mühüm rol oynayır. Bəzən uşağın dərsə marağının azalmasının arxasında bilik çatışmazlığından daha çox uğursuzluq qorxusu, özünəinamın zəifləməsi və ya kifayət qədər dəstək görməməsi dayanır. Elə buna görə də müasir təhsildə əsas hədəflərdən biri şagirdləri yalnız bilik əldə etməyə deyil, öyrənməyi sevməyə həvəsləndirməkdir.
Bəs valideynlər övladlarının təhsilə marağını necə artıra bilərlər? Uşağa qarşı yüksək gözləntilər onu uğura aparır, yoxsa əlavə psixoloji yük yaradır? Məktəb və ailə arasında əməkdaşlıq necə qurulmalıdır?
Bu və digər suallar Mingəçevir şəhəri N.Ahəngari adına 13 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən “Tədrisdə motivasiya və öyrənməyə marağın artırılması” mövzusunda valideyn konfransında müzakirə olunub. Tədbirdə məktəb direktorları, psixoloqlar, müəllim və valideynlərin iştirakı ilə təhsildə motivasiya, valideyn məsuliyyəti, şagirdlərin fərdi inkişaf xüsusiyyətləri və məktəb–ailə münasibətlərinin əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, konfransda Mingəçevir Təhsil sektorunun müdiri Rüstəm Aslanov, sektorun əməkdaşları, Mingəçevir Dövlət Universitetinin Tədrisin təşkili və planlaşdırılması şöbəsinin müdiri Şahin Maşayev, ali təhsil ocağının nümayəndələri, şəhərin orta ümumtəhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər və mətbuat nümayəndələri iştirak ediblər.
Yüksək qiymət həmişə yüksək motivasiya deməkdirmi?
Konfransda diqqətçəkən əsas məsələlərdən biri şagirdlərin akademik nailiyyətlərinin yalnız qiymətlərlə ölçülməsinin onların öyrənmə motivasiyasına təsiri olub. Müzakirələrdə bildirilib ki, uşağın dərsə marağının formalaşmasında onun göstərdiyi səylərin qiymətləndirilməsi, fərdi bacarıqlarının üzə çıxarılması və özünü təhlükəsiz hiss etdiyi öyrənmə mühitinin yaradılması mühüm əhəmiyyət daşıyır. Şagirdin səhv etməkdən çəkinmədiyi, sual vermək və fikrini ifadə etmək imkanının olduğu mühit onun intellektual inkişafı üçün daha əlverişli hesab edilir.
Çıxışlarda valideynlərin övladlarının təhsil nəticələrinə münasibəti, uşaqlarda məsuliyyət hissinin formalaşdırılması və ailədə sağlam psixoloji mühitin yaradılması məsələləri də ön plana çəkilib.
Məruzəçilər təlim motivasiyasının yüksəldilməsində məktəblə ailənin qarşılıqlı əlaqəsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, valideynin övladına göstərdiyi diqqət yalnız ev tapşırıqlarına nəzarətlə məhdudlaşmamalı, onun maraqlarını, çətinliklərini və emosional ehtiyaclarını anlamağı da əhatə etməlidir.
Rəqəmsal texnologiyaların uşaqların gündəlik həyatına təsiri də konfransda müzakirə olunan mövzular sırasında olub. Sosial şəbəkələrdən və elektron resurslardan istifadənin düzgün tənzimlənməsi, uşaqların informasiya mühitində təhlükəsizliyinin təmin olunması və texnologiyalardan tədris məqsədilə səmərəli istifadə məsələlərinə toxunulub.
Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən konfransdan razı qaldıqlarını deyən iştirakçılar təəssüratlarını “Azərbaycan müəllimi” ilə də bölüşüblər.
“Uşağın hər gün yüksək qiymət almasını gözləmək doğru deyil”
Konfransda iştirak edən valideyn Gülnar Hüseynova övladların təhsil nəticələrinə münasibətdə valideynlərin daha həssas və anlayışlı davranmasının vacibliyini vurğulayıb: “Biz valideynlər bəzən övladımızdan yalnız yüksək nəticə gözləyirik. Uşaq məktəbdən qayıdanda ilk sualımız “Bu gün neçə aldın?” olur. Halbuki “Bu gün nə öyrəndin?”, “Məktəbdə özünü necə hiss etdin?” suallarını da verməliyik. Düşünürəm ki, uşağın hər gün yüksək qiymət almasını gözləmək doğru deyil. Əsas məsələ onun öyrənməyə marağını itirməməsidir. Hər bir uşağın fərqli qabiliyyəti və öyrənmə sürəti var. Onları bir-biri ilə müqayisə etmək əvəzinə, fərdi inkişaflarına diqqət yetirməliyik. Məncə, valideynin ən böyük dəstəyi uşağın kiçik uğurlarını belə görməsi və onu daha yaxşı nəticələrə həvəsləndirməsidir. Bu konfrans bizə övladlarımızın təhsilinə fərqli prizmadan baxmağın vacibliyini xatırladır”.
“Məktəblə əlaqəmiz yalnız problem yarananda başlamamalıdır”
Digər müsahibimiz Leyla Mehdiyeva da valideyndir. O, deyir ki, məktəb və ailə arasında davamlı əməkdaşlığın uşaqların təlim-tərbiyəsində mühüm rol oynayır. “Bəzən valideynlər məktəbə yalnız övladlarının dərslərində və ya davranışlarında problem yarandıqda müraciət edirlər. Məncə, bu, düzgün yanaşma deyil. Məktəblə əlaqəmiz yalnız problem yarananda başlamamalıdır”
Müəllimlə valideyn arasında əlaqə davamlı olmalıdır. Çünki uşaq günün müəyyən hissəsini məktəbdə, digər hissəsini ailədə keçirir. Biz övladımızın evdəki davranışını görürük, müəllim isə onu fərqli mühitdə müşahidə edir. Bu iki tərəf bir-biri ilə əməkdaşlıq etdikdə uşağı daha yaxşı anlamaq mümkündür. İstəyərdim ki, belə konfranslar mütəmadi təşkil olunsun. Burada yalnız müəllimlərin tövsiyələrini dinləmirik, digər valideynlərin təcrübələrindən də faydalanırıq. Ən əsası, anlayırıq ki, uşağın uğuruna görə məsuliyyət təkcə məktəbin üzərinə düşmür”.
“Özümüz də onlara nümunə olmalıyıq”
Digər valideyn Şahnaz Ələsgərova müasir dövrdə uşaqların rəqəmsal texnologiyalara artan marağının ailələr üçün yeni çətinliklər yaratdığını qeyd edib: “Bu gün valideynlərin qarşılaşdığı əsas çətinliklərdən biri uşaqların telefon və sosial şəbəkələrə həddindən artıq maraq göstərməsidir. Bəzən dərs oxumaq əvəzinə saatlarla telefonda vaxt keçirirlər. Valideyn olaraq buna görə narahat oluruq. Amma düşünürəm ki, telefonu tamamilə qadağan etməklə problemi həll edə bilmərik. Əsas məsələ uşağa texnologiyadan düzgün istifadə etməyi öyrətməkdir. İnternetdə kifayət qədər faydalı təhsil resursları var. Uşaqları həmin imkanlara yönləndirməliyik. Digər tərəfdən, özümüz də onlara nümunə olmalıyıq. Əgər valideyn bütün günü telefonla məşğuldursa, uşağından dərs, kitab oxumağı tələb etməsi nə dərəcədə təsirli ola bilər? Hesab edirəm ki, bu istiqamətdə məktəb və valideynlərin birgə maarifləndirilməsi çox vacibdir”.
“Uşağı dinləmədən onun niyə dərs oxumaq istəmədiyini anlaya bilmərik”
Valideyn Güllü Həsənova isə deyir ki, bəzən uşağımızın dərs oxumaq istəmədiyini görəndə dərhal onu danlayırıq, məsuliyyətsizlikdə günahlandırırıq: “Ancaq özümüzə sual vermirik ki, görəsən, bunun səbəbi nədir? Bəlkə uşaq hansısa fənni başa düşməkdə çətinlik çəkir, bəlkə sinifdə özünü rahat hiss etmir, yaxud uğursuzluqdan qorxur? Mən düşünürəm ki, valideyn ilk növbədə övladını dinləməyi bacarmalıdır. Uşağın bizimlə rahat danışa bilməsi, problemlərini gizlətməməsi çox önəmlidir. Onlara yalnız nəticə əldə etdikdə deyil, çətinlik yaşadıqları zaman da dəstək olmalıyıq. Uşaq ailəsində ona inanıldığını hiss edəndə özünəinamı da artır. Belə görüşlər biz valideynlərə övladlarımızın yalnız dərslərinə deyil, onların daxili dünyasına da diqqət yetirməli olduğumuzu göstərir. Valideyn konfransları məktəb–ailə əməkdaşlığına yeni imkanlar yaradır”.
“Valideyn məktəbin fəaliyyətində müşahidəçi deyil, fəal tərəfdaş olmalıdır”
Mingəçevir şəhər təhsil sektorunun müdiri Rüstəm Aslanov məktəb–ailə əməkdaşlığının təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını qeyd edib: “Bu gün orta ümumtəhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri şagirdlərin yalnız akademik göstəricilərini yüksəltmək deyil, eyni zamanda, onlarda öyrənməyə maraq, müstəqil düşünmə bacarığı, məsuliyyət hissi və özünəinam formalaşdırmaqdır. Uşağın uğuru yalnız qiymətlərlə ölçülməməlidir. Onun fərdi qabiliyyətləri, sosial davranışları və emosional inkişafı da diqqət mərkəzində saxlanılmalıdır.
Hesab edirəm ki, bu istiqamətdə məktəblə ailə arasında sağlam əməkdaşlığın qurulması xüsusi əhəmiyyət daşıyır. Valideyn məktəbin fəaliyyətində sadəcə müşahidəçi deyil, fəal tərəfdaş olmalıdır. Övladının təhsilinə maraq göstərən, onun fikirlərini dinləyən, müəllimlərlə davamlı ünsiyyətdə olan valideyn uşağın inkişafına mühüm töhfə verir”.
Rüstəm Aslanovun sözlərinə görə, bu cür konfransların keçirilməsi valideynlərin maarifləndirilməsi, onların təhsil prosesində iştirakının genişləndirilməsi və məktəblərimizdə sağlam psixoloji mühitin formalaşdırılması baxımından əhəmiyyətlidir: “Biz istəyirik ki, hər bir şagird məktəbdə özünü dəyərli hiss etsin, bacarıqlarını sərbəst nümayiş etdirə bilsin və öyrənməyə həvəslə yanaşsın.
Unutmamalıyıq ki, uşağın təhsil uğuru məktəblə ailənin ortaq əməyinin nəticəsidir. Məktəb və valideyn eyni məqsəd ətrafında birləşdikdə daha keyfiyyətli təhsil mühitinin yaradılması və gələcəyin savadlı, yaradıcı, məsuliyyətli gənclərinin yetişdirilməsi üçün möhkəm zəmin formalaşır”.




