Uşağınızın dərs oxumaq istəməməsinin 6 səbəbi: bu sadəcə tənbəllik deyil!
Valideyn kimi övladınızın motivasiya çatışmazlığı yaşadığını, dərsdən qaçdığını və ya hər şeyi son dəqiqəyə saxladığını görmək sizi narahat edə bilər. Çox vaxt onların dərs oxumaq istəməməsini tənbəlliklə əlaqələndirmək asandır. Amma həqiqət budur ki, bu davranışın arxasında çox vaxt tənbəlliklə əlaqəsi olmayan daha dərin səbəblər dayanır. Bu səbəbləri başa düşmək, övladınızı daha sağlam və məhsuldar oxu rejiminə yönləndirməyə kömək edə bilər.
“Azərbaycan müəllimi” GT Scholars tərəfindən hazırlanmış analitik məqalənin tərcüməsindən əldə olunan məlumatları oxuculara təqdim edir.
Sosial şəbəkə və əyləncə vasitələrinin diqqəti yayması
Bu gün uşaqlar sosial media, video oyunlar və müxtəlif əyləncə platformalarının yaratdığı daimi diqqət yayındırıcı amillərlə qarşılaşırlar. Smartfon və planşetlər onların diqqətini dərsdən asanlıqla uzaqlaşdırır. Araşdırmalara görə, yeniyetmələr gün ərzində təxminən 7 saat ekran qarşısında vaxt keçirirlər.
"Instagram", "TikTok" və "YouTube" kimi platformalar ani dopamin verir və uşaqlar dərs zamanı belə telefonu tez-tez yoxlamaq ehtiyacı hiss edirlər. Bu isə konsentrasiyanı pozur və öyrənmə ritmini dağıdır. Valideyn olaraq diqqət yayındırıcı amillərdən uzaq, xüsusi bir oxu mühiti yaratmaq övladınızın fokuslanmasına kömək edə bilər.
Təzyiq və yüksək gözləntilərin yaratdığı stres
İmtahanlar, qiymətlər və tapşırıqlar uşaqlar üçün böyük stres yarada bilər. Gözləntilər çox yüksək olduqda narahatlıq artır və nəticədə uşaq dərsdən qaçmağa başlayır. Stres onların diqqətini, yaddaşını və motivasiyasını zəiflədir. Dəstəkləyici bir mühit yaratmaq və uşağa istirahət üçün zaman vermək stresin azalmasına və dərsə marağın artmasına kömək edir.
Aydın və konkret oxu məqsədlərinin olmaması
Məqsədsiz oxu prosesi uşaqlar üçün həm yorucu, həm də nəticəsiz görünə bilər. Hədəf olmadıqda “haradan başlayım?” sualı yaranır və bu da təxirəsalmaya səbəb olur. Məsələn, 20 riyaziyyat tapşırığı həll etmək, bir fəsli təkrar oxumaq, testə hazırlaşmaq kimi kiçik məqsədlər motivasiyanı artırır və öyrənməni strukturlaşdırır.
Effektiv olmayan oxu texnikaları
Bəzi uşaqlar necə düzgün öyrənəcəyini bilmir. Passiv şəkildə qeydlərə baxmaq və ya imtahan ərəfəsində bütün materialı sıx şəkildə oxumaq effektiv deyil və zəif nəticələrə gətirib çıxarır. Bu zaman uşaq “Onsuz da alınmır” düşüncəsinə qapıla bilər. Materialın kiçik hissələrə bölünməsi, fləşkartlardan istifadə, aktiv öyrənmə texnikaları bu problemi aradan qaldıra bilər.
Hesabatlılığın olmaması
Təkbaşına oxuyan uşaq tez yorula və motivasiyasını itirə bilər. Onu izləyən, yönləndirən və dəstək olan birinin olması, yəni bu, valideyn, müəllim, tyutor və ya dost ola bilər. Bu da uşağın məsuliyyət hissini artırır.
Eyni məqsədli yaşıdlarla əhatə olunmamaq
Tək oxumaq darıxdırıcı və təcridedici ola bilər. Əgər uşaq məqsədyönlü və motivasiyalı yaşıdlarla əhatə olunmursa, öz motivasiyasını da itirə bilər.
Araşdırmalara görə:
•Tələbələrin 70%-i qrupda oxuyanda daha motivasiyalı olur,
•60%-i isə daha yaxşı öyrəndiyini deyir.
Oxu qrupları uşaqlara müzakirə, fikir mübadiləsi və qarşılıqlı dəstək imkanı yaradır.
Məqalədə də qeyd olunduğu kimi, uşağın dərs oxumamaq səbəbi çox vaxt tənbəllik deyil. Diqqət yayındırıcı amillər, stres, düzgün oxu üsullarının olmaması və sosial dəstəyin çatışmazlığı uşağın motivasiyasını zəiflədə bilər. Valideynlər bu faktorları nəzərə alaraq daha sağlam oxu mühiti yarada və uşaqlarına dəstək ola bilərlər.


