Ali təhsil sistemində əcnəbi tələbələr: Müqayisəli təhlil
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən "Ali təhsil sistemində əcnəbi tələbələr:
Avstraliya, Kanada, Fransa, Almaniya, Niderland və Birləşmiş Krallıq üzrə tendensiyaların, çağırışların və siyasi yanaşmaların müqayisəli təhlili" adlı hesabat hazırlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Təhsil İnstitutu tərəfindən hazırlanan Beynəlxalq Təhsil İcmalının may sayında hesabatdan çıxarışlara yer verilib.
Hesabatda 2013-2023-cü illərdə Avstraliya, Kanada, Fransa, Almaniya, Niderland və Böyük Britaniyada əcnəbi tələbə axınındakı dəyişikliklər, ali təhsil siyasətindəki yeniliklər, tələbələrin qarşılaşdıqları sosial-iqtisadi, akademik problemlər, həmçinin tətbiq olunan dövlət və institusional siyasətlər müqayisəli şəkildə təhlil edilir.
Hesabatın nəticələrinə əsasən, 2023-cü ildə əcnəbi tələbələrin ən yüksək sayı Böyük Britaniyada qeydə alınıb: 748 min nəfər. Həmin dövrdə Avstraliyada 467 min, Almaniyada 423 min, Kanadada 389 min, Fransada 276 min, Niderlandda isə 169 min əcnəbi tələbə təhsil alıb. Müqayisə göstərir ki, ən sürətli artım Kanada və Niderlandda müşahidə edilib.
Hesabatda qeyd olunur ki, əcnəbi tələbələrin əsas hissəsi Asiya ölkələrindən gəlir. Xüsusilə Hindistandan gələn tələbələrin sayı bütün ölkələr üzrə artıb. Bunun əksinə olaraq, Çindən gələn tələbələrin payı əksər ölkələrdə azalıb. Regional baxımdan Fransada əcnəbi tələbələrin əsasən Afrika ölkələrindən, Niderlandda isə Avropa ölkələrindən gəldiyi müşahidə olunur.
Həmçinin qəbul prosesi zamanı tələbələrin əsas informasiya mənbələri universitetlərin rəsmi internet səhifələri və beynəlxalq reytinq platformaları olub. Bir çox ölkədə qəbul və viza prosedurlarında vasitəçi qurumlar tərəfindən göstərilən xidmətlərdən geniş istifadə edilib. Araşdırma göstərir ki, viza müddətləri və təhsil haqları ölkələr üzrə əhəmiyyətli dərəcədə fərqlənir. Almaniyada dövlət universitetlərində təhsilin ödənişsiz olması bu ölkənin daha əlçatan olmasına şərait yaratmışdır. Ən yüksək təhsil haqları isə Böyük Britaniya, Kanada və Avstraliyada qeydə alınıb.
Hesabatdan görünür ki, əcnəbi tələbələr akademik mühitə ümumilikdə uyğunlaşsalar da, sosial inteqrasiya və yerli tələbələrlə ünsiyyət sahəsində müəyyən çətinliklərlə qarşılaşırlar. Xüsusilə Almaniya, Fransa və Niderlandda təcrid hissi və sosial əlaqələrin zəif olması daha çox müşahidə edilib. Hesabatda qeyd olunur ki, əcnəbi tələbələrin qarşılaşdığı əsas problemlərdən biri yaşayış və maliyyə məsələləridir. Kanada, Avstraliya və Niderlandda tələbələrin əhəmiyyətli hissəsi uyğun yaşayış yeri tapmaqda çətinlik çəkdiyini bildirmişdir. Yüksək yaşayış xərcləri səbəbindən bir çox tələbə təhsil müddətində işləməyə məcbur olmuşdur. Bu vəziyyət nəzərə alınaraq, müxtəlif ölkələrdə tələbə yataqxanalarının imkanları genişləndirilmiş və sosial dəstək proqramlarının əhatə dairəsi artırılıb.
Hesabatda əcnəbi tələbələrin qarşılaşdığı diskriminasiya halları da geniş şəkildə təhlil olunur. Nəticələr göstərir ki, əcnəbi tələbələr bir sıra ölkələrdə yerli tələbələrlə müqayisədə daha çox diskriminasiya və sosial təcrid halları ilə üzləşirlər. Niderlandda əcnəbi tələbələrin 41 faizi diskriminasiya ilə qarşılaşdığını bildirdiyi halda, bu göstərici yerli tələbələr arasında 21 faiz olub. Oxşar vəziyyət Fransada da müşahidə edilib. Belə ki, əcnəbi tələbələr üzrə göstərici 31 faiz, yerli tələbələr üzrə isə 14 faiz təşkil edib. Almaniyada isə xüsusilə Sahara ətrafı Afrika ölkələrindən, həmçinin Şimali Afrika və Yaxın Şərqdən gələn tələbələrin daha çox diskriminasiya ilə üzləşdiyi qeyd olunur. Sorğulara əsasən, Sahara ətrafı Afrika ölkələrindən olan tələbələrin 29 faizi, Şimali Afrika və Yaxın Şərq mənşəli tələbələrin isə 26 faizi universitet daxilində diskriminasiya yaşadığını bildirmişdir. Universitetdənkənar sosial mühitdə isə bu göstəricinin 68 faizə qədər yüksəldiyi vurğulanır.
Böyük Britaniyanın "Russell Group" universitetlərində aparılmış sorğunun nəticələri də oxşar tendensiyanı göstərir. Sorğuda iştirak edən əcnəbi tələbələrin 32 faizi irqçilik, 30 faizi isə ksenofobiya halları ilə qarşılaşdığını qeyd etmişdir.
Hesabatda həmçinin, beynəlxalq tələbələrin məzun olduqdan sonrakı vəziyyəti təhlil olunur. Burada əsas diqqət tələbələrin təhsildən sonra ölkədə qalma göstəricilərinə, əmək bazarına inteqrasiyasına və daimi yaşayış statusu əldə etmə meyillərinə yönəldilmişdir. Müqayisəli nəticələr bu sahədə ölkələr arasında nəzərəçarpacaq fərqlərin olduğunu göstərir.
Təhsil üçün ilk icazənin verilməsindən beş il sonra qüvvədə olan yaşayış statusuna malik əcnəbi şəxslərin payı Kanada və Almaniyada 52 faiz təşkil etmişdir. Bu göstərici Avstraliyada 34 faiz, Fransada isə 33 faiz olmuşdur. Niderlandda ölkədə qalma səviyyəsi 19 faizə qədər azalmış, Böyük Britaniyada isə cəmi 7 faiz qeydə alınıb.
Uzunmüddətli perspektivdə də oxşar tendensiya müşahidə olunur. Onillik dövr üzrə ölkədə qalma göstəricisi Almaniyada 45 faiz, Kanadada 44 faiz, Avstraliyada isə 29 faiz olub. Hesabatda Böyük Britaniyada əcnəbi tələbələrin uzunmüddətli məskunlaşma səviyyəsinin xüsusilə aşağı olduğu vurğulanır. Belə ki, 2015-ci ildə ölkəyə gəlmiş əcnəbi tələbələr arasında 9-10 il sonra daimi yaşayış hüququ əldə edənlərin payı cəmi 4 faiz təşkil edib.
Hesabatda qeyd olunur ki, əcnəbi vətəndaşların məzun olduqdan sonra əmək bazarına keçid mərhələsində ilkin məşğulluq göstəriciləri yerli vətəndaşlarla müqayisədə daha aşağıdır. Buna baxmayaraq, zaman keçdikcə bu fərqin tədricən azaldığı müşahidə olunur. Araşdırma göstərir ki, əcnəbi məzunların məşğulluq imkanlarına təsir edən əsas amillərdən biri onların miqrasiya və yaşayış statusudur.
Avstraliyada aparılmış sorğuların nəticələrinə əsasən, bakalavriat məzunlarının 18 faizi, magistratura məzunlarının isə 20 faizi ixtisas tələb etməyən işlərdə çalışmasını daimi yaşayış icazəsinin olmaması ilə əlaqələndirmişdir. Bu isə göstərir ki, hüquqi status və əmək bazarına çıxış imkanları əcnəbi məzunların peşə uyğunluğuna birbaşa təsir göstərir.
Kanada nümunəsi isə daha fərqli mənzərə ortaya qoyur. Hesabatda vurğulanır ki, məzun olduqdan sonra iş icazəsi alan əcnəbi tələbələrin daimi yaşayış statusuna keçid ehtimalı daha yüksək olub. Belə ki, 2006-2010-cu illərdə bu icazəni alanların 74 faizi on il ərzində daimi yaşayış statusu əldə etmişdir. 2016-2020-ci illərə aid göstəricilər isə bu keçid prosesinin daha sürətli baş verdiyini göstərir. Hesabatda əcnəbi tələbə siyasətinin daha effektiv və dayanıqlı şəkildə formalaşdırılması məqsədilə dörd əsas istiqamət müəyyən edilib:
1.Əcnəbi tələbə qəbulunun daha sabit, şəffaf və proqnozlaşdırıla bilən mexanizmlər əsasında tənzimlənməsi başlıca istiqamətlərdən biri kimi göstərilmişdir. Hesabatda vurğulanır ki, potensial tələbələrə etibarlı və real məlumatın təqdim edilməsi, milli informasiya platformalarında təhsil xərcləri, yaşayış şərtləri və maliyyə imkanlarının açıq şəkildə göstərilməsi xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, qəbul və miqrasiya proseslərində fəaliyyət göstərən vasitəçi qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi də başlıca istiqamətlərdən biri kimi qiymətləndirilir.
2. Əcnəbi tələbələrin akademik uyğunlaşmasının və sosial inteqrasiyasının gücləndirilməsi yolu ilə təhsil proqramlarını yarımçıq tərk etmə risklərinin azaldılması prioritet sahələrdən biri kimi müəyyən edilmişdir. Bu məqsədlə qəbuldan əvvəl hazırlıq proqramlarının genişləndirilməsi, mentorluq və tələbə dəstək mexanizmlərinin inkişaf etdirilməsi tövsiyə olunur. Eyni zamanda, mənzil təminatı, maliyyə yardımı və psixoloji dəstək xidmətlərinin əlçatanlığının artırılması əcnəbi tələbələrin ümumi rifahının və təhsil prosesinə uyğunlaşmasının əsas komponentləri kimi təqdim edilir.
3. Əcnəbi məzunların əmək bazarına keçidinin dəstəklənməsi əsas istiqamətlərdəndir. Bu çərçivədə universitetlərin karyera dəstək xidmətlərinin genişləndirilməsi, tələbələrin peşəkar şəbəkələrə çıxış imkanlarının artırılması, diplomların tanınması qaydalarının sadələşdirilməsi və işəgötürənlərin əcnəbi məzunlarla bağlı məlumatlandırılmasının gücləndirilməsi vacib hesab olunur. Sənəddə qeyd edilir ki, bu tədbirlər əcnəbi məzunların ixtisaslarına uyğun məşğulluq imkanlarını genişləndirə və onların iqtisadi inteqrasiyasını sürətləndirə bilər.
4. Əcnəbi tələbələrlə bağlı məlumat bazasının və monitorinq mexanizmlərinin təkmilləşdirilməsi vacib İstiqamətlərdən biri kimi qeyd edilmişdir. Buraya əcnəbi tələbələrə dair məlumatların vahid standartlar əsasında toplanması, məzunların sonrakı təhsil və əmək fəaliyyəti üzrə trayektoriyalarının izlənməsi, eləcə də peşəkar inteqrasiya göstəricilərinin mütəmadi monitorinqi daxildir.
Mənbə: OECD (2026), International Students in Higher Education: A comparative analysis of trends, challenges and policy responses in Australia, Canada, France, Germany, the Netherlands and the United Kingdom, Higher Education, OECD Publishing, Paris, https://doi.org/10.1787/005ff28d-en.



