Uşaqlar bəzi səsləri niyə deyə bilmirlər? - Loqoped səbəbləri açıqladı

7 Oktyabr, 2026 - 13:40
Uşaqlar bəzi səsləri niyə deyə bilmirlər?

Uşaqlarda səslərin düzgün tələffüzünün formalaşmasına nitq aparatının quruluşundan eşitmə və tənəffüs xüsusiyyətlərinə qədər müxtəlif amillər təsir göstərə bilər. Problemin səbəbinin vaxtında müəyyənləşdirilməsi, düzgün loqopedik yanaşmanın seçilməsi və zərurət yarandıqda tibbi müdaxilənin tətbiqi nitqin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsinin dekanı, loqoped Nailə Hüseynova bildirib ki, uşaqlarda müəyyən səslərin düzgün tələffüz olunmamasının səbəbləri həm anadangəlmə, həm də sonradan qazanılmış ola bilər.

Onun sözlərinə görə, əsas səbəblərdən biri nitq aparatının ayrı-ayrı üzvlərinin lazımi səviyyədə inkişaf etməməsi və ya hərəkətliliyinin zəif olmasıdır:

“Buraya dil, dodaq, yumşaq və sərt damaq, dişlərin sırası və çənə quruluşu ilə bağlı xüsusiyyətlər daxildir. Açıq dişləm, üst və ya alt çənənin irəli gəlməsi, ön və yan dişlər arasındakı boşluqlar da səslərin tələffüzünə təsir göstərə bilər”.

N.Hüseynova qeyd edib ki, eşitmə qabiliyyətindəki problemlər də düzgün tələffüzün formalaşmasına mane ola bilər: 

“Əgər uşaq səsləri düzgün eşitmir və qavramırsa, onların tələffüzündə də pozuntular yarana bilər. Eşitmənin zəifləməsi və səslərin düzgün qavranılmaması uşağın nitqində özünü göstərə bilər.

Düzgün tənəffüsün formalaşmaması da nitqə təsir edən amillər sırasındadır. Nəfəsalma və nəfəsvermə aktlarının pozulması, eləcə də mərkəzi sinir sisteminin zədələnməsi yalnız səslərin tələffüzündə deyil, nitqin sürət və tempində də dəyişikliklərə səbəb ola bilər". 

Ən çox hansı səslərin tələffüzündə çətinlik yaranır?

N.Hüseynova doğuş zamanı baş verən bəzi ağırlaşmaların da nitqin sonrakı inkişafına təsir göstərə biləcəyini bildirib:

“Doğuş zamanı yaranan zədələnmələr, asfiksiya və hipoksiya nəticəsində uşağın baş beyninə kifayət qədər oksigen çatmadıqda nitq mərkəzinin fəaliyyəti zədələnə bilər. Bu da sonradan nitqin inkişaf mərhələsində ləngimə ilə özünü göstərə bilər. Eyni zamanda məktəbəqədər yaş dövründə müxtəlif səs qruplarının tələffüzündə pozuntulara daha çox rast gəlinir.

Əsasən fitli və fışıltılı səslərin - “s”, “z”, “ş”, “j” səslərinin tələffüzündə çətinliklər müşahidə olunur. Bundan başqa, “x”, “q” kimi damaq samitlərində, eləcə də “r”, “l” kimi sonor səslərin tələffüzündə də problemlər ola bilər”.

Onun sözlərinə görə, həmin pozuntuların korreksiya müddəti bütün uşaqlarda eyni olmur. Loqopedik məşğələlərin müddəti və intensivliyi uşağın yaşına, nitq pozuntusunun ağırlıq dərəcəsinə, neçə səsin və ya səs qrupunun pozulduğuna əsasən müəyyənləşdirilir:

“Loqoped əvvəlcə uşağı müayinə edir, daha sonra məşğələlərin həftədə neçə dəfə keçirilməli olduğunu və müddətini müəyyənləşdirir. Məktəbəqədər yaşlı, məsələn, 3-4 yaşlı uşağın diqqət həcmi və iş qabiliyyəti nəzərə alınmalıdır. Bu yaşda məşğələ adətən 20-30 dəqiqə ərzində təşkil olunur. Daha uzun müddət uşağın yorulmasına səbəb ola bilər”.

N.Hüseynova həmçinin vurğulayıb ki, korreksiya prosesində loqopedin peşəkarlığı da xüsusi əhəmiyyət daşıyır:

“Peşəkar loqoped bütün mərhələləri düzgün təşkil etdikdə səsin qoyuluşunu həyata keçirə, daha sonra həmin səsi uşağın nitqində möhkəmləndirə bilər. Nəticədə uşaq həmin səsi sərbəst tələffüz etməyə başlayır”.

“3-4 yaşda aparılan korreksiya ilə 10 yaşda aparılan korreksiya eyni deyil”

Onun fikrincə, tələffüz problemində vaxtında müdaxilə mühüm rol oynayır:

“Əgər uşaq hər hansı səsi tələffüz etməkdə çətinlik çəkirsə, vaxtında müdaxilə olunmalıdır. Səsin qoyuluşu və möhkəmləndirilməsi erkən yaşda aparıldıqda proses daha asan gedə bilər. 3-4 yaşında aparılan korreksiya ilə 10 yaşında aparılan korreksiya eyni deyil. Buna görə hər bir səsin tələffüzündə yaranan problemə vaxtında müdaxilə edilməsi vacibdir”.

N.Hüseynova valideynlərin evdə uşağa dəstək göstərə biləcəyini, lakin loqopedik məşğələləri mütəxəssis səviyyəsində müstəqil şəkildə əvəz etməsinin düzgün olmadığını bildirib:

“Loqoped valideynə müəyyən ev tapşırıqları verir ki, məşğələdə görülən iş evdə də möhkəmləndirilsin. Valideyn uşağın nitqinə diqqət edə, onunla düzgün danışa və mütəxəssisin tövsiyələrinə əməl edə bilər. Ancaq səs qoyuluşu, xüsusi masaj və digər peşəkar müdaxilələri valideynin ev şəraitində özbaşına etməsi düzgün deyil”.

Loqopedin sözlərinə görə, valideynlərə verilən əsas tövsiyələrdən biri uşağın nitqinin formalaşdığı dövrdə onunla düzgün və aydın danışmaqdır:

“Uşaqla mümkün qədər bir dildə danışmaq, həmin dilin fonetik quruluşuna uyğun düzgün tələffüzdən istifadə etmək vacibdir. Uşaq hansısa sözü səhv və ya “uşaq dilində” deyirsə, valideyn də həmin formaya uyğunlaşaraq onu təkrarlamamalıdır”.

N.Hüseynova bildirib ki, nitqi tam formalaşmamış uşağın eyni zamanda müxtəlif dillərdə çoxsaylı audiovizual məzmunla qarşılaşması da nitqin formalaşmasına təsir göstərə bilər:

“Nitq inkişafı mürəkkəb bir prosesdir. Valideyn uşağın nitqinin formalaşmasını diqqətlə izləməli və onun bu prosesi yaşına uyğun şəkildə mənimsəməsinə şərait yaratmalıdır”.

Dosent qeyd edib ki, bəzi hallarda tələffüz probleminin yalnız loqopedik məşğələlərlə aradan qaldırılması mümkün olmur və tibbi müdaxiləyə ehtiyac yaranır.

Hər tələffüz problemi cərrahi müdaxilə tələb etmir

Onun sözlərinə görə, dilaltı bağın qısalığı hər zaman cərrahi müdaxilə tələb etmir:

“Dilaltı bağ yalnız həqiqətən ciddi şəkildə qısadırsa və dilin hərəkətinə mane olursa, müdaxilə məsələsinə baxıla bilər. Ehtiyac olmadığı halda cərrahi müdaxilənin tərəfdarı deyiləm”.

N.Hüseynova rinolaliya adlanan nitq pozuntusunun isə bəzi hallarda anatomik qüsurlarla əlaqəli olduğunu bildirib:

“Üst dodağın, sərt və ya yumşaq damağın bir və ya iki tərəfli yarıqları kimi anatomik problemlər olduqda cərrahi müdaxilə zəruri ola bilər. Belə hallarda əvvəlcə anatomik problem cərrahi yolla aradan qaldırılır, daha sonra loqoped yeni formalaşmış artikulyasiya aparatı ilə işləyərək səslərin qoyuluşuna başlayır”.

Onun sözlərinə görə, çənə quruluşu ilə bağlı bəzi problemlərdə ortodontik müalicəyə də ehtiyac yarana bilər. Kəkələmə zamanı isə cərrahi deyil, tibbi müdaxilə və müvafiq mütəxəssis yanaşması tələb oluna bilər.

N.Hüseynova onu da əlavə edib ki, bəzi uşaqlarda nitq pozuntusu ayrıca problem kimi deyil, digər inkişaf xüsusiyyətləri ilə birlikdə müşahidə oluna bilər:

“Məsələn, Daun sindromlu uşaqlarda loqoped nitq üzərində işləyərkən əsas vəziyyətlə bağlı tibbi müdaxilə və digər mütəxəssislərin dəstəyi də nəzərə alınmalıdır.

Bundan əlavə, nitq pozuntusunun səbəbi düzgün müəyyənləşdirildikdən sonra loqopedik, tibbi və ya zərurət olduqda cərrahi yanaşmanın seçilməsi daha məqsədəuyğundur", - deyə N.Hüseynova qeyd edib.