Uşaqlar niyə aqressivləşirlər? – Görünməyən səbəblər
Son günlər Türkiyədə məktəblərdə baş verən silahlı insidentlər, paytaxt Bakımızın bir neçə təhsil ocağında baş verən xoşagəlməz hadisələr - IX sinif şagirdinin sinif yoldaşının üzərinə spirt tökərək alışqanla yandırması və yeniyetmənin yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi, digər orta ümumtəhsil müəssisəsinin 15 yaşlı şagirdinin təhsil aldığı ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlarının yayılması, başqa bir məktəbin V sinfində təhsil alan şagirdin sinif yoldaşlarını ölümlə hədələməsi, Ağstafa məktəblərindən birində IX sinif şagirdinin VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirməsi cəmiyyətin diqqətini yenidən uşaqların davranışlarına və psixoloji durumuna yönəldib. Görünən odur ki, uşaqların aqressiv davranışları artıq qlobal xarakter alıb. Ayrı-ayrı insidentlər göstərir ki, yeniyetmələrin emosional reaksiyaları, konfliktləri həll etmə üsulları və bir-birinə münasibəti daha ciddi və sistemli yanaşma tələb edir. Bu hadisələrə yalnız “fərdi problem” kimi baxmaq artıq kifayət etmir.
Baş verən xoşagəlməz hadisələrin qlobal şəkildə özünü göstərməsi artıq problemin nə qədər təhlükəli həddə çatdığını açıq şəkildə ortaya qoyur. Bu kimi faktlar göstərir ki, uşaqlar arasında aqressiya artıq sadə mübahisə səviyyəsini aşaraq ciddi zorakılıq formasına keçə bilir.

Məktəb illərdir ki, bilik və sosiallaşma məkanı kimi qəbul olunur. Amma reallıq ondan ibarətdir ki, təhsil ocağı uşağın həyatının yalnız bir hissəsidir. O, davranış modellərini, emosiyalara münasibəti və ünsiyyət formasını ilk növbədə ailədən götürür. Yəni məktəbdə gördüyümüz aqressiyanın kökləri çox vaxt evdə, gündəlik münasibətlərdə, valideynlərin davranışında, ailədaxili mühitdə formalaşır.
Düşünürük ki, məktəbdə baş verən hadisələrə baxarkən məsuliyyəti yalnız təhsil mühitinin üzərinə qoymaq düzgün olmaz. Daha geniş mənzərəyə baxmaq lazımdır. Uşağın böyüdüyü ailə mühiti, gördüyü davranış modelləri və aldığı emosional dəstək onun gələcək reaksiyalarının əsasını təşkil edir. Uşaqların aqressiyası çox vaxt onların demək istədiyi, amma düzgün ifadə edə bilmədiyi problemlərin bir əks-sədasıdır. Və bu zaman haqlı olaraq suallar yaranır: Uşaqlarda bu cür aqressiyanı yaradan səbəblər nələrdir və bunun qarşısını necə almaq olar? Yeniyetmələrdə aqressiyanın qarşısının alınmasında yalnız məktəbmi məsuliyyət daşıyır? Ailə faktoru burada nə dərəcədə önəmlidir?
Elə Psixologiya Elmi Tədqiqat İnstitutunun Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru psixoloq Zeynəb Əliyeva ilə söhbətimizdə də hamımızı narahat edən bu məsələlərə toxunduq, suallara aydınlıq gətirməyə çalışdıq.
Aqressiya birdən-birə yaranan bir davranış deyil...
Psixoloq qeyd edir ki, aqressiya birdən-birə yaranan bir davranış deyil. Bu, uzun müddət yığılan emosional gərginliyin, özünü dəyərsiz hiss etmənin, qəbul olunmama qorxusunun, ailədə və ya sosial mühitdə görülən zorakı davranışların nəticəsi ola bilər. Bəzi hallarda isə uşaqlar aqressiyanı güc, hörmət və üstünlük qazanmaq vasitəsi kimi görürlər.
Uşaqlar çox zaman yaşadıqları narahatlıqları sözlə ifadə edə bilmədikdə bunu davranışları ilə göstərirlər. Aqressiya da bu davranış formalarından biridir: “Uşaq qəzəbini, incikliyini və ya qorxusunu ifadə etməyi öyrənməyibsə, o zaman bu hisslər zorakı davranışa çevrilə bilər. Xüsusilə yeniyetməlik dövründə emosiyalar daha kəskin yaşanır və nəzarət mexanizmləri tam formalaşmadığı üçün risk artır. Uşaq konflikt yaşadığı yaşıdına qarşı bu dərəcədə aqressiv davranış sərgiləməsi, onun daxilində yığılan gərginliyin və idarə olunmayan emosiyaların nəticəsi ola bilər”.
“Evdə zorakılıq, hörmətsizlik görən uşaq bunu məktəbdə, dost çevrəsində tətbiq etməyə başlayır”
Zeynəb Əliyevanın sözlərinə görə, uşaqlar və yeniyetmələr arasında aqressiyanın artmasını yalnız məktəb mühiti ilə əlaqələndirmək düzgün olmazdı. Burada ən əsas faktorlardan biri ev mühiti, ailədaxili münasibətlər və uşağın böyüdüyü emosional atmosferdir. Uşaq ilk davranış modelini ailədə görür. Əgər evdə tez-tez qışqırıq, təhqir, fiziki və ya psixoloji zorakılıq, hörmətsizlik, daim gərgin münasibətlər varsa, uşaq bunu normal ünsiyyət forması kimi qəbul edə bilər. Sonra həmin modeli məktəbdə, dost çevrəsində və cəmiyyətdə tətbiq etməyə başlayır.
Digər tərəfdən, emosional baxımsızlıq da aqressiyaya səbəb olur. Yəni valideyn uşağın yalnız yemək, geyim, dərs ehtiyacını qarşılayır, amma onun hisslərini dinləmir, problemləri ilə maraqlanmırsa, uşaq içində yığılan narahatlığı aqressiya ilə ifadə edə bilər. Və bunun nəticəsi olaraq Bəzən uşaqlar “məni görün”, “məni anlayın”, “mənə diqqət edin” mesajını aqressiv davranışla verir.
Uşaq dəyişibsə, səbəbi araşdırılmalıdır - Valideynlərə nələrə diqqət etməlidirlər?
Həmsöhbətimiz deyir ki, aqressiv davranışın ilkin siqnalları çox önəmlidir. Valideynlər uşağın ani əsəbiləşməsi, qışqırmağa meyli, əşyaları sındırması, zəif uşaqlara və ya heyvanlara qarşı kobudluğu, yalanlarının artması, otağa qapanması, məktəbə getmək istəməməsi, davamlı neqativ danışması kimi əlamətlərə diqqət etməlidirlər. Bunlar “SOS” siqnalı” ola bilər. Uşaq dəyişibsə, səbəbi araşdırılmalıdır:“Uşaq qəzəbini sağlam şəkildə ifadə etməyi öyrənməlidir. Bunun üçün ona “vurmaq yox, danışmaq”,“bağırmaq yox, hissini sözlə demək”, “qəzəblənəndə fasilə vermək”, “nəfəs texnikaları”, “mən hirsləndim, çünki…” kimi ifadələr öyrədilməlidir. Valideyn özü də nümunə olmalıdır. Çünki uşaq deyiləni yox, gördüyünü təkrarlayır”.
Psixoloq bildirir ki, ailədaxili münasibətlər uşağın davranışına birbaşa təsir edir. Ən çox edilən səhvlərdən biri uşağın yanında dava etmək, onu başqaları ilə müqayisə etmək, daim tənqid etmək, sevgini şərtə bağlamaq və digər yanlış hərəkətlərdir. Bu hallar uşağın içində qəzəb, natamamlıq və etiraz yaradır.
“Bu gün səni sevindirən nə oldu?”, “kimsə səni incitdimi?”, “Sən kimisə incitdinmi?”
Zeynəb Əliyeva söyləyir ki, valideynlər gündəlik olaraq sadəcə “dərsin necə keçdi?” deməklə kifayətlənməməlidir. Övladlarına “Bu gün səni sevindirən nə oldu?”, “Kimsə səni incitdimi?”, “Sən kimisə incitdinmi?”, “Özünü tək hiss etdinmi?”, “Bu gün sənə çətin gələn nə idi?” kimi daha ətraflı verdikləri suallara aldıqları cavablar əsasında uşağın daxili dünyasını anlaya bilərlər.
Valideynlər uşağın həyatında yalnız nəzarətçi deyil, həm də emosional dəstək verən şəxs olmalıdırlar:“Valideynlər qeyd etdiyim kimi, hər gün övladlarının yalnız dərslərini yox, emosional vəziyyətini də soruşmalıdırlar. Uşağın kimlə dostluq etdiyi, hansı mövzulardan danışdığı, gün ərzində nə hiss etdiyi valideyn üçün maraqlı olmalıdır. Bu, sadəcə maraq deyil, profilaktikadır”.
Eyni zamanda psixoloq valideyn davranışlarının modelləşdirici rol oynadığını deyir :“Əgər uşaq evdə problemlərin qışqırıq və ya aqressiya ilə həll olunduğunu görürsə, o da eyni üsulu tətbiq edəcək. Amma ailədə dialoq, anlayış və hörmət varsa, uşaq da bunu mənimsəyir”.
Psixoloq bir məqamı da unutmamağı tövsiyə edir: “Uşaqlar arasında münaqişədə böyüklər dərhal tərəf tutmamalıdırlar. Əvvəl hər iki tərəfi dinləmək, emosiyanı sakitləşdirmək, ittiham yox həll yolu axtarmaq lazımdır. “Kim günahkardır?” yox, “bunu necə düzəldə bilərik?” yanaşması daha doğrudur.
Əgər uşağın aqressiyası davamlıdırsa, özünə və başqasına zərər verirsə, məktəbdə münasibətləri pozursa, ani davranış dəyişiklikləri varsa, mütləq psixoloq müdaxiləsi vacibdir. Erkən müdaxilə gələcək problemlərin qarşısını alır.
Həmsöhbətimizin sözlərinə görə, sosial şəbəkələr və rəqəmsal mühit də aqressiyanı təsirləndirir: “Şiddət məzmunları, təhqir dili, kibertəzyiq, müqayisə mədəniyyəti uşaqlarda aqressivlik və həssaslıq yarada bilər. Valideyn nəzarəti və rəqəmsal savadlılıq burada vacibdir”.
Məktəblərdə xüsusilə psixoloji xidmət gücləndirilməlidir
Məktəbin rolu ilə bağlı isə psixoloq bildirir ki, orta ümumtəhsil müəssisələri yalnız bilik verməklə kifayətlənməməlidir:“Məktəblərdə xüsusilə psixoloji xidmət gücləndirilməli, uşaqlara emosiyaların idarə olunması, qarşılıqlı hörmət,konfliktlərin həlli və empatiya kimi bacarıqlar öyrədilməlidir. Müəllimlər də bu sahədə maarifləndirilməli və şagirdlərdəki hər hansı bir mənfiyə doğru dəyişiklikləri, narahatlıqları vaxtında görüb, aşkara çıxartmalıdırlar. Təhsilverənlər sinif daxilində psixoloji mühiti daim nəzarətdə saxlamalıdırlar. Şagirdlər arasında təcrid olunan, tez-tez konfliktə girən və ya davranışında kəskin dəyişiklik olan uşaqlar diqqətdən kənarda qalmamalıdır. Uşaqların öz fikirlərini sərbəst ifadə edə bildiyi, təhlükəsiz hiss etdiyi sinif mühiti aqressiyanın azalmasına ciddi təsir edir”.
Zeynəb Əliyeva valideyn-müəllim əməkdaşlığının da burada həlledici amil olduğunu diqqətə çatdırır. Onun sözlərinə görə, əgər məktəbdə hər hansı uşaq və ya yeniyetmədə müşahidə olunan problem onun valideyninə vaxtında çatdırılarsa və birlikdə həll yolu axtarılarsa, daha ağır nəticələrin qarşısını almaq mümkündür.
Nəticədə, uşaqlarda aqressiyanı azaltmağın yolu onları qorxutmaq və ya cəzalandırmaqdan yox, anlamaqdan, dinləməkdən və düzgün istiqamətləndirməkdən keçir. Uşaq özünü dəyərli və eşidilmiş hiss etdikdə, aqressiyaya ehtiyac duymur.
Uşaq hər bir halda dinlənilməlidir
Zeynəb Əliyeva vurğulayır ki, dinlənilməyən uşaq zamanla ya özünə qapanır, ya da özünü ifadə etmək üçün daha sərt, bəzən isə aqressiv davranışlara yönəlir: “Uşaq hər bir halda dinlənilməlidir.Uşağı dinləmək sadəcə onun dediklərini eşitmək deyil. Burada əsas məsələ onu həqiqətən anlamağa çalışmaqdır. Uşaq danışarkən sözünü kəsməmək, onu tənqid etmədən və mühakimə etmədən dinləmək vacibdir. Əgər uşaq hiss edərsə ki, dedikləri, söylədikləri fikirlərlə bağlı dərhal danlanacaq və ya cəzalandırılacaq , o zaman növbəti dəfə danışmaqdan çəkinəcək. Xüsusilə konflikt və ya problem yaşanan hallarda uşağı dinləmək ikiqat önəm daşıyır. Çünki belə məqamlarda uşaq özünü müdafiə etməyə çalışır və əgər qarşı tərəfdən anlayış görməzsə, aqressiya daha da arta bilər. Əvəzində, sakit şəkildə “Səni nə narahat etdi?”, “Bu vəziyyətdə nə hiss etdin?” kimi suallar vermək uşağın emosiyalarını ifadə etməsinə şərait yaradır.
Uşaq danışdıqca rahatlaşır, anlaşıldıqca isə dəyişir
Həmsöhbətimiz deyir ki, aqressiv uşaq “pis uşaq” deyil, çox zaman düzgün ifadə edə bilmədiyi ağrısı olandır və ona cəza verməkdən əvvəl səbəbini anlamaq lazımdır.
Həm valideynlər, həm də müəllimlər üçün əsas mesaj budur: uşaq danışdıqca rahatlaşır, anlaşdıqca isə dəyişir. Dinlənilən uşaq özünü daha təhlükəsiz hiss edir, problemlərini gizlətmir və aqressiya ilə deyil, sözlərlə ifadə etməyi öyrənir.
Bu səbəbdən, uşaqlarla qurulan ünsiyyətdə ən güclü alətlərdən biri məhz diqqətli və səmimi dinləməkdir.



