Uşaqlar üçün sosial media qadağaları – Avropa hansı tədbirləri görür?

19 May, 2026 - 11:01
Uşaqlar üçün sosial media qadağaları – Avropa hansı tədbirləri görür?

Ötən ilin dekabrında Avstaliya dünyada 16 yaşdan aşağı uşaqların sosial şəbəkədən istifadəsinə qadağa tətbiq edən ilk ölkə oldu. 

"Azərbaycan müəllimi" “BBC”yə istinadən xəbər verir ki, Avropa ölkələri də buna bənzər addımlar atmağa hazırlaşırlar. Artıq Avropa İttifaqının üzvü olan 9 ölkə sosial platformalara giriş üçün müxtəlif minimum yaş hədləri təklif edirlər.  
 
Avropa hansı qaydaları tətbiq edir? 

Böyük Britaniyada 16 yaşdan aşağı şəxslər üçün ciddi sosial media qaydaları hazırlanır. Bu qaydalara mümkün qadağalar, yaş təsdiqi və məzmun məhdudiyyətləri daxildir. Ölkə üzrə geniş ictimai müzakirələrin 26 may 2026-cı ildə başa çatması gözlənilir. 

Fransada 15 yaşdan aşağı uşaqların sosial mediaya çıxışını qadağan etməyə çalışır və bunun bu ilin sentyabrına qədər tətbiq olunmasını hədəfləyir.

İspaniyada sosial şəbəkələrdən asılılıq, pornoqrafiya və zərərli məzmunla mübarizə məqsədilə 16 yaşdan aşağı şəxslər üçün sosial mediaya girişin qadağan olunması planlaşdırılır.

Portuqaliya hökuməti bu ilin əvvəlində 13–16 yaş arası istifadəçilər üçün valideyn razılığını tələb edən və 13 yaşdan aşağı uşaqlara qarşı məhdudiyyətləri gücləndirən qanun layihəsini qəbul edib. Plan çərçivəsində məcburi yaş təsdiqləmə texnologiyası da nəzərdə tutulur. 

Almaniya hökuməti 14 yaşdan aşağı uşaqlar üçün mümkün qadağa və 16 yaşa qədər yeniyetmələr üçün məhdudiyyətlər üzərində işləyir. Əsas tədbirlərə sərt yaş təsdiqləmə sistemi, “təhlükəsiz” gənclər versiyalarının yaradılması və asılılıq yaradan alqoritmlərin aradan qaldırılması daxildir.

Norveç 2026-cı ilin sonuna qədər 16 yaşdan aşağı şəxslər üçün ciddi sosial media qadağası tətbiq etməyi planlaşdırır. Qanunvericilik texnologiya şirkətlərindən yaş təsdiqləmə sistemləri qurmağı tələb edəcək.
Avropa ölkələri ilə yanaşı, Yeni Zelandiya, Malayziya və Hindistan da uşaqlar üçün sosial media qadağaları təklif ediblər.