Uşaqlara bank kartı verməzdən əvvəl bunlara diqqət edin! – Ekspertlər xəbərdarlıq edir
Son illərdə rəqəmsal ödəniş vasitələrinin geniş yayılması uşaqların da bank kartlarından istifadəsini gündəmə gətirib. Valideynlər övladlarına gündəlik xərcləri daha rahat idarə etmək və maliyyə məsuliyyəti aşılamaq məqsədilə bank kartı təqdim etməyə üstünlük verirlər. Lakin bu addım atılarkən uşağın yaşı, maliyyə savadlılığı və təhlükəsizlik qaydalarına əməl etməsi kimi məqamlar xüsusi əhəmiyyət daşıyır. Bəs uşaqlara bank kartı verilərkən hansı nüanslara diqqət yetirilməli və mümkün risklərdən necə qorunmaq olar?
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan iqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, Azərbaycanda əksər banklarda əsas karta bağlı digər kartlar almaq mümkündür:
“Belə kartlar da əsasən uşaqlara verilmək üçün nəzərdə tutulur. Mülki qanunvericiliyə görə, 7 yaşdan yuxarı uşaqlar məhdud mülki hüquqi qabiliyyətə malikdirlər. Onlar üçün qadağan olunan məhsullar xaricində digər məhsulları ala bilərlər. Burada ödəniş formasının nağd yaxud qeyri-nağd olması ilə bağlı məhdudiyyət qoyulmur”.
X.Kərimli qeyd edib ki, uşaqlara bank kartlarının təqdim edilməsi müsbət haldır:
“Uşaqlara nağd pul yerinə bank kartlarının verilməsi daha yaxşıdır. Çünki valideyn bu formada xərclərə nəzarət edə bilir. Onlar uşaqlara kartları təhvil verdikdə həmin kartların balansını, hesabdakı prosesləri yoxlamaq imkanı əldə edirlər. Amma valideynlər də diqqətli olmalı, bu kartlara həddindən artıq vəsait yükləməməlidirlər”.
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, bank xidmətlərindən istifadə səmərəli və sərfəlidir:
“Bu, həm də nağdsız dövriyyənin imkanlarının artmasına şərait yaradır. Uşaqlar da bu gün bank kartlarından istifadə edə bilərlər. Lakin bu ciddi validen nəzarəti altında olmalıdır. Valideynlər tərəfindən kart limitləri nəzarətdə saxlanılmalıdır. Uşaqlar bəzi hallarda ehtiyac olmayan xərclərə yol verə bilərlər”.
Ekspert qeyd edib ki, sözügedən prosesdə nəzarət olunmazsa, uşaqlar onlayn oyunlara və digər vasitələrə lazımsız xərcləmələr edə bilərlər:
“Həmçinin banklar tərəfindən kartlara müdaxilə oluna, istənməyən kredit təklifləri edilə bilər. Bəzi hallarda valideynlər öz adlarına olan kartları tətbiq vasitəsilə uşaqların telefonunda açaraq onlara təqdim edirlər. Belə hallarda da valideynlər diqqətli olmalı, köçürmələrə və xərclərə nəzarət etməlidirlər”.




