Uşaqları aqressiv edən nədir? – Dövlət Komitəsindən açıqlama
Son dövrlər məktəblərdə baş verən hadisələr və uşaqlar arasında aqressiv davranışların artması ictimai narahatlıq doğurur.
Mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirib ki, aqressiya və bullinq təkcə lokal deyil, qlobal miqyasda müşahidə olunan problemdir.
Komitədən verilən məlumata görə, uşaqların davranışında baş verən dəyişikliklərə müxtəlif amillər təsir göstərir. Xüsusilə nəzarətsiz internet istifadəsi, sosial şəbəkələrdə zərərli kontentə məruz qalma və ailədaxili nəzarətin zəifləməsi aqressiv davranışların formalaşmasında mühüm rol oynayır.
Qeyd olunub ki, uşaqlar uzun müddət sosial şəbəkələrdə vaxt keçirərək yaşlarına uyğun olmayan, zorakılıq və aqressiyanı təşviq edən məzmunlarla qarşılaşırlar. Bu təsirlər zamanla onların davranışında özünü göstərir və tərbiyə prosesini çətinləşdirir. Uşaqlar eyni zamanda rəqəmsal mühitdə kiberbullinq, şəxsi məlumatların ələ keçirilməsi, təhlükəli onlayn ünsiyyət və zərərli kontent kimi risklərlə də üzləşirlər ki, bu da onların psixoloji vəziyyətinə birbaşa təsir göstərir.
Komitə tərəfindən bu istiqamətdə profilaktik və maarifləndirici tədbirlərin həyata keçirildiyi də bildirilib. 2025-ci ildə “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış – bullinq” mövzusunda analitik təhlil aparılıb, məktəb və digər qurumların psixoloqları üçün xüsusi təlimlər təşkil olunub. Eyni zamanda, valideynlər və uşaqlar üçün maarifləndirici materiallar hazırlanaraq ictimaiyyətə təqdim edilib.
Qurumdan verilən açıqlamada uşaqların zərərli informasiyadan qorunması istiqamətində qanunvericilik bazasının da gücləndirildiyi vurğulanıb. Bildirilib ki, 2020-ci ildən qüvvədə olan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun və müvafiq dövlət proqramları çərçivəsində bu sahədə kompleks tədbirlər həyata keçirilir, eyni zamanda rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin artırılması üçün yeni normativ sənədlər üzərində iş aparılır.
Məlumatda xüsusilə valideynlərin rolu önə çəkilərək bildirilib ki, uşaqların internetdən istifadə müddətinin tənzimlənməsi, yaşa uyğun kontentin seçilməsi və valideyn nəzarəti proqramlarından istifadə aqressiv davranışların qarşısının alınmasında mühüm rol oynayır. Eyni zamanda, Komitə yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi vasitəsilə regionlarda uşaqlar arasında maarifləndirmə işləri aparılır və onların iştirakçılığı təşviq olunur.
“Uşaqların təhlükəsizliyi yalnız dövlətin deyil, həm də ailənin və cəmiyyətin birgə məsuliyyətidir”, – deyə açıqlamada vurğulanıb.



