Uşaqları dinləmək onların hüquqlarını qorumağın ilk addımıdır - Mütəxəssis rəyi
Uşaqların hüquqlarının müdafiəsi müasir cəmiyyətlərin əsas prioritetlərindən biridir. Onların təhlükəsiz, sağlam və ləyaqətli mühitdə böyüməsi yalnız ailənin deyil, dövlətin və bütün cəmiyyətin üzərinə düşən strateji məsuliyyətdir. Bu məqsədlə həm beynəlxalq, həm də milli səviyyədə bir sıra mühüm sənədlər qəbul olunub. BMT-nin 1989-cu ildə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiya dünyada uşaq hüquqlarının müdafiəsi üzrə əsas hüquqi baza rolunu oynayır. Azərbaycan bu konvensiyaya 13 avqust 1992-ci ildə qoşulub və 12 sentyabr 1992-ci ildə ölkəmizdə qüvvəyə minib. Bu addım müstəqilliyin ilk illərindən etibarən dövlətin uşaq hüquqlarının müdafiəsini prioritet istiqamət kimi müəyyən etdiyini göstərir.
Uşaq hüquqları istiqamətində aktiv fəaliyyət göstərən təşkilatlardan biri də “Ümidli Gələcək” Gənclər İctimai Birliyidir. Təşkilatın sədri Kəmalə Aşumova “Azərbaycan müəllimi”nə bu sahədə həyata keçirilən işlər, mövcud çağırışlar və qarşıdakı mərhələdə nəzərdə tutulan addımlar barədə danışıb.
”Uşaqların hüquqlarının pozulması hallarının qarşısının alınmasında ictimai sektorun rolu böyükdür”
Onun sözlərinə görə, “Ümidli Gələcək” Gənclər İctimai Birliyi uzun illərdir ki, Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi, sosial rifahı və təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir sıra işlər görür: “Təşkilat “Uşaq hüquqları” aylığı çərçivəsində layihələr həyata keçirilməyi planlaşdırır. Bunlara “Uşaq qaynar xətti”nin fəaliyyətinin genişləndirilməsi, reproduktiv sağlamlıq, sosial və maliyyə təhsili, eləcə də uşaqlar üçün ilk yardım və uşaq müdafiəsi üzrə təlimlərin təşkili daxildir. Birliyin əsas prioritet istiqamətlərini uşaqlara qarşı zorakılığın qarşısının alınması, psixoloji və hüquqi dəstək xidmətlərinin göstərilməsi, reproduktiv sağlamlıq və təhlükəsiz həyat tərzi ilə bağlı maarifləndirmə, həmçinin uşaqların sosial və maliyyə savadlılığının artırılması təşkil edir. Uşaqların hüquqlarının pozulması hallarının qarşısının alınmasında ictimai sektorun rolu böyükdür. “Ümidli Gələcək” bu istiqamətdə dövlət qurumları və təhsil müəssisələri ilə əməkdaşlıq edir, ictimai nəzarət, maarifləndirmə və preventiv fəaliyyətlər həyata keçirir”.
”Son illərdə valideyn və cəmiyyətin maarifləndirmə səviyyəsində müsbət dəyişikliklər müşahidə olunur”
Kəmalə Aşumova qeyd edib ki, zorakılıq və istismar hallarının əsas səbəblərindən biri ailədaxili münasibətlərin zəif olmasıdır: “Bununla yanaşı, maarifləndirmə çatışmazlığı, sosial-iqtisadi problemlər, uşaqlara qarşı diqqətsizlik də mühüm amillərdir. Bu səbəbdən valideynlərin və müəllimlərin bilik və bacarıqlarının artırılması vacib əhəmiyyət kəsb edir. Son illərdə valideyn və cəmiyyətin maarifləndirmə səviyyəsində müsbət dəyişikliklər müşahidə olunur. Xüsusilə reproduktiv sağlamlıq və uşaqlarla düzgün ünsiyyət sahəsində müəyyən irəliləyişlər olsa da, hələ də boşluqlar qalmaqdadır. “Ümidli Gələcək” bu istiqamətdə “Uşaq qaynar xətti”, sosial və maliyyə təhsili proqramları, eləcə də sosial təşəbbüslər vasitəsilə uşaqların səsini cəmiyyətə çatdırır. Təşkilat həmçinin müəllimlər, məktəb psixoloqları və uşaqlarla çalışan mütəxəssislər üçün uşaq müdafiəsi və ilkin yardım üzrə təlimlər həyata keçirir. Məktəblər və pedaqoqların başlıca vəzifələrindən biri uşaqların sosial və emosional rifahını qorumaq və onlara etibarlı, təhlükəsiz mühit yaratmaqdır”.
”Uşaqların hüquqlarını qorumaq üçün hər bir valideyn və müəllim ilk növbədə uşağı dinləməyi öyrənməlidir”
Onun sözlərinə görə, “Ümidli Gələcək” beynəlxalq əməkdaşlığa da xüsusi önəm verir. Qurum bi sıra qurumlarla birgə uşaq müdafiəsi, kibertəhlükəsizlik və təhsil layihələri həyata keçirir: “Son illərdə ən müsbət dəyişikliklərdən biri uşaqların problemləri barədə daha açıq danışması və “Uşaq qaynar xətti”nə müraciətlərin artmasıdır. Bu, uşaqların hüquqlarını daha yaxşı dərk etdiyini və cəmiyyətdə onlara qarşı etimad mühitinin formalaşdığını göstərir. Mənim fikrimcə, uşaqların hüquqlarını qorumaq üçün hər bir valideyn və müəllim ilk növbədə uşağı dinləməyi, ona hörmətlə yanaşmağı, təhlükəsiz və sevgi dolu mühit yaratmağı öyrənməlidir. Bu yanaşma uşağın sağlam psixoloji inkişafının və gələcəkdə məsuliyyətli və dəyərli vətəndaş kimi formalaşmasının əsas şərtidir”.



