“Uşaqları narkotikdən qorumaq üçün profilaktika vacibdir” – Komitə rəsmisi

9 Oktyabr, 2026 - 10:41
“Uşaqları narkotikdən qorumaq üçün profilaktika vacibdir”

Uşaq və yeniyetmələrin narkotik və psixotrop maddələrdən qorunması məsələsində ailə mühiti, valideyn nəzarəti, sosial çevrə və məktəb mühiti mühüm amillər sırasında yer alır. Riskli davranışların qarşısının alınması ilə yanaşı, belə hallarla üzləşən uşaqlara münasibətdə onların psixoloji vəziyyətinin, hüquqlarının, şəxsi məlumatlarının məxfiliyinin və sağlam sosial mühitə uyğunlaşmasının qorunması da xüsusi əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, uşaq və yeniyetmələrin narkotik və psixotrop maddələrdən qorunması yalnız hüquq-mühafizə və ya səhiyyə məsələsi deyil, kompleks yanaşma tələb edən məsələdir.

Onun sözlərinə görə, burada uşağın ailədə necə böyüməsi, valideynlə münasibəti, dost çevrəsi, məktəb mühiti və ümumilikdə özünü nə qədər təhlükəsiz və dəyərli hiss etməsi mühüm rol oynayır:

“Uşaq üçün ilk sosial mühit ailədir. Valideynlə övlad arasında sağlam ünsiyyət, qarşılıqlı etimad və diqqət olduqda, uşaq qarşılaşdığı problemini, narahatlığını və ya təzyiqi valideyni ilə bölüşməyə daha meyilli olur”.

T.Mərdanoğlu qeyd edib ki, ailədə davamlı konflikt, laqeydlik, həddindən artıq sərt münasibət və ya uşağın problemlərinə biganə yanaşma onun özünü ailədən uzaq hiss etməsinə səbəb ola bilər:

“Bu da uşağın mənfi təsirlərə və riskli davranışlara daha açıq olmasına şərait yarada bilər. Bundan əlavə, valideyn nəzarəti uşağın hər addımını izləmək və onu daim məhdudlaşdırmaq kimi başa düşülməməlidir.

Sağlam valideyn nəzarəti uşağın kimlərlə ünsiyyətdə olduğunu, vaxtını necə keçirdiyini, hansı mühitdə olduğunu bilmək, onun internet və sosial media davranışına diqqət yetirmək və ən əsası, onunla açıq danışmaqdır. Uşaq valideyninin onu yalnız cəzalandırmaq üçün deyil, qorumaq və anlamaq üçün yanında olduğunu hiss etməlidir”.

Onun fikrincə, yeniyetməlik dövründə yaşıdların təsiri də artır:

“Bəzən uşaqlar qəbul olunmaq, özlərini dostlarına sübut etmək və ya maraq hissi ilə yanlış seçimlərə yönələ bilirlər. Bu baxımdan uşaqlara erkən yaşlardan etibarən “xeyr” demək, təhlükəli təklifləri tanımaq və belə vəziyyətlərdən uzaqlaşmaq bacarığının aşılanması vacibdir”.

Komitə rəsmisinin sözlərinə görə, uşağın asudə vaxtının düzgün təşkili və özünü cəmiyyətin faydalı üzvü kimi hiss etməsi də qoruyucu amillərdəndir:

“İdman, yaradıcılıq, təhsil, müxtəlif sosial və ictimai fəaliyyətlər uşağın vaxtını səmərəli keçirməsinə, özünəinamının formalaşmasına və sağlam sosial çevrə qazanmasına kömək edir”.

T.Mərdanoğlu məktəbin də bu prosesdə mühüm rol oynadığını vurğulayıb:

“Məktəb yalnız təhsil verən məkan deyil, eyni zamanda uşağın davranışında və sosial münasibətlərində baş verən dəyişikliklərin müşahidə olunduğu mühitdir. Müəllim, məktəb psixoloqu, valideyn və aidiyyəti qurumlar arasında əməkdaşlıq risklərin erkən müəyyənləşdirilməsi baxımından çox vacibdir”.

Komitə rəsmisi bildirib ki, uşaqlarla maarifləndirmə işində əsas yanaşma onları qorxutmaq və ya yalnız qadağalarla məhdudlaşdırmaq olmamalıdır:

“Uşağa narkotik və psixotrop maddələrin yaratdığı real təhlükələri yaşına uyğun və düzgün formada izah etmək, onunla açıq danışmaq, suallarına cavab vermək və ehtiyac yarandıqda peşəkar dəstəyə yönləndirmək daha effektiv yanaşmadır”.

Onun fikrincə, profilaktik tədbirlər riskli vəziyyət yarandıqdan sonra deyil, daha əvvəl həyata keçirilməlidir:

“Ən vacibi odur ki, uşağın hər hansı riskli vəziyyətlə üzləşməsini gözləmədən profilaktik tədbirlər görülsün. Çünki uşağın müdafiəsi problemdən sonra deyil, problem yaranmadan əvvəl başlamalıdır”.

T.Mərdanoğlu valideynlərin övladları ilə daha çox ünsiyyətdə olmasının vacibliyini də qeyd edib:

“Övladınızla daha çox danışın, onu dinləyin, dostlarını və maraqlarını tanıyın, davranışındakı dəyişikliklərə laqeyd qalmayın. Uşağın yanında olmaq yalnız onun fiziki təhlükəsizliyini təmin etmək deyil, həm də onun emosional və sosial ehtiyaclarını görməkdir.

Uşaqların narkotik və digər zərərli təsirlərdən qorunması dövlət qurumlarının, ailənin, məktəbin və bütövlükdə cəmiyyətin birgə məsuliyyətidir. Əsas məqsəd uşaqları sadəcə təhlükədən uzaq saxlamaq deyil, onların təhlükəni tanıya bilən, düzgün seçim edə bilən və sağlam gələcək qura bilən fərdlər kimi formalaşmasına dəstək olmaqdır”.