"Uşaqlıqdan ən böyük xəyalım həkim olmaqdır” - Maksimum nəticə ilə gerçəkləşən arzu
Uşaqlıq arzusunu məqsədyönlü hazırlıq və illərlə davam edən əzmkar zəhmətlə gerçəkləşdirən Mingəçevir şəhər Y.Muradov adına 11 nömrəli tam orta məktəbin məzunu Nəzrin Abdullayeva yüksək nəticəsi ilə fərqlənib. Belə ki, istedadlı gəncimiz Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 12-də IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsində bütün sualları düzgün cavablandıraraq maksimum – 400 bal toplayıb. Buraxılış imtahanında 289 bal əldə edən məzunun hər iki mərhələ üzrə ümumi nəticəsi 689 bal olub.
“Azərbaycan müəllimi”nin həmsöhbəti olan Nəzrin deyir ki, əldə etdiyi maksimum nəticə yalnız biliyin deyil, eyni zamanda çəkilən zəhmətin, əziyyətin və göstərilən əzmin nəticəsidir.
Məzunun sözlərinə görə, imtahan zamanı vaxtını düzgün bölüşdürməsi və həyəcanını idarə etməsi yüksək nəticə qazanmasında mühüm rol oynayıb. O, ayrılan vaxtdan səmərəli istifadə edərək cavablarını yenidən nəzərdən keçirməyə də imkan tapıb: “İmtahan üçün verilən vaxt mənə kifayət etdi. Vaxtdan düzgün və planlı şəkildə istifadə etdiyim üçün sualları yenidən nəzərdən keçirə bildim. Mənim üçün əsas şərt həyəcanlanmamaq və ən azı yarım saatı cavabların kodlaşdırılmasına ayırmaq idi”.
Nəzrin bildirir ki, hazırlıq dövründə qarşısına konkret məqsəd qoyması onun motivasiyasını qorumasına kömək edib. Çətin və yorucu günlərdə həkim olmaq arzusu ona yenidən güc verib, daha çox çalışmağa sövq edib.
Nəzrin təhsilini Azərbaycan Tibb Universitetində davam etdirməyi planlaşdırır: “Uşaqlıqdan ən böyük xəyalım həkim olmaqdır. Universitet seçimim Azərbaycan Tibb Universiteti olacaq”.
Həkim olmaq arzusu ilə yoluna davam edən Mingəçevir məktəblisi indi həyatının yeni mərhələsinə qədəm qoymağa hazırlaşır. O, gələcəkdə savadlı və peşəkar həkim kimi yetişməyi, insanların sağlamlığının qorunmasına töhfə verməyi qarşısına məqsəd qoyub.
Yüksək nəticə göstərən məzun digər abituriyentlərə də qarşılarına qoyduqları məqsədlərindən vaz keçməməyi, uğursuzluqlar və çətinliklər qarşısında ruhdan düşməməyi tövsiyə edir.




