Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən REPORTAJ
Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formaları ilə bağlı tələblərə dəyişiklik edilib. Qərara əsasən, müəyyən edilmiş geyim formasının vahidliyini pozan, həmçinin ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir. Geyim tələblərinə riayət olunması ilə bağlı məsələlərin məktəbin Pedaqoji Şurası tərəfindən həll edilməsi nəzərdə tutulur.
"Azərbaycan müəllimi" xəbər verir ki, Trend-in əməkdaşı qaydaların tətbiqini izləmək, məktəbdə aparılan maarifləndirmə işləri və şagirdlərin davamiyyəti ilə tanış olmaq üçün 247 nömrəli məktəbdə olub.
Oktyabrın 12-də məktəbdə şagirdlərin vahid geyim qaydalarına əməl etməsi ilə bağlı monitorinqlər aparılıb. Məktəbə gələn şagirdlərin əksəriyyəti müəyyən olunmuş geyim formasında olub. Bununla yanaşı, geyimində aksesuar olan, həmçinin saç kəsimi məktəbdə uyğun hesab edilməyən şagirdlər gözləmə otağına dəvət ediliblər.
Həmin şagirdlərlə direktor məlumatlandırıcı söhbətlər aparıb. Valideynlər də məktəbə dəvət olunaraq geyim tələbləri barədə yenidən məlumatlandırılıblar.
Beləliklə, məktəbdə qaydaların tətbiqi zamanı həm şagirdlərlə fərdi söhbətlər aparılıb, həm də valideynlərlə əlaqə saxlanılıb. Müəllimlər və valideynlərlə bu istiqamətdə söhbətlərin davam etdirilməsi də nəzərdə tutulur.
Siniflərdəki vəziyyətlə tanışlıq zamanı isə baxış keçirilən davamiyyətin tam olduğu müşahidə edilib. Həmin siniflərdə şagirdlər vahid geyim qaydalarına uyğun formada dərsdə iştirak ediblər.
Məktəbdə maarifləndirmə işləri bu günlə məhdudlaşmayıb. Əvvəlcədən də valideynlərlə vahid geyim qaydaları barədə söhbətlər aparılıb, pedaqoji kollektiv məlumatlandırılıb. Valideynlərin tələblərlə tanış olması üçün məktəbdə elan da yerləşdirilib.
247 saylı məktəbin psixoloqu Gülbəniz Hüseynova açıqlamasında bildirib ki, qərardan irəli gələn tələblərin izah olunması üçün məktəb rəhbərliyi tərəfindən görüşlər keçirilib.
“Bununla bağlı məktəbimizin rəhbərliyi tərəfindən müxtəlif maarifləndirici işlər aparılıb. Valideynlərlə, pedaqoji kollektivlə görüşlər keçirilib və nəzərdə tutulan məsələlər haqqında məlumat verilib. Məktəbdə valideynlər üçün elan yerləşdirilib”, – deyə psixoloq qeyd edib.
Onun sözlərinə görə, oktyabrın 12-də məktəbə gələn şagirdlərin əksəriyyəti geyim qaydalarına riayət edib. Tələblərə əməl etməyən şagirdlərin valideynləri ilə isə yenidən söhbət aparılıb.
“Bu gün, ayın 12-də uşaqları məktəbə qəbul etdik. Şagirdlərimizin əksəriyyəti qaydalara riayət edərək məktəbli formasında gəlib. Qaydalara əməl etməyən şagirdlərin valideynləri məktəbə dəvət olunaraq onlarla yenidən maarifləndirici söhbətlər aparılıb”, – G.Hüseynova bildirib.
Psixoloq bu prosesdə məktəblə ailə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Onun fikrincə, valideynlərin vaxtında və düzgün məlumatlandırılması qaydaların tətbiqinə təsir göstərən əsas amillərdəndir.
“Burada məktəb-valideyn əməkdaşlığının rolu çox böyükdür. Məlumatların valideynlərə düzgün və vaxtında çatdırılması, onlarla düzgün münasibətin qurulması işin keyfiyyətinə təsir göstərib”, – deyə o əlavə edib.
247 nömrəli məktəbdəki müşahidələr qaydaların tətbiqinin effektiv metodlarla həyata keçirildiyii göstərir. Şagirdlər müəyyən edilmiş formada dərslərdə iştirak edir, geyim və saç kəsimi ilə bağlı sualları olan şagirdlərləvə valideynləri ilə ayrıca söhbətlər aparılır, vahid məktəbli geyimi barədə detallı məlumat verilir.
Maarifləndirmə və valideynlərlə görüşlərin təşkili ilə yanaşı, şagirdlərin tədrisdən geri qalmaması üçün də addımlar atılır. Məktəblərdə geyim qaydaları ailələrə aydın izah edilir və yaranan məsələləri hər bir şagirdin vəziyyətini nəzərə alaraq həll olunur.




