Vahid məktəbli geyiminin lazımlılığını insanların beyninə yeritməliyik – Qulu Məhərrəmli

14 Oktyabr, 2026 - 09:57
Vahid məktəbli geyiminin lazımlılığını insanların beyninə yeritməliyik – Qulu Məhərrəmli

“Bizdə tarixən orta məktəblərdə qızlar üçün də, oğlanlar üçün də vahid geyim forması olub. Dövlət ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid forma, müəllimlər üçün isə işgüzar geyim tələblərinin müəyyənləşdirilməsi, əvvəla, məktəbə aidlik, ikincisi, bərabərlik, üçüncüsü, diqqəti yayındırmamaq, kənar elementlərə vaxt və diqqət ayırmamaq baxımından çox əhəmiyyətlidir”.

Bunu “Azərbaycan müəllimi”nə professor Qulu Məhərrəmli bildirib.

Onun sözlərinə görə, son dövrlər baş örtüyü və hicabla bağlı müəyyən anlaşılmaz proseslər gedir:
“Bunların hamısı o deməkdir ki, biz insanlar arasında müəyyən maarifləndirmə işləri aparmalıyıq. Vahid geyimin lazımlılığını insanların beyninə yeritməliyik. Hesab edirəm ki, gec də olsa, belə addımların atılması vacibdir. Hökumətin vahid forma ilə bağlı qərarı varsa, biz buna əməl etməliyik”.
Professor qeyd edib ki, indi başqa düşüncədə olan insanlar var:

“Onlara bu məsələnin vacibliyini tədricən izah etmək lazımdır. Anlatmaq lazımdır ki, vahid forma heç bir məsləyə, heç bir dinə, heç bir inanca qarşı deyil. Bu, vacib standartlardır, dünyanın bir çox ölkələrində bunlar tətbiq olunur. Bizdə də eynilə bu qaydalara əməl olunması vacibdir”.