Vakansiyalar gənclər üçün daha əlçatan olmalıdır - Samir Seyidəhmədli 

23 İyun, 2026 - 12:25
Vakansiyalar gənclər üçün daha əlçatan olmalıdır - Samir Seyidəhmədli 

"Artıq üçüncü dəfədir ki, universitet tərəfindən belə bir təşəbbüs həyata keçirilir və müşahidələr göstərir ki, ildən-ilə Karyera Sərgisinə maraq artır. Belə ki, 2024-cü ildə keçirilən sərgidə 39, 2025-ci ildə 42, cari ildə isə 37 dövlət və özəl müəssisə iştirak edib". 

"Azərbaycan müəllimi" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli “Karyera sərgisi”nin açılış tədbirində çıxış edərkən deyib. 

O bildirib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə iki gün ərzində keçiriləcək sərgini indiyədək 14 mindən artıq insan ziyarət edib və təqdim olunan imkanlarla yaxından tanış olub:

"Bu göstəricilər deməyə əsas verir ki, “Karyera sərgisi” artıq universitet çərçivəsini aşaraq regionda insan kapitalının inkişafına, məşğulluğun artırılmasına və peşə seçiminin düzgün istiqamətləndirilməsinə xidmət edən nüfuzlu platformaya çevrilib. 

Samir Seyidəhmədli əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biri insan kapitalının inkişafıdır.

Bu gün ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal transformasiya, innovasiya, sahibkarlığın inkişafı və əmək bazarının müasir tələblərə uyğunlaşdırılması istiqamətində aparılan islahatların mərkəzində insan amili dayanır.

Naxçıvan Muxtar Respublikasında da son illərdə həyata keçirilən institusional islahatlar, Prezidentin səlahiyyətli nümayəndəliyinin fəaliyyətə başlaması, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər Dövlət Proqramının icrası, yeni investisiyaların cəlb olunması, istehsal və xidmət sahələrinin genişləndirilməsi regionumuzun inkişafında mühüm rol oynayır. 

Səlahiyyətli nümayəndənin müavini bildirib ki, aparılan islahatlar regionda yeni iqtisadi imkanlar yaradır və hər bir gənc üçün yeni perspektivlər açır. Bu inkişaf yeni müəssisələrin, yeni iş yerlərinin və yeni peşələrin formalaşmasına səbəb olur:

"Lakin hər bir inkişaf strategiyasının uğurunu müəyyən edən əsas amil yenə də insan amilidir. Yeni müəssisələr qurmaq, infrastruktur yaratmaq və investisiya cəlb etmək mümkündür. Ancaq bütün bunların real nəticəyə çevrilməsi üçün peşəkar, məsuliyyətli və təşəbbüskar insanlara ehtiyac var. Bu gün universitet auditoriyalarında təhsil alan gənclər yaxın illərdə Azərbaycanın, o cümlədən Naxçıvanın inkişafına töhfə verəcək mühəndislər, müəllimlər, həkimlər, sahibkarlar, dövlət qulluqçuları və rəhbərlər olacaqlar". 
Samir Seyidəhmədli işəgötürənlərə də səslənib:

"Bugünkü əmək bazarında rəqabət artıq yalnız işaxtaranlar arasında deyil, eyni zamanda peşəkar kadrları cəlb etmək istəyən işəgötürənlər arasında da formalaşmaqdadır.

Hesab edirəm ki, gənclərin əmək bazarına daha uğurlu inteqrasiyası üçün bir neçə istiqamət xüsusi diqqətdə saxlanılmalıdır.

İlk növbədə vakansiyalar və işə qəbul prosedurları gənclər üçün daha şəffaf və əlçatan olmalı, müraciət imkanları vahid və rahat istifadə olunan platformalar vasitəsilə həyata keçirilməlidir.

İkinci vacib məsələ namizədlərin qiymətləndirilməsi ilə bağlıdır. Müasir əmək bazarında artıq yalnız ali təhsil diplomu kifayət etmir. Praktiki biliklər, peşəkar sertifikatlar, həyata keçirilmiş layihələr, könüllülük fəaliyyəti və tədqiqat təşəbbüsləri də qiymətləndirmənin mühüm elementlərindən biri olmalıdır.

Bu yanaşma tələbələri universitet illərindən etibarən öz üzərlərində daha çox işləməyə, əlavə bacarıqlar qazanmağa və davamlı inkişaf etməyə təşviq edəcək.

Eyni zamanda müəssisələr gənclərə yalnız ilk iş yeri deyil, həm də gələcək inkişaf perspektivləri təqdim etməlidir. Gənc işləyəcəyi qurumda peşəkar inkişaf və karyera yüksəlişi imkanlarını aydın şəkildə görməlidir. Bu həm motivasiyanı artırır, həm də peşəkar kadrların uzunmüddətli fəaliyyətinə müsbət təsir göstərir.

Digər mühüm istiqamət universitet tələbələrinin hələ təhsil aldıqları dövrdə əmək bazarı ilə daha yaxından tanış olmalarıdır. Buna görə də işəgötürənlər tələbələrin yarımştat əsaslarla işə cəlb olunması və keyfiyyətli təcrübə proqramlarının genişləndirilməsi imkanlarına daha çox diqqət yetirməlidir.

Bu yanaşma gənclərin əmək həyatına daha hazırlıqlı başlamasına, işəgötürənlərin isə gələcək kadr potensialını əvvəlcədən formalaşdırmasına şərait yaradır.

Hesab edirəm ki, universitetlərlə işəgötürənlər arasında əməkdaşlığın daha sistemli xarakter alması da xüsusi əhəmiyyət daşıyır.

Bu məqsədlə universitetlərin karyera mərkəzləri ilə müəssisələr arasında illik əməkdaşlıq planlarının hazırlanması, əmək bazarının mövcud və perspektiv vakansiyaları barədə karyera mərkəzlərinin mütəmadi məlumatlandırılması gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmasına mühüm töhfə verəcək”.