Valideynlər evlərindəki gərginlikləri çox az hallarda bizimlə bölüşürlər – Məktəb psixoloqu
Məktəb sadəcə elm öyrədən bir məkan, bina deyil. Bura insan şəxsiyyətinin təməlinin qoyulduğu və inkişaf etdiyi, şagirdi gələcək həyat üçün cəmiyyətə hazırlayan mühitdir.
Şəxsiyyətin inkişafında isə məktəb-valideyn münasibəti, qarşılıqlı qurulan əlaqələr vacib əhəmiyyət daşıyır. Bəs bu əlaqələrin qurulmasında məktəb psixoloqları iştirak edirmi? Şagirdlərdən əlavə müəllim və valideynlərin də müraciətləri olurmu?
"Azərbaycan müəllimi" mövzu ilə bağlı Qubadlı məktəblərindən birində məktəb psixoloqu vəzifəsində çalışan Günel Babayeva ilə həmsöhbət olub.
Günel Babayeva Qubadlı rayon Xanlıq kəndində anadan olub. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini bitirib. 2008-ci ildən Sumqayıtda yerləşən Qubadlı rayon S.Rəhimov adına Mahruzlu kənd tam orta məktəbində psixoloq olaraq işləməyə başlayıb. "Qubadlıda çox qısa müddət təhsil ala bildim. Məcburi köçkün həyatı, qayğıları, ən əsası da itirilmiş torpaq həsrəti illərin deyil, keçən hər günün yanğısı idi. Ailəmin dəstəyi ilə təhsilimə davam etdim, indi psixoloq kimi fəaliyyət göstərirəm.
Məktəbimiz böyük deyil. Amma sevə-sevə işləyirəm. Bəzən düşünürəm məktəbdən kənarda işləyim. Sonra cavabını da özüm verirəm: yox, məndə uşaqlarsız alınmaz".
Müsahibim 18 illik fəaliyyətində əvvəlki dövrlərdə valideynlərin psixoloqa müraciəti və son 5 ilin müqayisəsini edir: "İndi inkişaf daha yaxşıdır. Valideynlər psixoloqu, psixoloq anlayışını qəbul edir. Bəzən, ümumiyyətlə, siniflərdə uşaqlar da tam qəbul etmirdilər. Amma indi hər şey fərqlidir. Hər iki tərəf psixoloqa müsbət yanaşır.
Məsələn sinifdə ümumi, yaxud uşaqlar arasında hər hansı problem yaşandısa müəllimlər o dəqiqə müraciət edirlər. "Bu uşağı diqqətdə saxlayın" ya "ümumi siniflə danışın" kimi məsləhət görürlər".
Müəllimlərin şagirdlərlə daha sıx ünsiyyət qurmasından danışan Günel xanım onların uşaqları daha gözəl tanıdığını, bələd olduğunu deyir.
"Bəzən müəllimlərdən icazə alaraq onların dərsində şagirdlərlə söhbətləri davam etdirirəm. Bəzi hallarda isə tək uşaqla söhbətimdə məktəb rəhbərliyi öz otağını bizə "hədiyyə" edir".
Məktəbdə keçirilən nümunəvi dərslərdə məktəb psixoloqunun iştirakından söz açan həmsöhbətim müəllimlərin onun iştirakını mütləq istədiyini bildirir:
"Bu sənəd xatirinə edilən yox, sırf şagirdlərin dərsə adaptasiyası, eləcə də mənim onlara dərs prosesində bələd olmağımda, müəllimin şagirdə göstərdiyi davranışı daha yaxından analiz etməyimdə böyük rol oynayır.Həmişə deyirəm: psixoloq özünü uşaqlara sevdirməlidir. Psixoloqun müsbət enerjisi olmalıdır. Şagird məktəbdə psixoloqu sevirsə bu münasibət valideynə də sirayət edir. Bəzən olur ki, uşağın səhv hərəkəti yaxud davranışına görə valideynlər məktəbə çağırılır. Söhbət aparılır".
Psixoloq-şagird-müəllim-valideyn münasibətlərinin bir xətt üzrə olmasının vacibliyini vurğulayan G.Babayeva nəticənin də uğurlu olacağını bildirir:
"Açıq danışsaq söhbətlər zamanı uşaqlar narahatlıqlarını dilə gətirə bilirlər. İstər şagird yoldaşları, istərsə də evdə olan problemlərini. Bəzən uşaqlar söhbət zamanı valideynin də həmin söhbətdə iştirak etməsini istəmir, qəti şəkildə etiraz edir. Valideyn evdə yaşanan gərginlikləri çox az hallarda bizimlə bölüşür".
Həmsöhbətim son illərdə valideyn müraciətlərinin artdığını qeyd edir. "Valideynin evdə şagirdlə problemi, ünsiyyətdə, dərslərin qavranılmasında, ya müəllimlərlə aralarında yaranmış vəziyyətlə bağlı müraciətləri çox olur. Müraciətlərdə bir az üstünlük isə sinifdə şagirdlərin bir-birinə olan münasibətilə bağlıdır. Problem mənə bildiriləndən sonra bunu müəllimlərlə bölüşürəm. Əsas məqsəd hər birimizin eyni nəzarəti formalaşdırmağımızdır. Yenə deyirəm uşaqlar rahat şəkildə problemlərini ifadə edə bilir. Onları sevmək lazımdır, dəstək olmaq. Böyüdükcə etdikləri səhvləri anlamalarına kömək göstərməliyik. Valideyn müraciətindən sonra sinifdə də söhbət aparıram. Şagirdlərlə yazı işləri təşkil edirəm. Məsələn, “mən və mənim əhatəm” mövzusunda yazı. Burada şagirdin konflikti olan yoldaşının da adı ola bilər. Və onu xarakterizə etməlidir. "Uşaqlar öz bildiyini edir" cümləsi ilə haradasa razılaşmıram. Onlara deyilən, təbliğ edilən cümlələrdən heç olmasa bir neçəsinin dərinliyə gedir, qəbul edirlər. Söhbətlərdən sonra nəticəyə baxırıq. Burada qarşılıqlı əlaqə mühüm rol oynayır. Mən şagirdə psixoloji, müəllim dərs, valideyni isə müsbət və mənfi cəhətlərini xarakterizə edərək yanaşır. Birgə iş deyirik buna. Yoxsa bir valideyn tək bir müəllimlə əlaqə qursun, bu alınmaz, çətinlik yaradar".
Günel xanım yekun olaraq isə başqa bir yanaşmasını dilə gətirir:
"Məktəb psixoloqları test və müsahibə mərhələsindən keçərək işə qəbul olunurlar. Məncə, bu zaman onların ətrafa ötürdüyü enerji, aura da yoxlanmalıdır. Məktəb psixoloqlarının müsbət enerjisi bol olmalıdır. Əhvalını yüksək tutmalıdır. Belə olmadığı halda nəticə əldə etmək də müşgülə çevrilir. Adi bir misal çəkim. Bəzən digər məktəblərin direktorları ilə əlaqə saxlayırıq. Onlardan məktəblərindəki vəziyyətlə maraqlanıram. Cavabları bilirsiniz nə olur? "Bizim məktəb psixoloqunun özünə psixoloq lazımdır", bu, həyəcan təbilidir. Həyəcan! Elə məktəb mühitində uşaqlar da özlərini doğru ifadə edə bilmir. Düzgün inkişaf etməyən mühit, isə təssüflər olsun ki, uğursuzluğa məhkumdur".



