Valideynlər sosial şəbəkədən istifadədə uşağa nümunə olmalıdırlar – Psixoloq
Sosial şəbəkələr artıq məktəblilərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. İnformasiya, əyləncə və ünsiyyət imkanları ilə yanaşı, bu platformalar uşaqların dünyaya baxışına, maraqlarına və sosial davranışlarına da təsir göstərir. Bu baxımdan sosial şəbəkələrin məktəblilərin dünyagörüşünə təsiri, onların informasiya seçimi və rəqəmsal mühitdə düzgün istiqamətləndirilməsi məsələsi xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, sosial şəbəkələrin məktəblilərin dünyagörüşünə təsiri kifayət qədər böyükdür:
“Burada həm müsbət, həm də mənfi tərəflər var. Müsbət tərəfdən yanaşsaq, sosial şəbəkələr uşaqların məlumat əldə etməsini, müxtəlif mövzularla tanış olmasını və dünyada baş verən hadisələrdən xəbərdar olmasını asanlaşdırır. Uşaq müxtəlif ölkələrin mədəniyyəti, təhsili, elmi, incəsənəti haqqında məlumat əldə edə bilir. Bu da onun dünyagörüşünün genişlənməsinə kömək edə bilər.
Amma əsas məsələ uşağın qarşılaşdığı məlumatı necə qəbul etməsidir. Məktəbli sosial şəbəkədə gördüyü hər məlumatı doğru hesab edə bilər. Xüsusilə də onun media savadlılığı kifayət qədər formalaşmayıbsa, yanlış və ya manipulyativ məlumatlar onun düşüncəsinə təsir göstərə bilər.
Digər vacib məqam müqayisə məsələsidir. Uşaqlar sosial şəbəkələrdə başqalarının həyatını, görünüşünü, uğurlarını və maddi imkanlarını görürlər. Bəzən öz həyatlarını həmin görüntülərlə müqayisə edirlər. Bu isə özünəinamın azalmasına, narazılıq və yetərsizlik hissinin yaranmasına səbəb ola bilər. Halbuki sosial şəbəkədə gördüyümüz həyatın çox vaxt yalnız seçilmiş və ideal göstərilən tərəf olduğunu uşağa izah etmək lazımdır”.
Psixoloqun sözlərinə görə, sosial şəbəkələrin uşağın psixologiyasına təsirində ailənin rolu da çox böyükdür:
“Mən valideynlərə sosial şəbəkəni tamamilə qadağan etməyi əsas həll yolu kimi tövsiyə etməzdim. Daha doğru yanaşma uşağın hansı məzmunlara baxdığını bilmək, onunla açıq danışmaq və gördüklərini birlikdə müzakirə etməkdir.
Uşağa “buna baxma” deməkdənsə, “Sən bu videoda nə gördün?”, “Səncə, bu məlumat doğrudurmu?”, “Bu sənə necə təsir etdi?” kimi suallar vermək daha faydalıdır. Beləliklə, biz uşağın təkcə sosial şəbəkədən istifadəsini deyil, həm də düşünmə və seçim bacarığını inkişaf etdiririk.
Əslində məqsəd uşağı sosial şəbəkədən uzaqlaşdırmaq yox, ona sosial şəbəkədən sağlam və düzgün istifadə etməyi öyrətməkdir. Çünki texnologiya həyatımızda olacaq. Əsas məsələ uşağın onun təsiri altında passiv qalmaması, gördüyü və eşitdiyi məlumatı süzgəcdən keçirə bilməsidir.
Valideynlər də bu məsələdə uşağa nümunə olmalıdırlar. Əgər böyüklər özləri daim telefondadırsa, amma uşaqdan telefon istifadəsini məhdudlaşdırmağı tələb edirlərsə, bu, çox effektiv olmur. Uşaq daha çox gördüyünü öyrənir.
Yəni sosial şəbəkə öz-özlüyündə nə tamamilə yaxşı, nə də tamamilə pisdir. Onun uşağın dünyagörüşünə təsiri istifadə formasından, qarşılaşdığı məzmundan, uşağın yaşından və ailənin bu prosesdə nə qədər düzgün istiqamət verməsindən asılıdır”.




