"Web of Science" platformasında tədqiqatçılar üçün metodik vəsait hazırlanıb
Tədqiqatçıların “Web of Science” elmmetrik məlumat bazasında fərdi hesablarını daha səmərəli idarə etmələrinə dəstək məqsədilə yeni metodik vəsait hazırlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, metodik vəsait tədqiqatçı hesabları ilə bağlı texniki və məzmun xarakterli problemlərin aradan qaldırılması, müəllif qeydlərinin düzgün idarə olunması, eləcə də nəşrlərin təsdiqlənmiş tədqiqatçı hesablarına əlavə edilməsi proseslərini əhatə edir.
Hazırlanmış material xüsusi alqoritm əsasında təsdiqlənməmiş müəllif qeydlərinin əsas tədqiqatçı hesablarına birləşdirilməsi, müəlliflərə məxsus nəşrlərin düzgün profillərdə əks etdirilməsi ilə bağlı sorğuların icrasında tədqiqatçılara praktiki dəstək göstərməyi hədəfləyir.
Metodik vəsaitdə aşağıdakı mövzular yer alır:
-Təsdiqlənməmiş müəllif qeydlərinin birləşdirilməsi;
-Təsdiqlənməmiş müəllif qeydlərinin tədqiqatçı hesablarına inteqrasiyası;
-Müəllif qeydində mövcud olan nəşrlərin tədqiqatçı hesabına əlavə edilməsi;
-İki və daha çox tədqiqatçı hesabının birləşdirilməsi.
Qeyd edək ki, metodik vəsait tədqiqatçıların elmi fəaliyyətinin beynəlxalq elmmetrik məlumat bazalarında daha dəqiq, sistemli və tam şəkildə təqdim olunmasına töhfə vermək məqsədilə hazırlanıb.
Metodik vəsaitlə tanış olmaq üçün linkə keçid edə bilərsiniz:
https://clarivate.libguides.com/ld.php?content_id=83586659



