"Xaricdə təhsil almaq arzumuz gerçəkləşdi" – DP qalibləri
Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin daha iki məzunu – Emil Əliyev və Xanlar İsmayılov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almaq hüququ qazanıblar.
“Keyfiyyətli mühəndislik təhsili üçün seçimim Türkiyə oldu”
Emil Əliyev "Azərbaycan müəllimi"nə deyir ki, nəticəni öyrəndiyi an uzun müddət çəkdiyi zəhmətin hədər getmədiyini anlayıb və bunun sevincini yaşayıb.
Onun sözlərinə görə, ilk uğurunu Respublika fənn müsabiqələrində qazanıb: “VI sinifdə məktəbimizin direktorunun təşəbbüsü ilə Respublika fənn müsabiqələrinə qatılmağa qərar verdim. Müsabiqədə riyaziyyat fənni üzrə gümüş medal qazandım. VII sinifdə isə kimya fənni üzrə qızıl medala layiq görüldüm”.
Emil Əliyev bildirir ki, proqramlaşdırmaya marağı isə “Azercell Cup” yarışmasından sonra yaranıb: “Azercell Cup” yarışmasında iştirak etdim və III yerə layiq görüldüm. IX və X siniflərdə Respublika fənn olimpiadalarında informatika fənni üzrə ölkə üçüncüsü oldum”.
O, IX sinif buraxılış imtahanlarında 300 bal toplayaraq ölkə birincisi olub. Məzun bu il beynəlxalq imtahanlarda da yüksək nəticələr əldə edib. Emil Əliyev yalnız akademik fəaliyyətlə kifayətlənmədiyini söyləyir: “Şəxsi inkişafım üçün müxtəlif könüllülük proqramlarında iştirak etmişəm. ASAN Xidmətdə iki ay, eləcə də yarış və çempionatlarda könüllü kimi fəaliyyət göstərmişəm”.
O bildirib ki, xaricdə təhsil almaq arzusu məktəb illərində formalaşıb: “Liseyimizin xaricdə təhsil alan məzunlarını gördükcə məndə də dünyanın nüfuzlu ali məktəblərindən birində ali təhsil almaq həvəsi yarandı. Onların qəbul xəbərlərini alarkən yaşadıqları sevinci görmək məni də motivasiya edirdi”.
Emil Əliyev Türkiyənin Bilkent Universitetinin “Kompüter mühəndisliyi” ixtisasına qəbul olunduğunu deyir: “Son illərdə Türkiyənin mühəndislik və texnologiya sahəsində sürətli inkişafı hər kəsə məlumdur. Buna müdafiə sənayesində əldə olunan uğurları nümunə göstərmək olar. Məhz buna görə keyfiyyətli mühəndislik təhsili üçün seçimim Türkiyə oldu”.
Gələcək planlarından danışan Emil Əliyev əsas məqsədinin süni intellekt və kompüter mühəndisliyi sahəsində ixtisaslaşmaq olduğunu söyləyir: “Əsas karyera hədəfim süni intellekt və kompüter mühəndisliyi sahəsində tanınmış mütəxəssis olmaqdır. Gələcəkdə Azərbaycanda beynəlxalq səviyyədə rəqabət apara biləcək texnologiya startapı qurmaq və ölkəmizin rəqəmsal ekosisteminə töhfə vermək istəyirəm”.
Dövlət Proqramının gənclər üçün böyük imkanlar yaratdığını vurğulayan Emil Əliyev qeyd edir ki, proqram gənclərə dünyanın nüfuzlu universitetlərdə təhsil almaq imkanı yaradır. Xüsusilə maliyyə imkanları məhdud olan, lakin potensiallı gənclər üçün bu, çox əhəmiyyətli fürsətdir.
“Adımı qaliblər siyahısında görəndə sevincimin hədd-hüdudu yox idi”
Türkiyənin Bilkent Universitetində “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alacaq digər məzunumuz Xanlar İsmayılov bildirir ki, Dövlət Proqramının nəticələri açıqlanarkən yaşadığı sevinc hisslərini sözlə ifadə etməkdə çətinlik çəkir: “Dövlət Proqramının nəticələri açıqlananda və adımı qaliblər siyahısında görəndə sevincimin həddi-hüdudu yox idi”.
Xanlar deyir ki, bu nailiyyətinin təməlində orta təhsil illərində qazandığı uğurlar durur: “VI sinifdən etibarən olimpiadalara maraq göstərməyə başladım. Həmin vaxta qədər informatika və riyaziyyat fənlərindən yüksək nəticələr göstərirdim. Proqramlaşdırma sahəsi mənə maraqlı gəlməyə başladı. Güclü məntiqi düşüncəm informatika sahəsində uğur qazanacağıma inam yaratdı.Elə VI sinifdə oxuyarkən Respublika fənn müsabiqələrində informatika fənni üzrə qızıl medala layiq görüldüm.Sonrakı illərdə Respublika fənn olimpiadalarında informatika üzrə IX sinifdə birinci, X sinifdə üçüncü, XI sinifdə isə ikinci yeri tutdum”.
O bildirib ki, xaricdə təhsil almaq qərarını Respublika fənn olimpiadasındakı uğurundan sonra verib: “Bilkent Universitetində “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alacağam. Bu universitet kompüter mühəndisliyi sahəsində ən güclü ali təhsil müəssisələrindən biridir”.
Xanlar İsmayılov Dövlət Proqramının gənclər üçün əvəzsiz imkanlar yaratdığını qeyd edir: “Dövlət Proqramı xaricdə təhsil almaq istəyən gənclərin qarşısındakı maddi maneələri aradan qaldırır və gələcəkdə Azərbaycan üçün faydalı işlər görəcək peşəkar mütəxəssislərin yetişməsinə böyük dəstək verir”.




