Xaricdə təhsilə yönəldilən investisiyaların nəticələri özünü göstərir – Nazir müavini
“Azərbaycan dövləti xaricdə təhsil alan gənclərə investisiya yatırır, onlardan nəticə gözləyir və onlara inanır. Siz ölkəmizin ən mühüm sahələrində dəyişikliklər etmək məqsədilə xaricdə təhsil almağa göndərilmiş seçilmiş gənclərsiniz. İqtisadiyyatımızın, cəmiyyətimizin və beynəlxalq əlaqələrimizin inkişafında, eləcə də digər prioritetlərimizin reallaşdırılmasında sizin üzərinizə mühüm məsuliyyət düşür”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu xaricdə təhsil üzrə Dövlət Proqramının məzunları üçün keçirilən karyera sərgisində elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib.
Nazir müavininin sözlərinə görə, Dövlət Neft Fondunun vəsaitlərinin gənclərin xaricdə təhsilinə və insan kapitalının inkişafına yönəldilməsi strateji əhəmiyyət daşıyır.
“Bu vəsaitin infrastruktur, enerji layihələri və yenidənqurma işləri kimi digər istifadə istiqamətləri də var. Xaricdə təhsil proqramının maliyyələşdirilməsi hamı tərəfindən qəbul edilən standart yanaşma deyil. Bu, çətin seçimdir, lakin Azərbaycan dövləti həmin seçimi edib və 2007-ci ildən etibarən Dövlət Proqramını həyata keçirir”.
H.Həsənli qeyd edib ki, dövlətin gənclərin xaricdə təhsilinə yönəltdiyi investisiyaların nəticələri artıq müxtəlif sahələrdə özünü göstərir.
“Dövlət Proqramının sizdən əvvəlki məzunları hazırda mühüm dövlət vəzifələrində çalışır, özəl sektorda ciddi layihələrə rəhbərlik edirlər. Bəzən məzunun özünün belə fərqinə varmadığı fəaliyyəti bütöv bir sahənin, sənayenin və ya dövlət qurumunun fəaliyyət nəticələrinə və məhsuldarlığına mühüm təsir göstərə bilər. Dövlət Proqramının əsas ideyası və mahiyyəti də bundan ibarətdir”.
Nazir müavini xaricdə təhsil almış gənclərin qazandıqları bilik və təcrübəni Azərbaycanda tətbiq etmələrinin vacibliyini də vurğulayıb.
“Xaricdəki şərait və fəaliyyət imkanları fərqli ola bilər. Lakin ən vacib məqam odur ki, sizi Azərbaycanda gözləyən ailəniz, cəmiyyətiniz və sizin kimi gənclər var. Üzərinizə düşən məsuliyyəti yerinə yetirmək karyeradan və şəxsi maraqlardan daha çox həyatınıza məna qatan işlərdən biri olacaq”, – deyə o qeyd edib.




