Yaddaşı gücləndirən passiv fəaliyyətlər müəyyən edilib

7 Fevral, 2025 - 19:20
Yaddaşı gücləndirən passiv fəaliyyətlər müəyyən edilib
Yaddaşı gücləndirən passiv fəaliyyətlər müəyyən edilib

Yaddaşı və düşüncəni inkişaf etdirən passiv fəaliyyətlər müəyyən edillib.

“Azərbaycan müəllimi” xəbər verir ki, Cənubi Avstraliya Universitetinin alimləri kitab oxumaq, əl işləri hazırlamaq və namaz qılmaq kimi bəzi passiv fəaliyyət növlərinin koqnitiv qabiliyyətlərə müsbət təsir göstərdiyini, televizora baxarkən isə əksinə, beyin fəaliyyətinin pisləşdiyini müəyyən ediblər. Araşdırmanın nəticələri “The Journals of Gerontology” (JG) jurnalında dərc olunub.

Təcrübə zamanı 60 yaşdan yuxarı 397 nəfər iştirak edib. Alimlər passiv fəaliyyətin müxtəlif növlərinin koqnitiv funksiyalara necə təsir etdiyini öyrəniblər. Məlum olub ki, zehni fəaliyyət tələb edən və ya sosial qarşılıqlı əlaqəni nəzərdə tutan fəaliyyətlər: məsələn, musiqi alətində ifa etmək, musiqi dinləmək, sosiallaşmaq və əl işləri hazırlamaq yaddaşın və təfəkkürün inkişafına kömək edir.

Eyni zamanda, uzun müddət televizora baxmaq və video oyunlar oynamaq kimi passiv fəaliyyətlər idrak performansının azalması ilə əlaqələndirilib. Tədqiqatçılar bunu onunla izah edirlər ki, bu cür fəaliyyət növləri beyni stimullaşdırmır, əksinə, onun fəaliyyət səviyyəsini aşağı salır.

Mütəxəssislər təkcə intellektual hobbi seçməyi deyil, həm də onları fiziki fəaliyyətlə tamamlamağı tövsiyə edirlər. Beş dəqiqə davam edən qısa məşqlər də beyninizə və ümumi sağlamlığınıza fayda verə bilər.

Zehni fəallığı qorumaq üçün elm adamları ekran qarşısında sərf olunan vaxtı azaltmağı və oxu və ya yaradıcılıq kimi daha məhsuldar fəaliyyətlərə üstünlük verməyi məsləhət görürlər.