Yalnız təşəbbüskar gənclər cəmiyyətin inkişafına töhfə verə bilərlər - Nazir müavini
“Təşəbbüs olmasa, ölkənin gələcəyini təmin etmək mümkün deyil. Yalnız təşəbbüskar gənclər, innovasiya və yaradıcılıq qabiliyyəti olan insanlar cəmiyyətin inkişafına real töhfə verə bilər, yaradıcı mühit yarada bilərlər”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov ali və peşə təhsili üzrə təqaüd proqramlarının qaliblərinin təltifolunma mərasimində səsləndirib.
Nazir müavini qeyd edib ki, bu baxımdan ölkəmizdə gənclərə xüsusi diqqət yetirilir, müxtəlif təhsil proqramları, xüsusilə xaricdə təhsil proqramları həyata keçirilir: “Ölkə prezidentinin çıxışlarında da həmişə vurğulanır ki, təbii resurslar tükənə bilər. Buna görə də ölkənin ən əsas sərvəti insan kapitalıdır. Bu baxımdan ölkəmizdə gənclərə xüsusi diqqət yetirilir, müxtəlif təhsil proqramları həyata keçirilir. Bir çox gənclərimiz dünyanın aparıcı universitetlərində təhsil almaq imkanı əldə ediblər və bu gün ölkənin vacib sahələrində, həm dövlət, həm də özəl sektorda uğurla çalışırlar. Hazırda da dövlət proqramları çərçivəsində tələbələr üçün geniş imkanlar yaradılır. Əsas məqsəd insan kapitalımızı dünya səviyyəsinə qaldırmaqdır”.
Firudin Qurbanovun sözlərinə görə, yaradıcı insanlar olmadan inkişafdan danışmaq çətindir: “Yaradıcılıq mühiti formalaşan ölkələrdə uğur və iqtisadi inkişaf olur. Buna görə də çalışmaq, təşəbbüskar olmaq lazımdır. Yeni yanaşmalar, yeni üsullar axtarmaq vacibdir. Bu gün əsas məsələ odur ki, insan özünü elə hazırlamalıdır ki, məzun olduğu zaman işəgötürənlər onu axtarsınlar, ona ehtiyac duysunlar. Bu, dövrün və dünyada gedən proseslərin tələbidir. Buna hazır olmaq lazımdır”.



