Yamayka məktəblərində şagirdlər növbə ilə oxuyacaqlar

21 Avqust, 2026 - 17:44
Yamayka məktəblərində şagirdlər növbə ilə oxuyacaqlar

Yamaykada “Melissa” qasırğasının zərər vurduğu və yeni tədris ilinin başlanmasına tam hazır olmayan bəzi məktəblərdə şagirdlərin növbəli günlərdə, rotasiya sistemi ilə dərslərə cəlb edilməsi planlaşdırılır.

“Azərbaycan müəllimi” xəbər verir ki, Yamayka Təhsil, Gənclər və İnformasiya Nazirliyinin parlament katibi Marlon Morqan qasırğadan ciddi zərər görmüş məktəblərin vəziyyətini qiymətləndirmək üçün Sent-Elizabet bölgəsində bir sıra təhsil müəssisələrinə baş çəkib. O, məktəblərin sentyabrın 7-də başlayacaq yeni tədris ilinə tam hazır olmadığını bildirib.

Bildirilib ki, bəzi məktəblərdə təmir işləri hələ başa çatmayıb. Nazirlik şagirdlərin mümkün qədər tez əyani təhsilə qaytarılmasını prioritet hesab edir. Lakin bütün şagirdləri eyni vaxtda qəbul edə bilməyəcək məktəblərdə müvəqqəti sinif otaqları və çadırlardan istifadə, eləcə də növbəli günlərlə, rotasiya sistemi ilə dərslərin təşkili nəzərdən keçirilir.

Nazirliyin nümayəndəsi bildirib ki, bu alternativlər məktəb rəhbərləri tərəfindən valideynlər və digər təhsil iştirakçıları ilə birlikdə müəyyənləşdirilməlidir.