Yaponiyalı alimdən tövsiyə: Tələbəlik dövründən işləməyə başlayın
Müasir təhsil metodlarının tətbiqində maraqlı olan Naxçıvan Dövlət Universitetinin (NDU) peşəkar kadrların hazırlanılması üçün atdığı addımlardan biri də dünyanın reytinqli universitetlərinin müəllimlərini özünün tədris prosesinə cəlb etməkdir. Universitet 2024-2025-ci dərs ilində tədris və tədqiqat fəaliyyəti ilə məşğul olmaq üçün Yaponiya, ABŞ və Türkiyədən 16 professor dəvət edib.
NDU bununla kadr potensialını artırmaqla yanaşı, xarici təcrübənin öyrənilməsinə, tələbələrin tədqiqat bacarıqlarının möhkəmləndirilməsinə və universitetlər arasında akademik əməkdaşlığın gücləndirilməsinə nail olmaq istəyir.
“Azərbaycan müəllimi” həmin müəllimlərdən biri ilə həmsöhbət olub.
Müsahibimiz əslən Azərbaycandan olan məşhur yaponiyalı alim Xəlil Kələntərdir. O, həm elmi fəaliyyəti, həm də Azərbaycana sevgisi ilə diqqət çəkir.
- Xəlil müəllim, Azərbaycanda işləmək təklifi aldığınız zaman hansı hissləri keçirdiniz?
- Azərbaycana sevgim çox dərin və fərqlidir. Atam bizə uşaqlıqdan Azərbaycan mahnılarını sevdirib, özü də bu mahnıları oxuyardı. Həmin mahnılar mənim ruhuma toxunub. İnsan öz vətənini sevə bilməzsə, heç kim ola bilməz. İki doktorantura işi yazmışam və hər ikisinin ilk səhifəsində “Dedicated to Azerbaijan” (Azərbaycana həsr edirəm) yazmışam. Bu, mənim vətənimə olan sevgimin kiçik ifadəsidir.
- Naxçıvanda təhsil mühiti sizi qane edir?
- Bəli, etiraf edim ki, burada tələbələrin peşəkar kadr kimi yetişməsi üçün hər cür şərait var. Sadəcə, tələbələrdən bir qədər zəhmət tələb olunur. Tələbələrlə söhbətlərimdə onların dərslərə marağını görmək çox sevindiricidir. Bu, gənclərin elmə olan bağlılığını göstərir.
- Sizcə, tələbələrin elmə həvəsini artırmaq üçün daha çox nə etmək lazımdır?
- Kiçik ideyaları böyütmək: hər zaman bu ifadəni işlədirəm. Tələbənin ortaya qoyduğu ideyanı inkişaf etdirmək üçün onu həvəsləndirmək, motivasiya etmək lazımdır. Onların sadə fikirlərini daha böyük layihələrə çevirmək üçün çalışıram. Bütün müəllimlər bu yanaşmanı mənimsəməlidir. Tələbələrin ürəyində qönçə qoymaq lazımdır ki, gələcəkdə o, bir gülə çevrilsin.
- Tələbələrin dərsə marağını artırmaq müəllimin rolundan asılıdır?
- Əlbəttə, müəllimdən çox şey asılıdır. Müəllim işləmək asandır, amma həqiqi müəllim olmaq başqa bir məsələdir. Auditoriyada hər kəsin diqqətini dərsə yönəltmək çətindir. Amma əgər dinləyənlərin 50%-i belə məndən nəsə öyrənirsə, bu, mənim üçün yetərlidir. Əgər bir tələbəyə belə gələcək bəxş edə bilirəmsə, bu, mənim uğurumdur.
- Oxucularımıza, xüsusilə tələbələrə hansı tövsiyələri verərdiniz?
- Hər gün bir şey yazın və onu bir kənara qoyun. Bir gün o yazılar sizə xəzinə kimi geri dönəcək. Digər tövsiyəm isə tələbəlik dövründən işləməyə başlamaqdır. Bu, gələcəkdə mövqe tutmaq üçün vacibdir. Tələbəlik illərinin çətinliklərini iş təcrübəsi ilə birləşdirmək, kadr kimi formalaşmağın əsas yoludur.
- Yaponiya təhsil sistemində olan hansı yeniliyi Naxçıvan Dövlət Universitetində görmək istərdiniz?
- Yaponiya təhsil sistemi ilə buradakı sistem arasında bir çox oxşarlıqlar var. Amma Yaponiyada fiziki məhdudiyyətli şəxslərin təhsil alması üçün daha geniş şərait yaradılır. Bu, diqqətçəkən bir məqamdır.
- Naxçıvan haqqında təəssüratlarınız necədir?
- Naxçıvan örnək bir şəhərdir. Hər dəfə buraya gəlişimdə yüksək təəssüratlarla ayrılıram. Bu qədim türk yurdunun insanları mehriban və istiqanlıdır. Şəhərin təmizliyi, nizam-intizamı isə təqdirəlayiqdir.



