Yaradıcılıq şəxsiyyət keyfiyyətləri ilə çulğalaşanda

22 Avqust, 2026 - 09:58
Yaradıcılıq şəxsiyyət keyfiyyətləri ilə çulğalaşanda

Həqiqət və xoşbəxtlik axtarışı ilə şüurlu fəaliyyətə başlayan insan hələ qədim dövrdən etibarən öz real dəyərini görmək üçün, getdiyi yolun düz və ya səhv olduğunu müəyyən etmək üçün, öz fəaliyyətini  qiymətləndirmək üçün yubileylər fikirləşib tapıb, zaman-zaman onlar insanın yaşadıqlarının hesabatına çevrilib,  insana geri dönüş edək, özünü təhlil etməyə imkan verib. Əlbəttə, bu gəlimli-gedimli dünyada kəşməkeşli yollarla addımlamaq o qədər də asan deyil, yubileylər vasitəsi ilə insanın  özünüqiymətləndirməsi buna görə “kəşf” edilib ki, insan özünü təhlil etsin, qiymətləndirsin, daha düzgün mövqe əldə etməyin yollarını tapa bilsin. Bu gün yubiley sınağında növbə professor Hikmət Əlizadənin və onun uğurlarınındır.  

Bir tanışlığı tarixi

Dünya qəribə hadisələrlə zəngindir, hər bir insan özü də bilmədən həyat burulğanı onu belə hadisələrin mərkəzinə ata bilir, bu gün baş verənin sabah öz inkişafını necə davam etdirəcəyini heç kim bilmir. Mən əvvəlcə Hikmət müəllimin atası Əbdül Əlizadə ilətanış olmuşam, bu tanışlığın qiyabi olduğunu biləndə yəqin ki, hamı təəccüblənəcək. Tələbə idim. 1964-cü ildə ali təhsil müəssisələri üçün professor M.Məhərrəmovun redaktorluğu ilə müəllifləri Ə.K.Zəküzadə, F.Ə. İbrahimbəyov,  M.C. Məhərrəmov,  Ş.S. Ağayev,  Ə.S. Bayramov və Ə.Ə. Əlizadə  olan “Psixologiya” dərsliyi nəşr edilmişdi. O həmin dövrdəAzərbaycanda Psixologiya fənni üzrə pedaqoji ali məktəblərin istifadəsində olan yeganə dərslik idi,Əbdül Əlizadə dərsliyin X fəslini, “Təxəyyül”mövzusunu qələmə almışdı. Bu fəslə aşağıdakı mövzular daxil idi: “Təxəyyül haqqında anlayış”, “Təxəyyülün növləri”, “Uşaqlarda təxəyyülün inkişafı”.

Semestr imtahanında çəkdiyim biletə həmin  mövzu düşdü. İmtahandan “əla” qiymət aldım. Müəllif mövzunun mahiyyətini elə izah edə bilmişdi ki, onu öyrənən hər bir tələbə əla qiymət almalı idi.

Ali məktəbi bitirib,işləmək üçün Sabirabad rayonuna təyinat aldım. Müəllim işlədiyim illərdə Əbdül müəllimlə yenidən qiyabi görüşdüm, bu dəfə “Azərbaycan məktəbi” jurnalının, “Azərbaycan müəllimi” qəzetinin səhifələrində, orada çap olanməqalələri vasitəsi ilə, həm özünütəhsil, həm də şagirdlərlə qarşılıqlı münasibətlərdə onlardan faydalanmağa çalışmaq məqsədi ilə, həmin illərdə ən çox mütaliə etdiyim müəlliflərdən biri Əbdül müəllim idi.

1975-ci ildə  müsabiqədən keçərək Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutuna (hazırda Təhsil İnstitutu) kiçik elmi işçi vəzifəsinə qəbul edildim. Tale elə gətirdi ki, Əbdül müəllimlə bu dəfə əyani tanış oldum. Əvvəllər həmkar kimi tədbirlərdə görüşürdük, sonralar tanışlığımız əməkdaşlığa çevrildi. Talenin hökmü ilə biz onunla birlikdə, “Ailə həyatının etika və psixologiyası” fənn proqramını, “Ailə” dərsliyini, “Ailə həyatının etika və psixologiyası” (müəllimlər üçün vəsait), “Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat” dərs vəsaitlərini, bu mövzuya həsr olunmuş məqalələr, metodik vəsaitlər qələmə almalı olduq. Heç gözləmədiyim halda, öz müəllimim kimi qiymətləndirdiyim Əbdül müəllim növbəti dəfəgörüşəndə “Sən mənim kiçik qardaşımsan, mənim tərcümeyi-halıma düşmüsən” dedi. Bunlar təsadüfi deyilən sözlər deyildi, dünyanın nadir hadisələrindən biri baş vermişdi. Tanışlığımız əməkdaşlığa, əməkdaşlığımız dostluğa çevrilmişdi. Əbdül müəllim elmi əsərlərinin siyahısını yazarkən birlikdə aldığımızəsərlərinin qarşısında həmmüəllif kimi mənim adımısoyadımı yazırdı. Ona görə deyirdi ki, “tərcümeyi-halıma düşmüsən”. Mən də qürur hissi ilə həmmüəllifkimi onun adını yazırdım.

Gizlətmək istəmirəm, onun kiçik qardaş ifadəsi mənim çox xoşuma gəlirdi. Bu ifadəni birinci dəfə o işlətmişdi, ikinci dəfə mən, yadımdan heç çıxmaz,Əbdül müəllimin yubileyində “Kiçik qardaşın böyük qardaşa məktubu” adlı məqalə hazırlayıb çap etdirdim. Bu tarix unudulmaz bir xatirədir.

Günlərin birində Əbdül müəllim yenə institutda görüşdük. Tək deyildi, yanında Hikmət müəllim varidi. Adını eşitmişdim. Bizi tanış etdi. Dedi: bir-birinizdən muğayat olun, hər ikiniz pedaqogika sahəsində çalışırsınız, birlikdə kitablar, dərsliklər yazın. Bu tanışlıqla o mənim həyatımda yeni səhifəni açmış oldu, kamil, fəxrediləsi, belbağlamalı, yüksək şəxsiyyət keyfiyyətlərinə malik olan bir insanla dostluğumun tarixi belə başladığı.

Müəllimlik və alimlik estafetin davamçısı

Əbdül müəllimin yetirmələri çoxdur, onların ön cərgələrində Hikmət müəllimi görmək adama böyük qürur hissi verir, övladın atanın başladığı işləri davam etdirməsi hələ bəşər tarixinin ənginliklərində yaranıb, insanlar bunu irsiyyətlə bağlayıblar, bu fikirlə razıyıq, amma burada hesab edirik ki, atanın ailədə yaratdığı sosial mühit və öz peşəkarlığı da az əhəmiyyət daşımır.Əbdül müəllim, necə deyərlər, intellektin, mənəviyyatın və zəhmətin vəhdətində əldə etdiyi həm müəllimlik, həm də alimlik yüksəkliyini Hikmət müəllimə etibar edib, bu övlad üçün ağır sınaq olmasına baxmayaraq, qürurvericidir, indi o bu etibarı ucaltma, estafeti davam etdirməli idi. Bizim hər birimizin gözü qarşısında o öz həyat hekayəsi ilə bu etibarı uca tuta bildi, onu dəyərləndirə bildi, dəyərləndirdiyi üçün də ona yeni məzmun verə bildi.

Tərcümeyi-halı kontekstində həyat yoluna nəzər salanda orta və ali təhsil illəri, məktəbdə müəllim kimi əmək fəaliyyəti, hərbi xidmət və aspirantura dövrü - həyatının bu mərhələləri ona sonrakı fəaliyyəti üçün zəruri olan bilik və təcrübənin toplanmasına xidmət göstərdi.  Həqiqi karyera yüksəlişləri və onun uğurları bundan sonra başladı və ölkəmizdə ali təhsilin flaqmanı sayılan Bakı Dövlət Universiteti ilə bağlı oldu. Bu universitet mahiyyəti etibarı ilə həm böyük elm, həm böyük təhsil, həm də böyük tərbiyə məkanıdır. Hikmət müəllim burada hökm sürən ali münasibətlər sisteminin əhatəsində inkişaf edə-edə, püxtələşə-püxtələşə Pedaqogika kafedrasında assistent, müəllim, dosent, professor vəzifələrində çalışdı, yüksəldi, özünü təsdiq edə bildi. Akademik biliyi, didaktik, perseptiv, kommunikativ, nitq və təşkilati qabiliyyətləri, humanist ədalətli məzmun kəsb edənpedaqoji taktika, şəxsiyyət keyfiyyətləri iləmüəllimlik fəaliyyətində, koqnitiv bacarıqları, kreativ keyfiyyətləri ilə yeniliklərə imza ata-ata, alimlik fəaliyyətində fərqlənə bildi. Hətta BDU həyatının on beş ilini Sosial elmlər psixologiya fakültəsinin dekanı vəzifəsinə, həmin fakültənin çiçəklənməsinəhəsr etdi. Elmi rəhbərliyi ilə iyirmiyə qədər fəlsəfə doktoru yetişməsi ilə də bu illəri zənginləşdirə bildi. Rəsmi opponentliyi ilə pedaqoji elmlər sahəsində dissertasiya yazan gənclərin yetişməsi istiqamətində də öz töhfəsini əsirgəmədi. Müxtəlif illərdə BDU-da fəaliyyət göstərən Psixologiya ixtisası üzrə dissertasiyaşurasında üzv və həmsədr kimi, başqa ali təhsil ocaqlarında pedaqogika ixtisası üzrə həm fəlsəfə doktoru, həm də elmlər doktoru üzrə dissertasiya şuralarında üzv, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya ixtisasları üzrə ekspert şurasının sədri və üzvü olaraq, həyat hekayəsinə ali kadr hazırlayan müəllim və alim kimi zənginlik əlavə edə bilmişdi.

Hazırda Azərbaycan İdman Akademiyasında fəaliyyət göstərən pedaqoji elmlər üzrə FD 2.54 dissertasiya şurasının üzvü və şuranın nəzdindəki elmi seminarın sədridir.

Çətin və şərəfli alim ömrünün özünəməxsusluqları var, onlardan biri də alimin konkret tədqiqat problemini tədqiq etməsidir. Hikmət müəllimin elmi yaradıcılığı özündə iki istiqaməti ehtiva edir: sosial pedaqoji və psixopedaqoji tədqiqatlar.

Sosial pedaqoji tədqiqatların nəticəsi olaraq, 1985-ci ildə “IV-VIII sinif şagirdlərinin təlimə məsuliyyətli münasibətinin formalaşmasına demoqrafik amillərin neqativ təsirinin korrektə edilməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, pedaqoji elmlər namizədi; 1996-cı ildə “Tərbiyənin demoqrafik problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, pedaqoji elmlər doktoru elmi dərəcəsi aldı. Bu tədqiqatların nəticəsində onun Tərbiyənin demoqrafik problemi (1993) və “Sosial pedaqogikanın aktual problemləri” (1998) monoqrafiyaları, “Təhsilin sosial-pedaqoji məsələləri” (2008, həmmüəlliflə) və “Sosial pedaqogika”  (2013,həmmüəlliflə) dərslik və dərs vəsaitləri, çoxlu sayda məqalələri qəzet və jurnallarda oxucuların ixtiyarına verildi.

Hikmət müəllim 2000-ci ildə etibarən Ə.Ə.Əlizadə ilə birlikdə psixopedaqoji tədqiqatlarabaşlamışdır. Bu istiqamət üzrə onun həmmüəllifliyi ilƏsrin meqameylləri: psixopedaqoji problemləri (IIIcilddə, 2008), Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya giriş (2008), Pedaqoji psixologiya(2 cilddə, 2010), Psixopedaqogika(2019) kitabları ərsəyə gəlmişdir. Sonuncu kitabda həm müəlliflərdən biri, onun qızı, dosent Səbinə Əlizadədir.

 Bundan əlavə, H.Ə.Əlizadə tələbələr üçün Pedaqogika (2001, Akif Abbasovla), “Distant təhsil pedaqogikası (2021, A. Zamanov, S. Rüstəmov, S.Əlizadə ilə), Pedaqogika (2024, A.N. Abbasovla), Dünya pedaqoji fikir tarixi(2024, L.Qasımova, N.İmamverdiyeva ilə), Ali məktəb pedaqogikası(2025, L. Qasımova, N. İmamverdiyeva ilə)kitablarının müəllifidir. Bütövlükdə 23 kitabın, 200-dən artıq proqramın, metodik vəsaitin, məqalətezisin müəllifidir. Onun son dövrlərdə Yeni məktəbə gedən yol və ya müasir məktəbin fəlsəfəsi”, “Təhsilin məzmunu: səhvimiz haradadır?”, Dərsin müasirliyinin psixopedaqoji sirləri, “Kəşf yolu ilə öyrənmə və ya qeyri-standart dərs haqqında düşünərkən”, “Ağıl necə formalaşır?”, “Qabaqcıl müəllimə necə çevrilmək olar?”, “Qabiliyyəti, istedadı və talantı harada itiririk?”, və s. bu kimi məqalələri oxucuların geniş müzakirəsinə səbəb olmuşdur.    

Əsərlərindən seçmələr

*Dülgərin obyekti cansız olduğu halda, təlim prosesində biliyin ötürülməsi obyekti olan şagird özü də bir subyektdir. Bu prosesdə müəllimin məqsədi ilə yanaşı şagirdin də  məqsədi olur. Nə qədər ki, müəllimin məqsədi ilə şagirdin məqsədi uyğun gəlmir  orada müvəffəqiyyət qazanmaq mümkün deyil. Buna görə də şagirdin məqsədinin müəllimin məqsədinəuyğun gəlməsinə  (diqqətlə fikir verin:  uyğun gəlməsinə, eyni olmasına yox) nail olmaq lazımdır.

*Pedaqoji prosesdə uğur qazanılmasında müəllimin metodikası mühüm əhəmiyyət kəsb edir. Metodika müəllimin pedaqoji prosesdə təlimin məzmununu şagirdə çatdırmaq üçün istifadə olunan metodların məcmusudur.

 *Pedaqoji proses  formaca öyrədənlə öyrənənin  qarşılıqlı münasibətini özündə əks etdirsə də, məzmunca mürəkkəb prosesdir. Onun mürəkkəbliyi pedaqoji nəzəriyyənin bir çox suallara cavab verməsini tələb edir. Həmin suallardan bəziləri: Bu prosesin səmərəli təşkili üçün təhsil sistemində hansı idarəetmə modelindən istifadə olunmalıdır?  Bu proses öyrədənlə öyrənən arasında münasibətlərə söykənir. Öyrədənlə öyrənən arasında münasibətlər necə təşkil olunmalıdır?  Bu prosesdə öyrədən hansı təlim metodlarından istifadə etsə, daha səmərəli nəticələr əldə olunar?  Bu prosesdə hansı texnologiyalardan, necə istifadə etmək daha məqsədəuyğun olar? və s.
Müəllimlərin müəllimi

 Professor Hikmət Əbdül oğlu Əlizadə 44 ildir ki, BDU-da müəllim ixtisasları üzrə kadr hazırlayan fakültələrdə dərs deyir. Onun mühazirələri təkcə pedaqogika fənninin tədrisinə deyil, ağıl və mənəvi dəyərlər müstəvisində dinləyicilərinə həyatın, təhsilin, tərbiyənin, inkişafın  mahiyyətini dərk etməyə istiqamətlənib.  Bu gün elə bir təhsil müəssisəsi tapmaq olmaz ki, onun yetirmələri orada işləməsin. Bir neçə dəfə mən də müxtəlif məktəblərdə görüşlərdə olarkən, görünür onunla həmmüəllif əsərlərimolduğum üçün və ya dost olduğumuzu bildikləri üçün onu məndən soruşublar. Sonra bir böyük müəllim kimi onu elə sevə-sevə səciyyələndiriblər ki, qibtə etməmək mümkün deyil.

 Son dövrlərdə onun həm də ictimai fəaliyyət dairəsi genişlənmişdir. O Respublika Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın sədridir. İctimai Şura xətti ilə respublika səviyyəli tədbirlərdə fəal iştirak edir, müxtəlif təhsil müəssisələrində müəllimlərlə görüşlər keçirir, onlarla müasir dövrün təhsil konsepsiyaları kontekstində müzakirələr keçirir.

 Amma, bəlkə də özü də hiss etmədən, müəllim kadrları hazırlaya-hazırlaya, müəllimlərə dərs deyə-deyə müəllimlərin müəllimi statusuna yiyələnmişdir. Bu gün formalaşmasında Hikmət Əlizadənin əməyi olan hər bir müəllim onu qürurla öz müəllimi kimi dəyərləndirir. Bu, Əbdül müəllimin verdiyi əmanətin həm alim kimi, həm də müəllim kimi qoruyub saxladığını, ona yeni nəfəs gətirirdiyinin və ucalda bilməsinin nəticəsidir.

Son söz əvəzi

 Yunan fəlsəfəsində deyilir: insan hər şeyin ölçüsüdür.   Əgər insan özünü dərk edirsə, deməli, onun hər şeyi dərk edə bilməsi mümkündür. İnsanlıq — bəşəriyyəti, insanları, yaxud da şəxsiyyətə məxsusalicənablıq, xeyirxahlıq, insanpərvərlik mərhəmət və s. bu kimi ali keyfiyyətləri özündə cəmləşdirənməfhumdur. Hikmət Əlizadə də öz fəaliyyəti ilə alimliyin və müəllimliyin ölçüsünə çevrilə bilmişdir, o yaradıcılığı ilə şəxsiyyət keyfiyyətlərinin sərhədlərini birləşdirə bildiyi üçün böyük uğurlar əldə edə bilmişdir. Bu gün o alim və müəllim olmaqla yanaşı,  həm də ailə başçısıdır: - həyat yoldaşı, övladları, nəvələri onun həyat hekayəsinin mühüm səhifələrini təşkil edir.

Müəllimlik həyatının və elmin enişli və yoxuşlu yollarında inamla addımlayaraq, zirvə yüksəlməyi bacarmış Hikmət müəllim 70 yaşına çatmışdır. Nə gözəl!!!  Arzu edirəm ki, sonrakı illəri də sağlam canla yaşasın, yazıb-yaratsın, yeni elmi kadrlar yetişdirsin, ali təhsil müəssisəsində səmərəli təlimlər aparsın!!!

Əziz qardaşım Hikmət, 70 yaşın mübarək!!!

Akif ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim