Yeni il, yeni hədəflər: Məqsəd qoymaq və planlama beynimizə necə təsir edir?
2025-ci ilin yekunlaşmasına sayılı günlər qalıb. İl sonuna yaxınlaşdıqca əksər insanlar “Hansı sahədə özümü inkişaf etdirmişəm?”, “neçə kitab oxumuşam?”, “kimlərlə tanış olmuşam?” kimi müxtəlif suallar haqqında düşünürlər.
Bu sualların cavabı isə il ərzində etdiklərimizdən asılıdır. Bəzən çox çalışqan olub siyahımızdakı hər cümlənin üstündən “xətt çəkərək” özümüzlə fəxr edirik, bəzən isə heç bir iş görmədiyimizin, yeni bacarıq və biliklər qazanmadığımızın fərqinə varıb məyus oluruq.
Bəs bütün bu qiymətləndirmənin əsasında duran məqsəd nədir?
Məqsədin sözdən əmələ keçməsinə doğru
Məqsəd sözünün izahına baxsanız, “əldə etməyi, nail olmağı arzuladığınız, niyyət etdiyiniz və hərəkətə keçməyiniz üçün sizə motivasiya verən son nəticə” cümləsini görəcəksiniz. Lakin məqsəd sadəcə bir cümlədən ibarət kiçik anlayış deyil, həm də uzun bir prosesdir. Fikirlərimiz məqsədə çevrilmək üçün 3 mərhələdən keçir:
• Xəyal: İlk növbədə biz nə isə haqqında xəyal qurmağa başlayırıq.
• Arzu: Düşünməyə davam etdikcə bu bizim arzumuza çevrilir.
• Məqsəd: Arzunun gücü yüksək olduqda isə həmin şey məqsədə çevrilir.
Düzgün məqsəd seçimi: SMART məqsədlər
Hər bir insan özünə uyğun məqsəd seçməlidir. Çünki yanlış məqsəd bizim maraqlarımıza, dəyərlərimizə uyğun olmaya bilər. Belə olan halda həvəslə çalışmaq və müsbət nəticələr əldə etmək çətin olur. Bu cür əsaslandırılmış məqsəd SMART məqsəd adlanır. SMART sözü ingilis dilindən götürülmüş və aşağıdakı xüsusiyyətləri özündə əks etdirən sözlərin qısaldılmış halıdır:
• Spesifik: Məqsəd aydın şəkildə müəyyən edilməlidir. “Nə, niyə, necə, nə zaman?” suallarına cavab tapılmalıdır.
• Ölçülə bilən: Seçdiyimiz məqsədə çatdığımızı, irəliləyişimizi müəyyən edə biləcəyimiz meyar tapmalıyıq.
• Əldə olunan: Seçdiyimiz məqsəd reallığa uyğun olmalı və ona çatmaq üçün lazımlı resurslara sahib olmalıyıq.
• Uyğun: Seçdiyimiz məqsəd ehtiyaclarımıza, dəyərlərimizə uyğunluğu önəmlidir.
• Vaxt çərçivəsində: Məqsədimizə çatmaq üçün nə qədər vaxt lazım olduğunu müəyyən etməliyik.
| Spesifik | Ölçülə bilən | Əldə olunan | Uyğun | Vaxt çərçivəsində |
| Önümüzdəki 3 ay ərzində ispan dili biliyimi B1 səviyyəsinə çatdırmağı hədəfləyirəm | Hər həftə minimum 30 yeni söz öyrənəcəyəm və həftədə 2 dəfə 15 dəqiqə səs yazısı ilə danışıq praktikası edəcəyəm. | İspan dili haqqında ilkin biliklərə sahib olduğum üçün 3 ay ərzində səviyyəmi B1 etmək mümkündür | İspan dilini universitet, səyahət və təhsil imkanları üçün gücləndirmək istəyirəm. | Mart ayının sonuna qədər dil öyrənmə planıma uyğun hərəkət edərək prosesi bitirməliyəm. |
Planlama: Məqsədin həyata keçməsi üçün ən effektiv üsul
Məqsədi müəyyən etdikdən sonra ona çatmağın əsas yolu planlamaqdır. Planlaşdırma təkcə işləri siyahıya almaq deyil, həm də beynimizin fəaliyyətini optimallaşdırmaqdır.
Araşdırmalar göstərir ki, planlaşdırmadığınız zaman prefrontal korteksiniz (beyinin planlaşdırma və qərar vermə üçün fəaliyyət göstərən hissəsi) daimi həyəcan vəziyyətində qalır. Hər yeni tapşırıq yeni qərar qəbuletmə enerjisi tələb edir. Beyniniz davamlı olaraq kontekstləri dəyişdirir, zehni resursları yandırır.
Planlaşdırdığınız zaman beyniniz qərarları əvvəlcədən emal edir və idrak yükünü azaldır. Neyron yolları qarşıdakı tapşırıqlar üçün hazırlanır.
Koqnitiv yük əlaqəsi
“Koqnitiv yük və qərar qəbuletmə: insan diqqətinin sərhədləri” məqaləsində qeyd olunur ki, beynimizin şüurlu qərar qəbuletmə üçün məhdud miqdarda emal gücü var (gündə təxminən 2-3 saat). Hər dəfə "bundan sonra nə etməliyəm?" qərarı verməli olduğunuz zaman bu məhdud ehtiyatdan istifadə edirsiniz. Məhz buna görə hətta sadə planlaşdırma vasitələri belə məhsuldarlığınıza bu qədər dərin təsir göstərə bilər.
Stres azaldılmasının nevrologiyası
Planlaşdırmanın stress reaksiyamıza təsiri də diqqətəlayiqdir. Kaliforniya Universitetinin tədqiqatları göstərir ki, qeyri-müəyyənlik beynin təhdid aşkarlama mərkəzi olan amigdalanı aktivləşdirir. Aydın bir planla işləyərkən:
• Kortizol (stres hormonu) səviyyələri 50%-ə qədər azalır.
• Amigdalada azalmış aktivlik müşahidə olunur.
• Planlaşdırılmış tapşırıqları yerinə yetirdikcə beynin mükafat mərkəzləri daha aktiv olur.
Başqa sözlə, planlaşdırma yalnız məhsuldarlıqla bağlı deyil, bu, beyninizin ən yaxşı şəkildə işləyə biləcəyi bir düşüncə vəziyyəti yaratmaqla bağlıdır.
Əsas planlama növləri
Planlaşdırma adətən zaman çərçivələrinə görə illik, aylıq və gündəlik kateqoriyalara bölünür
Günlük planlama
Günlük planlama sadəcə 24 saat ərzində görməli olduğumuz işlərin toplusudur. Siz planı axşamdan quranda səhər oyanan zaman "Bu gün nə etməliyəm?" sualına cavab tapmaq üçün məhdud zehni enerjinizi (koqnitiv yükünüzü) sərf etmirsiniz. Günlük planlamanı axşam yatmazdan əvvəl etmək daha yaxşıdır. Yaxşı bir günlük planlama üçün Eyzenhauer matrisindən istifadə edə bilərsiniz.
Aylıq planlama
Aylıq planlama bir ay ərzində hədəflərini, prioritetlərini və tapşırıqlarını sistemli şəkildə təşkil etmə prosesidir. Günlük planlamadan fərqi odur ki, ayın “böyük mənzərəsini” quraraq bütün həftə və günlər üçün istiqamət təyin edir.
İllik planlama
Sadalanan növlərdən ən uzunmüddətlisi illik planlamadır. Bu planlamada insanlar daha böyük, əldə olunması vaxt tələb edən məqsədlər seçirlər. Tövsiyə olunur ki, illik planlama gələcək 1 il üçün qurulmağı daha məqsədəuyğundur. Çünki bu gün uzunmüddətli hədəflər qoymağı seçsəniz, özünüzü məhdudlaşdırırsınız. Uzunmüddətli hədəflərinizi bugünkü dünya haqqında biliklərinizə əsasən qoyursunuz. Lakin beş ildən sonra daha çox biliyə və çox fərqli bir düşüncə tərzinə sahib olacaqsınız. Beş il sonra sahib olacağınız bilik hərəkətlərinizi diktə etməlidir, köhnə versiyanızın kağıza yazdığı bir şey deyil.
Planlama ilə bağlı ekspert fikri:
Mövzu ilə bağlı Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Mikayıl Tağıyev açıqlamasında bildirib ki, plansız məqsəd sadəcə bir arzudur: “Planlama bizə qeyri-müəyyənliyi aradan qaldırmağa, vaxtımızı, enerjimizi daha rasional şəkildə bölməyimizə kömək edir. Bizi düzgün olmayan qərarlardan qoruyur və proses zamanı irəliləyişimizi ölçmək, lazım olduqda düzəliş etmək imkanı yaradır".
O qeyd edib ki, plan qurarkən riskləri və alternativləri nəzərə almaq lazımdır: “Çünki plan dəyişə bilər, amma məqsəd dəyişməməlidir. Məqsədi təyin edərkən ən önəmli məqam dəyərlərimizə uyğunluğudur. Əgər məqsəd insanın daxili motivasiyasına xidmət etmirsə, uzunmüddətli çalışma zamanı nəticə verməyəcək. “Niyə?” sualına cavab tapmaq çox önəmlidir.
“Niyə bu məqsədi istəyirəm? sualına səmimi cavab vermək hər şeyi aydınlaşdırır. Əgər buna cavabımız yoxdursa planlama da formal xarakter daşıyır”.
Yeni il, yeni məqsədlər
2026-cı il üçün yeni hədəflər yazmağın əsl vaxtıdır. Əgər siz də 2026-cı ili daha effektiv, uğurlu keçirmək istəyirsinizsə, linkə keçid edərək hazırladığımız materialdan yararlana bilərsiniz.
Nərmin MƏMMƏDZADƏ


