Öz-özünə öyrənmə: 12 yaşlı şagird nüfuzlu universitetin tələbəsi oldu 

1 İyun, 2026 - 12:28
Öz-özünə öyrənmə: 12 yaşlı şagird nüfuzlu universitetin tələbəsi oldu 

Birləşmiş Ərəb Əmirliklərindəki beynəlxalq məktəbin 12 yaşlı şagirdi SAT riyaziyyat bölməsində 800 baldan 750 bal toplayaraq ABŞ-nin nüfuzlu Johns Hopkins Universitetindən elit qlobal riyaziyyat mükafatı qazanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, tamamilə öz-özünə öyrənmə yolunu seçən Arjun Abhinav Patvardhan Abu Dabidə SAT imtahanını verib və burada onun iştirakı yaşlı namizədlərin diqqətini çəkib, çünki universitetə qəbul imtahanı adətən ən azı 16 yaşlılar nəzərdə tutulur.

Hind mənşəli avstraliyalı şagird ümumilikdə 1290 bal, o cümlədən riyaziyyatdan 750 toplayıb. Bu möhtəşəm nəticə Arjuna “Johns Hopkins Center for Talented Youth” (CTY) tərəfindən Böyük Şərəf Mükafatını qazandırıb. Bu, akademik cəhətdən istedadlı tələbələr üçün qlobal səviyyədə tanınan bir proqramdır.
Bu mükafat, CTY tərəfindən daha yaşlı imtahan verənlər üçün nəzərdə tutulmuş testlərdə elit nəticələr əldə edən ibtidai və orta məktəb şagirdlərini qeyd etmək üçün verilən ən yüksək akademik tanınmadır. Bu nailiyyəti daha da fərqləndirən odur ki, Arjun imtahana müstəqil şəkildə, müəllimlər, təlim mərkəzləri və ödənişli kurslar olmadan hazırlaşıb. 

Öz-özünə öyrənməyə güvənən Arjun “College Board” saytındakı praktiki imtahanlardan və pulsuz təhsil platformas olan “Khan Academy”nin dərslərindən istifadə edib. O, 10 onlayn sınaq imtahanını tamamlayıb, əvvəlcə riyaziyyatdan 730 bal toplayıb, lakin son sınaq imtahanında 770–780 bal aralığına çatıb.

Atası Abhinav Patvardhanın sözlərinə görə, ailəsi bu nailiyyətin tamamilə müstəqil səylər nəticəsində əldə edilməsindən xüsusilə qürur duyur: “Arjun SAT riyaziyyat imtahanında 800 baldan 750-sini tamamilə öz üzərində işləmək, intizam və ardıcıl təcrübə sayəsində əldə edib. Bu, onun güclü özünümotivasiyasını və müstəqil öyrənməsini əks etdirir”.

Əbu Dabidə yerləşən Qlobal Hindistan Beynəlxalq Məktəbindəki (GIIS) müəllimi Dinsana Arjunun istedadını 6-cı sinifdə aşkar edib: “Arjun VI sinifdə oxuyarkən artıq 10 və 11-ci sinif riyaziyyat məsələlərini inamla həll edirdi, yüksək səviyyəli riyaziyyat öyrənmək həyəcanı və yanğısı onun gözlərində aydın görünürdü. O, hər gün qabaqcıl anlayışları araşdırmaq üçün səbirsizliklə gözləyirdi, bunu məcbur olduğu üçün yox, riyaziyyatı həqiqətən ürəkdən sevdiyi üçün edirdi”.

Müəllimi ilə müzakirələrdən sonra Arjunun valideynləri evdə daha yüksək səviyyəli dərsliklərlə onu təşviq etməyə başlayıblar. Zamanla o, əsasən mürəkkəb riyazi problemləri təkbaşına həll etməyə başlayıb.  
GIIS Abu Dabi orta məktəbinin direktoru Jyoti Pathak Arjunu "səmimi, maraqlı və fədakar bir şagird" kimi təsvir edir: "Onun ardıcıl səyləri və təhsilə olan sadiqliyi uğura aparan qısa yolların olmadığını əks etdirir".
Arjun balanslı bir qrafik saxlayır. Evdə həftəiçi təxminən iki saat, həftə sonları və bayramlarda isə altı saata qədər oxuyur. O, həmçinin müntəzəm olaraq badminton və stolüstü tennis oynayır, musiqi, teatr sənət yarışlarında iştirak edir. Məktəbinin mədəniyyət komitəsində də təmsil olunur. 

11 yaşında karate üzrə qara kəmər qazanıb. İndi o, ingilis dili bölməsində balını yaxşılaşdırmağı və ümumilikdə 1600 baldan 1550 SAT balı əldə etməyi planlaşdırır.

O, riyaziyyat sahəsində uğurlu bir karyera qurmağı və nəhayət dünyada imkansız uşaqlara kömək etmək üçün Khan Akademiyasına bənzər təhsil platforması yaratmağı ümid edir. “Mən Khan Akademiyasından faydalandım və başqaları üçün də oxşar bir şey etmək istəyirəm”, - deyə o mətbuata bildirib.