Yeni məktəb, yeni ümidlər: Hacıvarda təhsilin yeni nəfəsi

10 Fevral, 2026 - 09:42
Yeni məktəb, yeni ümidlər: Hacıvarda təhsilin yeni nəfəsi

Müasir təhsil mühiti, geniş sinif otaqları və yeni imkanlarla istifadəyə verilən Hacıvar kənd tam orta məktəbi sadəcə təhsil ocağı deyil, şagirdlərin hər gün qapısından ümidlə daxil olduğu bir məkandır. Bu məktəbdə çalınan zəng səsi bu dəfə fərqli eşidilir. İllərdir yenilənməsi gözlənilən məktəbin həyəti indi uşaqların sevinc dolu addımları, müəllimlərin ümidli baxışları ilə canlanır. 

“Azərbaycan müəllimi” olaraq yolumuzu Babək rayonunun Hacıvar kəndində müasir üslubda, fərqli dizaynda istifadəyə verilən yeni məktəb binasına salırıq. 

Məktəbə çatanda səhər saatları idi. Uşaqlar yeni sinif otaqlarına tələsir, müəllimlər isə illərdir arzulanan şəraitdə dərs deməyə hazırlaşırdı. 

Məktəbə daxil olar-olmaz, geniş, işıqlı dəhlizlərdən keçirik, məlum olur ki, yeni istifadəyə verilən bu məktəbin hər cür şəraiti var. Hətta məktəbdə bir sıra yeniliklər var ki, bu barədə az sonra söhbət açacağıq. İlk olaraq qeyd edək ki, Hacıvar kənd tam orta məktəbinin yeni binası 456 şagird yerlikdir. İki mərtəbədən ibarət olan məktəb binası 3 əsas və 1 köməkçi korpusu əhatə edir. Təhsil ocağında proyektorla təchiz olunmuş 19 sinif otağı, STEAM, hərbi hazırlıq, kimya, biologiya və fizika kabinetləri, müasir laboratoriyalar, əmək təlimi otaqları, kompüter sinifləri, akt zalı, müəllimlər otağı, kitabxana və bufet fəaliyyət göstərir.

Məktəbinin direktoru Çinarə Hacıyeva yeni binaya köçməyin təlaşındadır. Deyir ki, hazırda məktəbdə 39 müəllim 348 şagirdin təlim-tərbiyəsi ilə məşğuldur: “Təhsil prosesinin fasiləsiz təşkili üçün məktəbdə 15 nəfər texniki heyət çalışır. Məzun göstəriciləri də sevindiricidir. Keçən il 8 şagird ali məktəblərə, 6 şagird isə orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Bilik və nailiyyətləri ilə seçilən şagirdlərdən XI sinif üzrə 2 nəfər, IX sinif üzrə isə 2 nəfər fərqlənmə attestatına layiq görülüb”.

Müəllim və şagirdlər dərsdə olduğu üçün tənəffüsü gözləyirik ki, onlarla həmsöhbət olaq. Bu arada isə məktəbin on illik iş təcrübəsinə malik psixoloqu, həm də rus dili müəllimi Arzu Axundova ilə söhbətləşirik. Psixoloq deyir ki, bina təmir olunana qədər qonşu məktəbdə fəaliyyət göstərdikləri üçün bir az əziyyət çəkiblər. İki məktəbin şagirdləri bir yerdə dərs keçmək məcburiyyətində qalıb. Amma indi tam rahat olaraq şagirdlərlə maraqlanmaq, onlarla söhbətlər aparmaq mümkündür: “Şagirdlərlə testlər keçirik, söhbətlər aparırıq, onları yaxşı mənada yönləndirməyə çalışırıq. Problemli şagirdlərin çoxu ailə problemi yaşayan şagirdlər arasında olur. Məxfilik tam saxlanılmaqla tədbirlər görüb, valideynlərlə görüşürük”.

Məktəbdə seminarlar təşkil edən Arzu müəllimin yeni planları da var: “Bu yaxınlarda buraxılış siniflərinə “qorxuya necə qalib gəlmək olar?” mövzusunda təlim keçməyi planlayıram. İmtahan qabağı şagirdlər stres keçirir, həm müəllimlərdən, həm də valideynlərdən qorxurlar. Başqa yerdə olduğumuz üçün iş planına uyğun işləyə bilməmişik, vaxt məhdudiyyəti var idi. Artıq planmız yeni məktəbdə yarımçıq qalan işləri davam etdirmək olacaq”. 

Burada müasir tipli sinif otaqları, kabinet və laboratoriyalar tədrisin yüksək səviyyədə təşkilinə imkan verir. Elə məktəbin kimya müəllimi Seyran Behbudova da dərslərini bu həvəs və stimulla keçir. 36 illik stajı olan müəllim 2023-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2003)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Deyir ki, gözləmədiyi anda əməyi qiymətləndirilib ki, bu da onu qürurlandırıb. Yeni məktəbdə daha böyük təcrübələr aparmaq niyyətindədir: “İndi bizə bütün şəraiti olan və avadanlıqlarla təmin olunmuş kimya kabineti verilib. Bu günə qədər dərs dediyim 5 şagird tibb institutunda oxuyub, həkim olub. Bundan sonra da çalışacağam ki, zəngin laboratoriyadan istifadə edərək şagirdlərimə dərs deyim. Şagirdlər də praktiki dərslərə çox maraqla yanaşır ki, bu da dərsləri yaddaqalan edir”.

Deyir ki, müəllim əməyi həm şərəfli, həm də ağır əməkdir: “Bu ixtisası sevdiyim üçün mənə ağırlıqlar yüngül gəlir. Şagirdlərə də deyirəm ki, sizin üçün hər cür şərait yaradılıb, sizin vəzifəniz sadəcə təhsil almaqdır. Oxuyan uşaq görəndə ona elə bağlanıram ki, elə bilirəm öz övladımdır. Deyirəm ki, onlara yeni biliklər çatdırım”. 

Neçə illik təcrübəsi olan müəllim gənc həmkarlarına da məsləhətlər verir: “Gənc müəllimlərə tövsiyəm odur ki, öz peşələrini sevsinlər, bu zaman ixtisaslarını şagirdlərə sevdirə biləcəklər. Uşaqların içində olan gözəllikləri ortaya çıxarmağa çalışsınlar. Tərbiyə üstündə təhsil qurulur, tərbiyə olmayan yerdə təhsil də effekt vermir. Məktəb hər birimizin doğma ailəsidir, bura ürəklə, sevərək gəlsinlər. İşlərinə məsuliyyətlə yanaşsınlar, ailə problemlərini siniflərə daşımasınlar”. 

Məktəbdə gənc müəllimlər çoxdur. Hər biri də min bir həvəslə gəlib dərs deyirlər. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Tərlan Piriyeva ilə koridorda rastlaşırıq. Dərsdən çıxıb müəllimlər otağına gedirdi. 3 ildir ki, MİQ-dən 58 bal nəticə ilə buraya gəlib. O, hər gün Naxçıvan şəhərindən Hacıvara gəlir və dərs deyərək geri dönür. Deyir ki, ilk gəldiyi gündən şagirdlərlə tez dil tapa bilib:

“Məktəb bizə doğma ocaqdır, şagirdlərimə də öz övladım kimi yanaşdım. 11-ci sinifdə savadlı gənclərimiz çoxdur, ümidvarıq ki, çoxu ali məktəbə daxil olacaq. Hazırlıqları sürətlə davam edir. İndiki dövrdə uşaqların müəllimdən çəkindiyi məqamlar da olmalıdır. Hər cür şagirdlərlə qarşılaşıram, onların emosional hisslərini, psixoloji vəziyyətlərini də nəzərə alıram. Müxtəlif ailədən gələn şagirdlərə fərdi yanaşmaq lazımdır ki, mən də bunu yerinə yetirirəm”. 

Hazırda elektron lövhələrin köməyi ilə uşaqlara əlavə materiallar vermək mümkündür ki, o gələcəkdə müzakirə günləri, ədəbiyyat günləri təşkil etməyi planlayır.  

Daxil olduğumuz sinifdə dərs deyən Əfrayə Əliyeva da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimidir. O buraya həmkarı Tərlan müəllimlə bir vaxtda gəlib. Nehrəmdən gələrək hər gün burada dərs keçən gənc müəllim də MİQ imtahanı verərək yüksək balla buranı seçib. Deyir ki, ilk vaxtlarda sinfi ələ almaq, uşaqlara fikirlərini çatdırmaqda bir az əziyyət çəkib, amma 3 il ərzində şagirdlərinin sevgisini qazanaraq bunu aşıb: “Məncə şagird ya müəllimdən qorxmalı, ya da onu sevməlidir ki, dərsini oxusun. Mən o qorxmaq yolunu seçmədim, çünki özüm də vaxtı ilə müəllimlərimdən qorxduğum üçün bu yol mənə düzgün gəlmirdi. Birinci özümü sevdirdim, sonra tədris etdiyim fənnə maraqları artdı”.

Əfrayə müəllimin maraqlı dərs keçmə metodu var. Əlavə edir ki, şagirdlərdə ən böyük problem dinləmə qabiliyyətinin olmamasıdır: “Dərs oxumaqları üçün kiçik cəzalar müəyyənləşdirmişəm. Misal üçün biri digərinin sözünü kəsəndə cəza olaraq 5 söz əzbərləməlidir. Əslində cəza kimi görünsə də, onların xeyrinədir. Dərsdə kim bir-birinə hörmətsizlik edirsə, sabah 4 misralıq şeir əzbərləyib gələcəyini bilir. Xüsusən də oğlanların bədii ədəbiyyata marağı sıfırdır. Amma kitabda onların həyatları ilə bağlı nüansları, obrazın ona bənzədiyini deyəndə diqqətlərini çəkir. Onda o kitabı, əsəri tapıb oxuyurlar”. 

Gələcək planlardan bəhs edərkən, “burada akt zalımız genişdir, Tərlan müəllimlə bir yerdə əsərləri səhnələşdirmək istəyirik” deyir.  
Şagirdlərin fiziki inkişafı üçün məktəbdə geniş idman zalı da yaradılıb. Biz kənardan şagirlərin məşq prosesini izləyirik. Əminik ki, tezliklə şagirdlərin idman sahəsində də uğurlarının şahidi olacağıq. 

İdman qədər hərbi məktəbə də marağı olan şagirdlər var. “Bizim məktəb hər il hərbi məktəblərə namizəd verir ki, oradan mütləq 2-3 qəbulumuz olur”. Bunu məktəbin hərbi rəhbəri Ramal Məmmədov deyir. 20 ildir ki, məktəbdə hərbi hazırlıq dərslərini tədris edən müəllim şagirdlərinin “Şahinlər” hərbi oyununa hazırlaşdıqlarını bildirir. Artıq qalib olmaq üçün daha böyük imkan var: “Hərbi kabinetdən, plakatlardan, elektron lövhələrindən istifadə edərək dərsi qururam. Yeni binada əyani vəsaitlərimiz daha da çoxalıb. Şagirdlərə vətənpərvəlik ruhu aşılamaq üçün 2-ci Qarabağ müharibəsi iştirakçıları haqqında geniş məlumatlar verirəm. Hətta məzunlarımız arasında 44 günlük müharibənin qaziləri də var. Onları məktəbə dəvət edib, həm şagirdlərə tanıdır, həm də milli-mənəvi ruhda söhbətlər aparırıq”.  

Bütün siniflərdə sakitcə dərs gedir. Dərs otaqları olduqca rahatdır. Partlar geniş, siniflər işıqlıdır. Hətta sinif otaqlarında təmzilik məqsədilə əl-üz yuyanlar da quraşdırılıb. Biz məktəbin ən həyəcanlı sinfinə, yəni 11-ci siniflərin otağına daxil oluruq. İmtahana az qalmış hər bir şagird daha çox dərs oxumağa çalışır. Bu təlaş onların üzlərindən də oxunur. “Vaxtımın çoxunu dərs çalışmağa sərf etsəm də, yuxu rejiminə də fikir verirəm” deyir Hacıvar kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Nərmin Əliyeva. Arzusu iqtisadiyyatçı olmaqdır: “Xəyalıma çatmaq üçün, ailəm və müəllimlərim də dəstək olur. Məktəbimiz çox əladır, yeniliklər var”. 

Qətibə Nəsirova isə riyaziyyat müəllim olmaq istəyir: “Müəllim olmağı çox istəyirəm. Riyaziyyat müəllimimi sevdiyim üçün bu sahəyə yönəlmişəm. Məktəbdə müəllimlərim və ailəm də mənə dəstək olurlar. Məktəbimizdə yeniliklər var, mühit çox yaxşıdır”. 

Məktəbinin 11-ci sinif şagirdi Əlövsət Əlizadə 3-cü qrup üzrə imtahan verəcək: “Gələcəkdə Polis Akademiyasına qəbul olmaq istəyirəm, bu mənim uşaqlıq xəyalımdır. Sınaqlarda da yaxşı nəticələr göstərirəm”. 

Əlövsətin sinif yoldaşı Pəri Hüseynova isə 2-ci qrupa hazırlaşır, gömrük işçisi olmaq istəyir: “İndiyə qədər sınaqlarda yaxşı bal toplamışam. Ən böyük dəstəkçim, maddi və mənəvi olaraq ailəmdir. Məktəbdə psixoloqumuz da, imtahanqabağı bizimlə söhbətlər edir. Müəllimlərimiz də hər birimizin dərsdən əlavə suallarını cavablandırır”.

Qeyd edək ki, məktəbin həyətində qazanxana, qapalı su hovuzu və minifutbol meydançası quraşdırılıb. Təhlükəsizliyin təmin olunması məqsədilə bina daxili və xarici nəzarət kameraları ilə təchiz edilib.

Daha çox dərs prosesinə mane olmamaq üçün məkəbdən ayrılırıq. Biz çıxarkən yenə zəng səsi eşidilir. Bu dəfə sakit koridorları şagirdlərin şən, xoşbəxt səsi bürüyür. Yeni məktəbin sinif otaqlarında onların hər biri məmnun şəkildə gələcəklərini inşa edirlər..