Yeni təsnifata 45 yeni peşə ixtisası daxil edilib
Peşə ixtisaslarının yeni təsnifatına 45 yeni ixtisas daxil edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi məqsədilə keçirilən görüşdə səsləndirib.
O bildirib ki, yeni ixtisaslar telekommunikasiya avadanlıqlarının quraşdırıcısı, rəqəmsal marketinq və e-ticarət, qida istehsalı, Rəqəmsal istehsal texnologoyaları və avadanlıqları (Additiv texnologiyalar), ahıl və xüsusi qayğıya ehtiyacı olan şəxslərə xidmət işçisi sahələrini əhatə edir.
Həmçinin qeyd edib ki, ixtisas təsnifatı layihəsinin hazırlanmasında 10 dövlət qurumu və peşə assosiasiyaları iştirak edib: "Təklif verən qurumlar sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Mədəniyyət Nazirliyi yer alır.
Eyni zamanda Dövlət Dəniz və Liman Agentliyi, Dövlət Mülki Aviasiya Agentliyi, Azərbaycan Ət Assosiasiyası və Gözəllik Xidməti Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyi ilə də müzakirələr aparılıb".
S.Babayevanın sözlərinə görə, bu təkliflər həm təsnifatın metodologiyasına, həm də yeni ixtisaslara aid olub: "95 yeni ixtisasla bağlı təklif təqdim edilib. Bu təkliflərin əksəriyyəti aviasiya və naviqasiya sahələri ilə bağlıdır. Bu da həmin sahələrin nə qədər sürətlə və dinamik inkişaf etdiyini göstərir. Ən çox yeni ixtisasla bağlı müraciət edən qurum Dövlət Dəniz və Liman Agentliyidir. Agentlik 34 ixtisas üzrə təklif verib. Daha sonra Dövlət Mülki Aviasiya Agentliyi 22 ixtisasla çıxış edib".




