Yeniyetmələr üçün xüsusi “ChatGPT” istifadəyə verilib
“OpenAI” 13–17 yaşlı istifadəçilər üçün “ChatGPT for Teens” adlı xüsusi versiyanı istifadəyə verib. Yeni versiyada yeniyetmələrin təhlükəsizliyi üçün daha sərt məzmun məhdudiyyətləri və valideyn nəzarəti funksiyaları tətbiq olunur.
Yeni sistem istifadəçinin 13–17 yaş arasında olduğunu bildirməsi və ya “OpenAI” tərəfindən onun 18 yaşdan kiçik olduğunun müəyyən edilməsi zamanı avtomatik aktivləşdiriləcək. Şirkət yaşın müəyyənləşdirilməsi üçün istifadəçinin bildirdiyi məlumatlarla yanaşı, hesab və davranış göstəricilərindən də yararlanacağını açıqlayıb. Yaşla bağlı şübhə yarandıqda isə daha təhlükəsiz parametrlər tətbiq ediləcək.
Yeniyetmələr üçün özünə zərərvermə, zorakılıq və yemək pozuntuları kimi həssas mövzularda daha sərt məhdudiyyətlər nəzərdə tutulub. Valideynlər isə övladlarının hesabında müəyyən parametrləri idarə edə, “Quiet Hours” funksiyası ilə “ChatGPT”dən istifadəyə fasilə verə və həssas mövzularla bağlı bildirişlər ala biləcəklər.
Yeni versiyada təhsil imkanları da genişləndirilib. “Study Mode” şagirdlərə tapşırıqların hazır cavablarını vermək əvəzinə mövzunu addım-addım öyrənməyə kömək edəcək. Bundan başqa, ev tapşırıqları üçün xatırlatmalar, testlər və vizual izahlar təqdim olunacaq.
“OpenAI”nin açıqlamasına görə, yeniyetmələrin “ChatGPT”dən əsas istifadə məqsədlərindən biri təhsildir. Eyni zamanda, yeni təhlükəsizlik tədbirləri süni intellekt çat-botlarının yeniyetmələr tərəfindən emosional dəstək vasitəsi kimi istifadəsi ilə bağlı artan narahatlıqlar fonunda tətbiq edilir.
13 yaşdan kiçik uşaqların “ChatGPT”dən istifadəsinə isə icazə verilmir.




