Türkiyənin milli təhsil naziri: Gənclərimizi ortaq hədəflərimiz üçün gələcəyə hazırlayacağıq -MÜSAHİBƏ
Türkiyənin milli təhsil naziri Yusuf Tekin “Azərbaycan müəllimi” qəzetinə müsahibə verib. O, müsahibədə Türkiyə və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın inkişaf istiqamətlərindən danışıb. Həmin müsahibəni təqdim edirik.
- “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlığa dair” sazişə görə, bu gün hər iki ölkə hansı sahələrdə daha effektiv əməkdaşlıq edir?
- Əvvəlcə, iki qardaş ölkənin təhsildəki ortaq təcrübəsini paylamağımıza vasitəçi olduğunuz üçün sizə təşəkkür edirəm. Sualınıza gəldikdə isə bildirim ki, bu gün ibtidai təhsildən ali təhsilə qədər geniş bir çərçivədə birgə hərəkət edirik: Azərbaycanda orta təhsil pilləsində təxminən 2 500 şagirdimizə təhsil xidməti göstərilir, 5 minə yaxın vətəndaşımız ali təhsil alır. Türkiyədə isə təxminən 45 min azərbaycanlı tələbə bakalavriat, magistratura və doktorantura proqramları üzrə oxuyur. Bu mənzərə həm əhatə dairəsi, həm də keyfiyyət üzrə ortaq potensialımızın qarşılıqlı şəkildə gücləndiyini göstərir.
Peşə və texniki təhsil əməkdaşlığımızın strateji tərkib hissələrindən biridir. 2022-ci ildə başlanan “Peşə təhsili müəssisələri arasında müəllim mübadiləsi proqramı və tətbiqi təhsil əməkdaşlığı” çərçivəsində avtomobil texnologiyaları, elektrik-elektronika və informasiya texnologiyaları kimi sahələr üzrə dərs deyən müəllimlərin qarşılıqlı mübadiləsi oldu. Türkiyədən olan mütəxəssis müəllimlər Azərbaycandakı dərslərdə iştirak etdi, azərbaycanlı müəllimlər isə sənaye bölgələrindəki peşə liseylərimizdə təcrübə və müşahidə keçdilər. Kurikulum uyğunluğu üçün ortaq işçi qrupları yaradıldı, emalatxana və laboratoriya tətbiqlərində yaxşı nümunələr paylaşıldı. Bu təcrübələr ortaq standart yaratmaq potensialımızı və insan resurslarımızın hərəkətliliyini real şəkildə artırdı.
“Ortaq modullar hazırlayıb qiymətləndirmə vasitələrini uyğunlaşdırmaq niyyətindəyik”
- Sizcə, hansı sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinə ciddi ehtiyac var?
- Hədəfimiz qarşımızdakı dövrdə əməkdaşlığı daha da möhkəm bir əsas üzərində qurmaqdır. Bakı ilə yanaşı, əhalinin sıx yaşadığı digər şəhərlərdə yeni məktəblər açaraq təhsilə çıxışı genişləndirmək, müəllim mübadiləsini illik təqvimə və ümumi səriştə meyarlarına əsaslanaraq institusional şəkildə formalaşdırmaq, peşə sahələrində ortaq modullar hazırlayıb qiymətləndirmə vasitələrini uyğunlaşdırmaq niyyətindəyik.
“Bakı Türk Anadolu Liseyini və yeni açılmış Əhmədli filialındakı məktəbi təmayüllü liseylərə çevirməyi planlaşdırırıq”
- Bəs planlar nələrdən ibarətdir? Növbəti addımlar müəyyən edilibmi?
- Gələcək planlarımız konkret və proqramlaşdırılmış addımlardan ibarətdir.
Hazırda fəaliyyətini davam etdirən Bakı Türk Anadolu Liseyini və yeni açılmış Əhmədli filialındakı məktəbi ölkəmizdəki təcrübəyə uyğun şəkildə imtahanla şagird qəbul edən təmayüllü liseylərə – təbiət elmləri liseyi, sosial elmlər liseyi və “xüsusi proqram və layihə” statusuna malik təhsil müəssisələrinə çevirməyi planlaşdırırıq. Bununla biz həm akademik nailiyyətləri gücləndirəcək, həm də “Türkiyə Yüzili Maarif Modeli” istiqamətində həyata keçiriləcək proqramlar vasitəsilə şagirdlərimizi bu modelin mahiyyətində duran dəyərlər əsasında yetişdirəcəyik.
Digər tərəfdən, peşə və texniki təhsil üzrə əməkdaşlıq da prioritetlərimiz sırasındadır.
“Türkiyə-Azərbaycan peşə təhsili sahəsində əməkdaşlıq protokoluna dair Əlavə Protokol”u budəfəki səfərimizdə imzaladıq. Bu çərçivədə Azərbaycandakı mövcud iki məktəbin peşə təhsil müəssisəsi kimi təşkil olunması və türk tərəfinin dəstəyi ilə yeni müəssisələrin açılması barədə razılığa gəldik.
Əlavədə yer alan “Peşə təhsili müəssisələri çərçivə təlimatı”na uyğun olaraq, birgə təhsil veriləcək müəssisələrdə reallaşdırılacaq fəaliyyətlərin ümumi çərçivəsini müəyyən etdik. Bu müəssisələrdə informasiya texnologiyaları, qonaqpərvərlik və turizm xidmətləri, mebel və interyer dizaynı, moda dizayn texnologiyaları, qida, xidmət sahələri üzrə təhsil veriləcəyi nəzərdə tutulur.
Son səfərimiz zamanı imzaladığımız əlavə protokolla bu prosesi daha da irəliyə apardıq. Beləliklə, həm akademik, həm də peşə sahəsindəki təcrübələrimizi Azərbaycanla paylaşaraq gənclərimizi ortaq hədəflərimiz istiqamətində gələcəyə hazırlamağa davam edəcəyik.
“Azərbaycanla əməkdaşlığı hər zaman prioritet hesab etmişəm”
- Azərbaycana bu yaxınlarda etdiyiniz səfər iki ölkənin təhsil sahəsindəki əməkdaşlığına, sizcə, necə təsir göstərəcək?
- Bu vəzifənin icrasına başladığım gündən Azərbaycanla təhsil sahəsində əməkdaşlığı hər zaman prioritet hesab etmişəm. Rektor olduğum dövrlərdə olduğu kimi, nazir vəzifəsində də bu qardaşlıq bağlarını gücləndirmək üçün çalışdım. Nazir təyin olunduqdan sonra - 2,5 il ərzində Azərbaycanı üç dəfə ziyarət edərək bu sahədə aparılan ortaq layihələri yerində araşdırma və yeni addımlar üzərində müzakirə etmək imkanı qazandım.
Son səfərimizdə çox məhsuldar görüşlər keçirildi. Azərbaycan elm və təhsil naziri Emin Əmrullayev ilə aparılan müzakirələr nəticəsində “Təhsil sahəsində əməkdaşlıq razılaşmasına Əlavə Protokol” və “Peşə təhsili sahəsində əməkdaşlığa dair protokola Əlavə Protokol” imzalandı.
Bu razılaşmalar həm peşə təhsili müəssisələrimizin gücləndirilməsinə, həm də Bakıdakı türk təhsil müəssisələrinin fiziki infrastruktur ehtiyaclarının ödənilməsinə əhəmiyyətli töhfə verəcək. Eyni zamanda, Azərbaycanın Türkiyədə yaratmağı planlaşdırdığı beynəlxalq xüsusi təhsil müəssisəsi üçün bina ayrılması prosesi də rəsmiləşdirildi. Qarşılıqlı məktəb açılışlarında inzibati koordinasiya və hüquqi dəqiqlik təmin olundu. Beləliklə, iki ölkə arasında əməkdaşlıq daha konkret, miqyaslana bilən, davamlı bir səviyyəyə çatdırıldı.
“Azərbaycan məktəbində ortaq tarix və mədəniyyətimizə əsaslanan keyfiyyətli təhsil mühiti təqdim edəcək”
- Növbəti tədris ilində İstanbulda ilk dəfə Azərbaycan məktəbi fəaliyyətə başlayacaq. Türkiyə dövləti bu məktəbin fəaliyyətinə necə dəstək verəcək?
- Türkiyədə açılacaq ilk Azərbaycan məktəbi iki ölkə arasındakı qardaşlığın simvolu olacaq. Dövlət olaraq, bu müəssisədə ən yaxşı şəraitdə təhsil verilməsini təmin edəcəyik.
Ehtiyacların qarşılanması çərçivəsində torpaq ayrılması da daxil olmaqla fiziki infrastruktura dair bütün lazımi dəstəyi göstərəcəyik. Təhsil proseslərinin nizamlı və sağlam şəkildə həyata keçirilməsi üçün müvafiq dövlət qurumları ilə koordinasiya quraraq məktəbin fəaliyyətini dəstəkləyəcəyik.
Türkiyədə açılacaq bu ilk Azərbaycan məktəbi iki ölkə arasındakı dostluğun güclü bir simvolu olacaq və şagirdlərinə ortaq tarix və mədəniyyətimizə əsaslanan keyfiyyətli təhsil mühiti təqdim edəcək.
- Bu məktəb Azərbaycan dilində təhsil verəcək? Azərbaycan məktəb modelinin Türkiyədə tətbiqi ilə bağlı hər hansı çətinlik ortaya çıxa bilərmi?
- Bu məktəbdə Azərbaycan milli tədris planı tətbiq olunacaq və təhsil Azərbaycan dilində aparılacaq. Ölkəmizdəki digər beynəlxalq məktəblərdə olduğu kimi, bu məktəb də qanunvericilik çərçivəsində nəzərdə tutulmuş hüquq və imkanlardan istifadə edəcək, buna görə də hər hansı çətinlik yaranmayacaq.
5580 saylı “Xüsusi təhsil müəssisələri haqqında” qanununa əsasən, ölkəmizdə xüsusi təhsil müəssisələri türk vətəndaşları və ya hüquqi şəxslər tərəfindən açıla bilər. Qanunun 2-ci maddəsində yalnız xarici vətəndaşların təhsil ala biləcəyi müəssisələr “beynəlxalq xüsusi təhsil müəssisəsi” kimi müəyyənləşdirilib. Bu çərçivədə diplomatik, mədəni və ya digər səbəblərlə ölkəmizdə olan xarici ölkə vətəndaşlarının uşaqları üçün beynəlxalq xüsusi məktəblər açmaq mümkündür.
Qanunun 5-ci maddəsi və müvafiq qaydalar bu müəssisələrin açılışı, tədris proqramları, işçi heyətinin təyinatı və nəzarət prinsiplərini ətraflı şəkildə tənzimləyir. Beynəlxalq məktəblərdə təhsil fəaliyyətləri türk dövlətinin bütövlüyünə və milli dəyərlərə zidd olmamalıdır. Bundan əlavə, bu müəssisələrdə tətbiq olunacaq proqramlar məktəb idarəsi tərəfindən hazırlanıb nazirliyin təsdiqinə təqdim edilir.
Bu çərçivədə Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının uşaqları üçün yalnız xarici vətəndaşların təhsil ala biləcəyi, Azərbaycan tədris proqramının tətbiq olunduğu, Azərbaycan dilində təhsil verilən və Azərbaycan diplomu ilə məzun olmaq imkanı verən beynəlxalq məktəb açmaq qanunvericilik tələblərinin yerinə yetirilməsi şərti ilə mümkün olacaq.
“Qarabağda bütün təhsil layihələrinə dəstək verməyə hazırıq”
- Türkiyə Qarabağ bölgəsində təhsil infrastrukturunun inkişafına necə dəstək verir?
- Qarabağ bölgəsində Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində bütün təhsil növləri və pillələri üzrə planlaşdırılan layihələrə dəstək verməyə hazırıq.
“Mübadilə proqramlarını daha da çeşidli etməyi nəzərdə tuturuq”
- Şagird, tələbə və müəllim mübadilə proqramları ilə bağlı hansı yeniliklər planlaşdırılır?
- Hazırda peşə təhsili sahəsindəki əməkdaşlıq çərçivəsində qarşılıqlı müəllim və şagird mübadilə proqramlarımız davam edir. Bundan əlavə, ali təhsil səviyyəsində də bakalavr tələbələri və akademik heyət üçün mübadilə proqramları həyata keçirilir. Gələcəkdə bu proqramları daha da çeşidli edərək iki ölkənin təhsil müəssisələri arasında əlaqəni gücləndirməyi nəzərdə tuturuq.
“Peşə təhsili üzrə əməkdaşlıq konkret addımlarla irəliləyir”
- Peşə təhsili sahəsində iki ölkə arasındakı əməkdaşlıq hansı istiqamətlərdə inkişaf etdirilir?
- Türkiyə və Azərbaycan arasında peşə və texniki təhsil sahəsində institusional əməkdaşlıq mövcuddur. Protokollarla çərçivəsi müəyyən edilən bu əməkdaşlıq məktəblərin uyğunlaşmalarından proqram inkişafı və müəllim təlimlərinə qədər olan konkret addımlarla irəliləyir.
Əvvəlcə qardaş məktəb modeli tətbiq edildi: Baş İdarəmizə bağlı 16 peşə və texniki təhsil müəssisəsi Azərbaycan tərəfdaşları ilə uyğunlaşdırıldı. 19 fevral 2021-ci il tarixli “Peşə təhsili sahəsində əməkdaşlığa dair protokol” bu koordinasiyanı davamlı bir baza üzərinə qoydu.
2021-ci ilin noyabrında informasiya texnologiyaları, mebel və interyer dizaynı, qonaqpərvərlik və turizm xidmətləri, qida-xidmət sahələrinin həftəlik dərs cədvəlləri hazırlanıb Azərbaycan tərəfinə təqdim edildi. 22-24 iyun 2022-ci ildə Bakı və Qəbələdə sahə ziyarətləri aparılaraq atelye və laboratoriyaların qurulması üçün texniki tövsiyələr verildi. 29 may–2 iyun 2023-cü ildə Azərbaycanda keçirilən seminar çərçivəsində bu sahələr üçün tədris proqramları tamamlandı; eyni dövrdə Baş İdarəmizin rəhbərliyindəki heyət proqram inkişafı təqdimatları etdi və açılması planlaşdırılan məktəbləri yerində yoxladı.
Müəllim təlimləri də əməkdaşlığımızın mərkəzindədir. 2021-ci il oktyabr- 2023-cü il iyun aylarında 97, 2024-cü il noyabr- 2025-ci il iyul aylarında isə 67 azərbaycanlı atelye və laboratoriya müəlliminə Türkiyədə təlimlər keçirildi.
Son səfərimizdə hörmətli nazir Emin Əmrullayev ilə peşə təhsili gündəmini müzakirə etdik, Qarabağ Universitetində imzalanan əlavə protokol ilə əməkdaşlığı dərinləşdirdik. Beləliklə, məktəb uyğunlaşmaları, proqram və dərslik işləri, müəllim təlimləri və infrastruktur hazırlıqları ilə bağlı əməkdaşlıq tam şəkildə irəliləyir, protokollarla dəstəklənən bu proses iki ölkənin peşə və texniki təhsil imkanlarına birbaşa töhfə verir.
“Ortaq proqramların hazırlanması imkanları artırılıb”
- Təhsil sahəsində ortaq proqramların hazırlanması və tətbiqi ilə bağlı hansı layihələr həyata keçirilir?
- 19 fevral 2021-ci il tarixində imzalanan “Türkiyə və Azərbaycan hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində Azərbaycandan gələn müxtəlif səviyyəli təhsil işçiləri üçün xidmət üzrə təlim seminarları təşkil edildi. İlk təlim 2021-ci ilin oktyabrında İstanbul və İzmirdə 31 nəfərə, ikincisi 2022-ci ilin oktyabrında Ankara, Antalya, Bursa, İstanbul və İzmirdə 36 nəfərə, üçüncüsü 2023-cü ilin may-iyun aylarında Antalya, Bursa, İzmir və İstanbulda 40 nəfərə keçirildi.
Dördüncü proqram çərçivəsində Azərbaycanın peşə təhsili mərkəzlərindən olan 51 nəfər İzmir, İstanbul, Ankara, Antalya və Bursa şəhərlərində iki həftəlik praktik təlim keçdi. Təlimlər Ankara (10-21 fevral 2025), Antalya və Bursa (7-18 aprel 2025), Bursa (5-16 may 2025), İstanbul (4-18 may 2025) və İzmir (30 iyun–16 iyul 2025) tarixləri arasında uğurla tamamlandı.
Bu proqramlarla yanaşı, iki ölkənin təhsil müəssisələri arasında ortaq məzmunların hazırlanması, dərsliklərin uyğunluğunun təmin edilməsi və peşə sahələrində təcrübə paylaşımı kimi layihələr həyata keçirildi. Beləliklə, ortaq proqramların hazırlanması imkanları artırılıb.
“Bu məsələlər yalnız Azərbaycan üçün deyil, dünyanın bütün təhsil sistemləri üçün ortaq gündəmdir”
- Sizcə, Azərbaycan və Türkiyə arasında təhsil sahəsində daha hansı mövzular müzakirə edilməlidir?
- İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq artıq güclü bir bazaya malikdir. Bu gün masaya qoyulması vacib olan əsas məsələlər məktəb ilə iş dünyası arasında bacarıq uyğunluğunun gücləndirilməsi, rəqəmsal alətlərin dərslərdə düzgün və təhlükəsiz tətbiqi, təhsildə süni intellekt texnologiyalarının səmərəli, etik və təhlükəsiz şəkildə istifadəsi, müəllimlərin yeni metod və texnologiyalara çıxışının təmin olunması, peşə proqramlarının iş imkanları ilə nəticələnməsi, ali təhsildə diplom tanınması və keyfiyyət təminatı ilə akademik dürüstlüyün qorunması, iki ölkənin türk dili arasında terminoloji uyğunluğun təmin edilməsi, xüsusi qayğıya ehtiyac duyan şagirdlər üçün inklüziv tədbirlərin hazırlanması və fəlakət və böhran dövrlərində təhsilin davamlılığıdır. Bu çərçivədə, xüsusilə süni intellekt əsaslı öyrənmə texnologiyaları sahəsində Türkiyə olaraq son dövrdə mühüm addımlar atdıq. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ilə birlikdə təqdim etdiyimiz “Təhsildə Süni İntellekt üzrə Siyasət Sənədi (2025–2029)” bu sahədəki yanaşmamızı ortaya qoydu. Sənəd ilə müəllim təlimindən qiymətləndirməyə, öyrənmə analitikasından məlumat təhlükəsizliyinə qədər olan geniş çərçivədə süni intellektin təhsilə inteqrasiyası planlaşdırıldı.
Bu baxışı dəstəkləyən institusional qaydaları da hazırladıq və “Süni intellekt tətbiqləri üzrə etika qaydaları” sənədi ilə bütün layihələrimizin etik çərçivədə həyata keçirilməsini təmin etdik, həmçinin “Süni intellekt etikası üzrə tövsiyələr” adlı vəsait vasitəsilə müəllimlərə, rəhbərlərə yol göstərəcək etik prinsipləri ictimaiyyətlə bölüşdük.
Nazirlik olaraq texnoloji inkişafları təhsilə inteqrasiya etməyə xüsusi diqqət yetiririk. Bu sahədə infrastruktur gücləndirilir, şagird və müəllimlər üçün texnologiyanın inkişafına yönəlmiş fəaliyyətlər həyata keçirilir. Təhsil texnologiyaları sürətlə inkişaf edir. Biz də bu inkişafı yaxından izləyərkən insani və mədəni dəyərləri unutmamağa diqqət edirik.
Bütün bu məsələlər yalnız Azərbaycan və Türkiyə üçün deyil, demək olar ki, dünyanın bütün təhsil sistemlərinin ortaq gündəmidir. Buna görə də gələcəkdə bu mövzularda birlikdə atacağımız konkret addımlar təhsil əməkdaşlığımızı daha mənalı və davamlı edəcək.



