“Yuxarı siniflərdə valideynlərin məktəblə əlaqəsi azalır” – Sədr
“Valideyn bəzən zəng edir ki, mənim oğlumun şəkli yaxşı düşməyib və ya bu gün niyə birinci sırada oturmayıb. Əslində, valideynlərin bu düşüncədə olması və müəllimə bu cür tələblərlə zəng edib nəsə deməsi yanlışdır və bu, müəyyən qədər də müəllimin özündən asılıdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Azərbaycan Gənc Müəllimləri Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova Təhsil TV-nin efirində yayımlanan “Təhsil saatı” verilişində səsləndirib.
P.Qədimova söyləyib ki, valideynlərə bu kimi məsələlərlə bağlı əvvəlcədən məlumat verilməlidir: “İlk valideyn iclası zamanı, ümumiyyətlə, il ərzində keçirilən valideyn iclaslarında bu barədə məlumat verilməlidir. Amma burada təkcə hər şey müəllimin üzərinə düşmür. Bu məsələ direktor–direktor müavini səviyyəsində də valideynlərə məlumat olaraq çatdırılmalıdır. Hətta bununla bağlı düşünürük ki, il ərzində valideynlərin maarifləndirilməsi üçün TEDx çıxışları formatında, ümumilikdə, maarifləndirici görüşlər keçirilsin. Çünki valideynlər həqiqətən də bəzən elə düşünürlər ki, uşağı məktəbə göndərdik və bununla da işimiz bitdi, artıq heç bir iş görməməliyik. İbtidai siniflərdə valideynin məktəblə daha sıx əlaqəsi olur. Yəni valideynin övladı ilə maraqlanması, məktəbə davamlı şəkildə gəlib-getməsi bu mərhələdə daha çox müşahidə olunur. Amma yuxarı siniflərdə - beşinci sinifdən sonra bu nəzarət azalır”.
O bildirib ki, nəzarətin azalması fonunda şagirdlərin bir hissəsinin maraqları da dəyişə bilər, onların başqa istiqamətlərə marağı arta bilər, müəyyən sosial mühitlərə düşə bilərlər və həmin mühitlərdən zərərli vərdişlər də götürə bilərlər: “Bu zaman valideynin düşüncəsində belə bir fikir formalaşır ki, mən övladımı məktəbə təhvil vermişəm və bundan sonrakı proseslərin hamısı məktəbin üzərinə düşür. Əsas tərbiyə vəzifəsini daşıyan müəllimdir və mən hər şeyi ondan tələb edəcəyəm. Bu, tamamilə yanlış yanaşmadır. Nəzərə almaq lazımdır ki, valideyn, müəllim və şagird — bu üçbucaq birlikdə fəaliyyət göstərməlidir. Əgər valideyn özünü kənara çəkərsə və tərbiyə baxımından bütün yük yalnız müəllimin üzərinə düşərsə, bu, birtərəfli olacaq və effektiv nəticə verməyəcək”.



