Zəngilanın gələcəyi məktəblərdə qoyulur 

20 Oktyabr, 2026 - 09:45
Zəngilanın gələcəyi məktəblərdə qoyulur 

Vətən müharibəsinin 24-cü günü - 20 oktyabr Zəngilan şəhəri və onun qəsəbə və kəndləri 30 ilə yaxın həsrətdən sonra azadlığına qovuşdu. Bu azadlıq “Böyük Qayıdış” üçün atılan daha böyük bir addım idi. 2020-ci ilin dekabrın 23-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Zəngilan şəhərində üçrəngli bayrağımızı ucaltdı. Ölkə başçısının şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncamları  Şanlı Qələbəmizdə bir neçə tarixi günü əbədiləşdirdi. 20 oktyabr da məhz  Azərbaycanda rəsmi olaraq Zəngilan Şəhəri Günü kimi qeyd olunur. 


İşğaldan azad edilən digər regionlar kimi Zəngilanda da bərpa-quruculuq işləri sürətlə davam edir, ərazilər minalardan təmizlənir, həyata keçirilən layihələr regionun inkişafına xidmət edir. Sakinlər mərhələli şəkildə doğma yurdlarına köçürülür. 

Bu gün azad edilmiş Zəngilana həyat yenidən qayıdıb. Məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı bu rayonla başladı. Zəngilan dinc həyatın, bərpanın, eləcə də təhsilin yenidən bərpası üçün başlanğıc nöqtəsi oldu. 

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Zəngilan rayonu üzrə ümumilikdə 23 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir və bu təhsil ocaqları respublikanın müxtəlif şəhər və rayonlarında yerləşib. Belə ki, təhsil ocaqlarının 14-ü Bakı şəhərində, 5-i Sumqayıtda, 2-si Abşeron rayonunda, 1-i Şirvanda və 1-i azad olunmuş Zəngilanın yenidən qurulan Ağalı kəndində yerləşir. Rayon üzrə  təhsil müəssisələrində 3713 şagird təhsil alır, 119 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub, 237-si isə birinci sinfə başlayıb. 

2026-cı ildə IX sinfi bitirən 483 nəfərdən 479-u  buraxılış imtahanında iştirak edib, onların ortalama balı 120 olub. Bu nəticə üzrə Zəngilan rayonu region üzrə ikinci yerdə qərarlaşıb. 18 nəfər ümumi orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatı alıb. XI sinif nəticələrinə görə isə rayon region üzrə 3-cü yerdə qərarlaşıb. Ali təhsil müəssisələrinə sənəd verən məzunlar 64% uğurlu nəticə göstərərək tələbə adını qazanıblar. 

Ən qürurlu məqamlardan biri də tələbə adını qazananlar sırasında azad olunmuş Zəngilanda fəaliyyətə başlayan Ağalı məktəbinin məzunlarının da olmasıdır. 

"Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış və 15 sentyabr 2022-ci ildə fəaliyyətə başlamış Ağalı kənd tam orta məktəbi ilə işğaldan azad edilmiş ərazilərdə 29 ildən sonra ilk dəfə ilk zəng çalınıb. Təhsilin ilk carçılarından olan ümumtəhsil müəssisəsində cari tədris ilində 339 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 27 müəllim məşğul olur. 2026-cı ildə məktəbin 7 məzunundan  3-ü  ali, 1-i  isə orta ixtisas təhsil müəssisəsinə qəbul olunub.

Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesində təhsil ocaqlarının ən son standartlarla, müasir texnologiyalarla təchizi bu ərazilərdə dirçələn təhsil deməkdir. Gələcəyə inamlı addım deməkdir.

Azad edilmiş Zəngilanın təhsil yolu isə Ağalıdan başlayır. Viran qalmış yurdu şagirdlərinin, sakinlərinin səsi dirçəldir. Bu səslər həm də əbədi yaşayacaq, yaradacaq, quracaq gəncliyin, gələcəyin səsi, dirçəlişidir.

Doğma sakinlərinlə qarşıladığın azadlığın mübarək Zəngilan! Qayıdışın mübarək!

Zəngilanın gələcəyi məktəblərdə qoyulur